Dünyada hər 20 saniyədə bir adam özünü öldürür, hər 2 saniyədə bir insan isə intihara uğursuz cəhd edir.İntihar, bir qayda olaraq, ümidsizlikdən, etiraz əlaməti kimi, şəxsi şərəf hissinin qorunması naminə, ağlın qarışması nəticəsində, ağrıya dözməmək üzündən və ya qisasdan qorxmaq üzündən baş verir.
Əsas «risk amili» kimi yoxsulluq, işsizlik, yaxınların itirilməsi, ailə münasibətlərində problemlər göstərilir.
Ancaq çox hallarda intiharların səbəbi qaranlıq qalır. Hələ də aydın olmayan səbəblər üzündən kişilər qadınlardan 4 dəfə çox özlərini öldürürlər. Ancaq qadınlar iki-üç dəfə daha çox intihara cəhd edirlər.
Ölkəmizdə də son illər demək olar ki, intiharların sayı artıb. Gənc psixoloq Vəfa Əkbər intiharlarla bağlı Medianews.az saytına maraqlı açıqlamar verib.
-İnsanın İntihar vasitəsini seçməsi, onun hansı dərəcədə bezməsini ifadə edirmi?
-Can şirin şeydi… Candan keçmək üçün nə qədər bezmək lazımdır. Səbəblər müxtəlif ola bilər. Dünyada nə qədər insan varsa hamısı ayrılıqda bir psixikaya malikdir. Hər kəsin oxşarları var, lakin fərd olaraq tamam ayrı xüsusiyyətlərə malikdirlər.
İnsan intihar vasitələrini seçərkən eşitdiyi və bildiyi şeyə daha çox əl atar. Bir insanın bu vəziyyətə çatması təkcə onun psixikasının zəifliyindən və ya güclü olmasından asılı deyil. Bir şəxsi nə qədər bezdirmək lazımdır ki, o artıq özünü yararsız hesab edib, intihar həddinə çatsın. İntihar etmək istəyən insanlar elə düşünürlər ki, həyat uğrunda maksimum güclərini qoyub mübarizə aparıblar. Həyatda sadəcə uğursuzluqlarla qarşılaşanlar çıxış yolunu intiharda görürlər. Lakin həyat uğrunda mübarizənin doğru və yanlış yolları var.
Biz gedib-gəlib divara özümüzü çırpsaq ki, burda nə vaxtsa qapı olacaq, demək, bu qapını açıb keçəcəyik.
Əlbəttə ki, bizdə sinir sistemi qalmaz, tamamən taqətdən düşərik. İnsanlar da dəfələrlə eyni divara başını vurmaqla çıxış yolu axtarırlar.
Düşünmürlər əgər 4 divardırsa bunun mütləq birində qapı var. Əgər biri açılmırsa, o birinə getmək lazımdır. Başqa tərəfdən düşünmək lazımdır, həyata başqa prizmadan baxmaq lazımdır.
Çox vaxt intiharların substansiyası bu məqamlar olur: natamam yarı yolda qalmış arzular.
Biz arzularımıza doğru gedirik , son anda nə isə baş verir və biz yoldan dönürük. Bunlara dözə bilən və dözə bilməyən insanlar var. İnsan var on təşəbbüsə dözür, insan da var iki təşəbbüsə belə dözə bilmir, özünün uğursuz biri olduğunu düşünür, doğru yolu dünyadan köçməkdə görür.
Biz həyata gəlmişiksə, yaşayırıqsa demək güclüyük. Ən azından insan bunu düşünməlidir. Bunu bacara bilmiriksə məsləhətçilər var, psixoloji konsultasiya mərkəzləri var.
Gəncləri intihara sürükləyən əsasən hansı səbəblərdir ?
Gənclər hər bir cəhətdən biri-birindən tamamilə fərqlənirlər. Əgər ailədə dəstək varsa, o uşaq intihar etməz. Ən başlıca səbəb ailə basqısı, uşağa qoyulan sərhədlərdir. Qadağan olunumuş meyvə şirin olur. Ailədə də belə olur. Qadağan olunduqca istək və valideynə nifrət artır. Uşaq sevdiyi insanlara nifrət etdiyi üçün özünə də nifrət edir. Bu da intihara gətirib çıxarır.
Valideynlər övladlarına müxtəlif yolla təzyiq edir. İlk halda uşaqların seçiminə valideynlərin bilavasitə qarışması yanlışdır. Əsas məsələlərdən biri də gənclərin valideynə görə doğru qadını “seçməməsi”dir. Valideynlər onun üçün artıq kiminləsə həyat planlaşdırıb. Bu halda ən pik nöqtə intihara təşəbbüs ola bilər ki valideynləri cəzalandırsın. Valideynlər də onun seçimlərinə hörmət etsinlər və razılaşsınlar.
Gənclərin intiharına başqa bir səbəb isə həmcinslərin bir birinin sevməsidir. Qızın qızı sevməsi (lezbiyanlıq), oğlanın oğlanı sevməsi (geylik) kimi.
Bu hallarda intihara təşəbbüs də olur, intihar da. Çünki, bu vəziyyəti valideynlər birmənalı olaraq qəbul etmir.
Mən bir neçə valideynlə işləmişəm. Onların ifadə etdiyi bir cümlə var: “ya sən düzələcəksən, ya da ölsən yaxşıdır” .
Və bunu uşaqların beyninə yeridirlər.Davamlı basqılar edirlər hətta şiddətə belə əl atırlar. Şiddət olduğu zaman gənclər valideynə daha çox nifrət edirlər. Öz fikirlərində nə qədər doğru olduqlarını özlərinə təlqin edirlər.
-Azərbaycanda ailə psixoloqlarının olması vacibdirmi?
Bu məsələ 10-15 il əvvəl keçərli deyildi. Çünki, əvvəllər tamam başqa bir təfəkkür, başqa insanlar idi. İndi texnologiya inkişaf edir. Bu ifadə bəzən insanları qıcıqlandırır ki, “texnologiya inkişaf edir” nə deməkdir. Texnologiyanın inkişafı təfəkkürün inkişafı deməkdir. Texnologiyanı yaradan insandır.
Valideyn üçün övladı daima uşaqdır. Ata-oğul , Ana -qız problemi həmişə olub. Bu problemlər daima böyüyür. Valideynlər elə düşünür ki, uşaqlar doğru yöndə böyümürlər. Amma onlar öz həyatlarının nəbzini tutmağı bacarırlar. Bu səbəbdən də ailə məsləhətçisi lazımdır.Doğru psixoloq seçsələr ailədə birlik, həmrəylik davam edər.
Sevindirici haldır ki, son 3-4 ildə ailələrin müraciəti artıb.
-İntihar zamanı hadisə yerinə yığılan kütlənin təsiri mənfi yoxsa müsbət olur?
İntihar zamanı qırağdan baxan insanlar özləri belə hiss etmədən qorxurlar. Hər kəs bir cür yanaşır. Telefona çəkən bilir ki, onu xilas edə bilməyəcək ona görə, onu videoya qeydə alır, kimin əlindən nə gəlirsə onu edir. Həmişə qəhrəman bir nəfər olur.
Ümumiyyətlə ən asan işlərdən biri kimisə qınamaq, səhvini tapmaqdır. Sinirləri tarama çəkilmiş bir insanı görəndə, “dəlidir” , “başı çatmır” , “bədbəxtdir” kimi ifadələri demək çox asandı. Cəmiyyətdə mənfi də var, müsbət də. Özündən asılı olmayaraq insan başqa birinin xoşbəxtliyini görəndə sevinir. Çünki hər bir insanın daxilində insanlıq var.
İnsan sevgisi olmayan insan heç özünü də sevə bilməz. Əgər bu gün yaşayırıqsa demək ki, bizim içimizdə insan sevgisi var.
Turan Oruc
Medianews.az