Anası şahzadə Diananı paparassilərdən qaçarkən keçirdiyi avtomobil qəzası səbəbindən itirən Böyük Britaniya şahzadəsi Uilyamla xanımı Keyt uşaqları üçün təşviş içindədirlər.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Kembric hersoginyası Keyt Midlton media qurumlarına açıq məktub göndərərək “fotoqrafların uşaqlarının arxasınca düşməməsini” istəyib.
Bu tələbin meydana çıxmasının əsas səbəblərindən biri də bu yaxınlarda balaca şahzadə Corcu görüntüləmək istəyən paparassinin avtomobilin baqajında gizlənməsinin öyrənilməsidir. Məhz bu hadisədən sonra Uilyamla Keyt KİV nümayəndələrinə xəbərdarlıq məktubu yazmaq qərarına gəliblər. Məktubda kimliyindən asılı olmayaraq, hər bir uşağın təhlükəsiz, xoşbəxt və məhrəm həyata sahib olmaq hüququ xatırladılıb.
Kral ailəsi Corcla yanaşı, bəhs edilən qadağanın qızları Şarlotta üçün də keçərli olduğunu bildirib. Kensinqton sarayı rəsmi Tvitter səhifəsində də bununla bağlı xəbərdarlıqlar yayıb. Mesajlarda Uilyamla Keytin uşaqlarını qapalı mühitdə böyütmək istəmədikləri, lakin bununla belə, onların təhlükəsizliyindən narahat olduqları bildirilib.
Xatırladaq ki, Uilyamın anası Diana 1997-ci ildə Parisdə sevgilisi Dodi El Fayedlə görüntülənməmək üçün paparassilərdən qaçarkən avtomobil qəzasına düşmüş, onun həyatını xilas etmək mümkün olmamışdı. Şahzadə Diana vəfat edəndə 36, oğlanları Uilyam 15, Harri isə 13 yaşında idi.
http://s019.radikal.ru/i644/1508/27/de91668af5fd.jpg
http://s013.radikal.ru/i324/1508/d0/7896ee13c201.jpg
http://s017.radikal.ru/i423/1508/c1/5580a713421d.jpg