“Otaqda gəzişən Celsomino üç burnu olan adamın portreti önündə dayandı. Bu portretə Axsaq Pişik də heyrətlənmişdi.
Bu kimdir? – Celsomino soruşdu.
Çox tanınmış saray əyanıdır.
Nə xoşbəxtdir! Üç burunla o, yəqin dünyanın bütün qoxularını üç dəfə güclü hiss edir.”
(Canni Rodari, “Celsomino yalançılar ölkəsində”)
Yapistlərin jurnalist Xədicə İsmayıla qarşı irəli sürdüyü ittihamlar yağışdan sonrakı göbələklər kimi prokurorluğun bağçasında bitir. Kefləri nə istəsə, aparatdan hansı “zakaz” gəlsə onu da yazırlar. Örnək üçün, bir ittihama görə Xədicə xanım “Beynəlxalq Bank”dan ABŞ radiosunun pullarını çıxarıb yeyibdir. Buna görə ilk növbədə ABŞ narahat olmalıdır, amma ittihamın yalan olduğunu Azadlıq Radiosu çoxdan elan edib.
Amma bununla işimiz yoxdur. Ən gülməlisi odur ki, həmin bankda Xədicə İsmayılın adına ümumiyyətlə hesab olmayıb. Bir adam bankdan adına olmayan hesabdan necə pul çıxara bilər? Məntiqlə, Xədicə xanım ya ünlü xakerdir, biz bilməmişik, ya da Hacı İbrahim kimi adamdır. Hardasa “Azadlıq adaları” projesi işləyirmiş. Orda jurnalistlərə ev verəcəkmiş. Nə biləsən… Hakimiyyətin milli mentalitetimizə hörməti o qədər çoxdur ki, dünyada baş verən və vermək ehtimalı olan bütün kriminal olayları Leyla Yunus və Xədicə İsmayıl kimi iki qadının zərif çiyinlərinə yükləmişdir. O cümlədən, avtobusda qadına yer verməsi ilə öyünən bəzi dılğır azərbaycanlılar da bu iki qadına qarşı repressiyalar mövzusundan söz düşəndə gölməçəsinə daş atılmış qurbağa balası kimi susurlar.
Bayaq hörmətli İbrahim müəllimin adını çəkdim, bank sektoruna yaxın bir şəxsdən aldığım xəbərə görə bu adamın öz avantürist, gülməli ada projesinə Beynəlxalq Bankdan aldığı kredit, sən demə, 1 milyard 680 milyon dollar imiş! Bəlkə bu fantastik məbləğə görə İbrahim müəllimi tez-tez “bankotdel”in divanına çəkirlər? Hər halda, bir avantüristin bu qədər dövlət pulunu ələ keçirmək imkanlarının olması Azərbaycanda dövlətçiliyin, iqtisadi sistemin nə cür bərbad durumda olduğunu da göstərir. Elə bil bank yox, divar dibi siçan yuvası ilə dolu taxıl anbarı imiş, hərə bir yandan sökürmüş. Üstəlik, bütün yapizm dövründə maliyyə fırıldağında qanunsuz suçlanan müxalifətçilərin “oğurladığı” məbləğ heç bunun yüzdə biri qədər olmaz. Bəs bunlar öz adlarını başqalarına niyə qoyurdular?
Ancaq bizim haqqımızda xaricdə də maraqlı təsəvvürlər yaranmışdır. Türkiyənin “Onedio” adlı əyləncəli portalı Anadolu türklərinə “Azərbaycana getməyiniz üçün 20 səbəb” adlı anekdotvari bir yazı dərc edib. Oxuyursan, düşünürsən görəsən bunlar hansı Azərbaycandan bəhs edirlər. Yazının bəzi “səbəblərinə” hətta AzTV kimi dahi gop maşını da həsəd aparardı. Örnək üçün, yazıblar ki, Azərbaycan sakit istirahət yeridir, təhsil səviyyəsi yüksəkdir, əhalinin gəlirləri isə bərabərdir! Guya bizdə doqquz iqlim qurşağı varmış. Guya bizdə varlı və kasıb təbəqələri yoxmuş. Hamı orta sinif imiş. Məncə, bunu “AzTV İbrahim”ə göstərməyin – yazıqdır, heyrətdən düzgün adam olar, acından ölər.
Yaxud biz Xəzər üzünə hasarlardan həsrətik, bunlar isə yazıblar: “Göl və dəniz adı dartışılan Xəzəri, dünyada ən kiçik suiti olan Xəzər suitisini görəcəksiniz”. Əlbəttə, biz özümüz tez-tez Xəzər suitisini görürük. Bulvarda hürürlər. Zarafat edirəm. Turistlər istəsələr Xəzərin fırtınalı vaxtlarında bəzi yerlərdə sahilə atılan suiti cəmdəkləri göstərmək olar. Şəxsən mən Xəzər suitisinin ancaq ölüsünü görmüşəm. Qismətimiz budur, neyləyək.
Yazının “Keyfiyyətli musiqi deyiləndə ağıla gələn ilk ölkələrdən biri Azərbaycandır” cümləsi isə böyük ehtimalla Üzeyirlə Manafı nəzərdə tutur.
Bu yaxında bir amerikalı alim Naxçıvana gəlmişdi, oradakı vəziyyəti tərifləyən açıqlama vermişdi. Xəbərim yox idi, oxuculardan biri mənə yazmışdı. Qeyd eləmişdi ki, sən canın bunun soyadına diqqət elə. Amerikalı alimin soyadı… Gopçu idi.