“Qarabağ”ın kapitanı Rəşad Sadıqov sport7.az-a müsahibə verib. Müsahibəni təqdim edirik.
– Premyer Liqanın ilk turunda “Qəbələ”yə qarşı keçirdiyiniz qarşılaşma yetərincə maraqlı alındı. 4 qolun qeydə alındığı matçla bağlı fikirlərinizi bilmək maraqlı olardı…
– Gözəl oyun oldu. Hər iki komanda Avropa Liqasının pley-off mərhələsindədi. Bir-birinə layiqli rəqiblərdi. İstər biz, istərsə də “Qəbələ” yeni mövsümdə çempionluğa oynayır. Qarşılaşmada qırmızı vərəqə, penalti, 4 qol qeydə alındı. Təəssüflər olsun ki, mənim səhvimdən xal itirdik. Bu da çox üzücüdü. Qəbələdən 3 xalla ayrılsaydıq, yaxşı nəticə əldə etmiş olacaqdıq.
– 2:2 hesablı heç-heçəni ədalətli nəticə hesab etmək olarmı?
– Açıq futbol oynanıldı. 2:2-dən sonra qol vurmaq üçün yenə şanslarımız oldu. Çoxsaylı qol imkanlarımız var idi. Ən yaxşı oyunlarımızdan birinin keçirdiyimizi düşünürəm. Rəqib də yaxşı çıxış etdi. “Qəbələ”yə nisbətən oyuna hazırlaşmaq üçün bizim daha çox vaxtımız var idi. “Qırmızı-qaralar”da ikinci hissədə yorğunluq hiss olunurdu. Oyundan əvvəl mənə “heç-heçə olsaydı, yaxşı olardı” desəydilər, nəticəyə razı olardım. Ancaq hesabda irəlidə olduğun anda bunu əldən vermək bir qədər üzücü oldu.
– Rəqib komandanın düşərgəsində ab-hava elə də yaxşı deyil. Yəqin ki, məlum məsələlərdən siz də xəbərdarsız. Təcrübəli oyunçu, Azərbaycan futbolunun aparıcı futbolçularından biri kimi məsələ ilə bağlı nə deyə bilərsiz? Ümumiyyətlə, belə durumlarda futbolçular necə rəftar etməlidi?
– Ümumiyyətlə, çox həssas bir andı. Məsələyə tam aydınlıq gəlməmiş fikir bildirmək istəmirəm. Amma çox üzücü oldu. Deməyə söz tapmıram. Məsələyə aydınlıq gəldikdən sonra daha geniş açıqlama verəcəm.
– Avroliqanın pley-off mərhələsində rəqibiniz İsveçrə “Yanq Boyz”u olacaq. Rəqib barədə fikirləriniz nədən ibarətdi? Nəzərə alaq ki, İsveçrə klubunun baş məşqçisi Uli Forte də komandadan uzaqlaşdırılıb. Şansları necə dəyərləndirirsiz?
– Rəqibimiz təcrübəli komandadı. Avroliqada təcrübəsi yetərincədi. Bizi çətin və ağır oyun gözləyir. Bilirsiz ki, bu mərhələdə asan rəqib olmur. Biz də əlimizdən gələni edəcəyik. “Yanq Boyz”la məqsədlərimiz eynidi, onlar da bizim kimi qruplara qalmaq istəyir. İlk oyundan çox şey asıldı.
– Püşkatma zamanı potensial rəqibləriniz arasında daha güclüləri də var idi. “Yanq Boyz”u bir qədər asab rəqib hesab etmək olarmı?
– Bilirsiz necədi? Bundan zəifi də var, güclüsü də. Çempionlar Liqasında “Seltik”in yerinə bizə “Milsami” də düşə bilərdi. Amma bu, baş vermədi. Deməli, qismət belə imiş. Halbuki, 5 potensial rəqibdən biri də Moldova klubu idi. Onsuz da bizə çətin rəqib düşəcəyinə adət etmişik. Buna görə də, rəqibimiz “Yanq Boyz”dusa, elə onlara qarşı da oynayacağıq.