Azərbaycan əsilli yəhudi oliqarxlar Qod Nisanov və Zarah İliyevin (“İlham Putinka”nın biznes ortaqları) avqustun 4-də Moskvada Ümumittifaq Sərgi Kompleksinin ərazisində prezident Vladimir Putinin iştirakı ilə açılışını etdikləri okeanarium əslində qanunsuz tikili olub.
Virtualaz.org saytı xəbər verir ki, bu haqda Moskvada fəaliyyət göstərən “Arxnadzor” ictimai birliyinin koordinatoru İrina Trubetskaya bildirib.
Azərbaycan əsilli oliqarxların inşa etdikləri okeanariuma “Moskvarium” adı verilib. Milyarderlər avqustun 4-də onu Putinə fəxrlə nümayiş etdiriblər. Açılış mərasimində Putini onun tələbəlik dostu İlham Rəhimov, Rəhimovun biznes-kompanyonu Qod Nisanov, mer Sergey Sobyanin, habelə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu müşayiət ediblər.
Əslində isə məlum olub ki, obyekt heç bir icazə sənədi olmadan inşa edilib. Okeanarium 2012-ci ildə sökülən istixana kompleksi pavilyonunun yerində tikilib.
Qanunlara görə, arxitektura abidələrinin mühafizə zonasındakı tikililərin sökülməsinə xüsusi komissiya icazə verir. Lakin obyektin sökülməsini heç kim komissiyaya təqdim etməyib, günlərin birində onu söküblər və yerində tikinti işlərinə başlayıblar. Tikintiyə isə heç bir orqan tərəfindən rəsmi icazə verilməyib.
“Arxnadzor” bildirir ki, icazə ancaq tikintinin başa çatmasından sonra – 2015-ci ilin iyulunda verilib. Qanunsuz tikili ilə bağlı şikayətlərə isə hakimiyyət orqanları məhəl qoymayıb.
Təşkilat prokurorluq da daxil olmaqla bütün orqanlara şikayət edib, ancaq həmin orqanlar şikayəti bir-birlərinə ötürməklə başdan ediblər.
Tikintinin sifarişçisi Aleksey Mikuşkonun başçılıq etdiyi və sərgi mərkəzinin dirçəldilməsi layihəsi üçün yaradılmış şirkətdir. Həmin Mikuşko Nisanov, İliyev və İlham Rəhimovun sahibi olduqları “Ukrayna” otelinin keçmiş direktorudur.
Azərbaycan əsilli oliqarxlar sərgi mərkəzini dirçəltmək üçün ora 1,5 milyard dollar investisiya yatırmağı vəd ediblər və onun rəhbərliyinə öz adamını təyin ediblər. 2014-cü ildə isə Moskva meriyası VDNX-yə tam nəzarəti ələ alıb, ora yeni rəhbər təyin edib.
Buna baxmayaraq Nisanov və İliyev sərgi mərkəzindəki bir sıra obyektləri idarəetməyə götürə biliblər və okeanariumun tikintisini davam etdiriblər.
Okeanariumun investorlarından biri də Putinin dostu Arkadi Rotenberqdir. Onun bildirdiyinə görə, layihə cəmi 250-270 milyon dollara başa gəlib.
Virtualaz.org