“Müqəddəs olanı itlərə verməyin və mirvarilərinizi donuzlara atmayın; yoxsa bunları ayaqları ilə tapdalayarlar və dönüb sizi parçalayarlar”
(Matfeyin İncili, 7:6)
Azərbaycanın analoqu olmayan qiymətləri haqda hər gün yeni müqayisələr öyrənirik. Dünən jurnalist Şahvələd Çobanoğlu sosial şəbəkədə yazmışdı: Bakıda 160 manata satılan dərmanı Gürcüstandan cəmi 10 manata alıblar. Dərman bakteriya əleyhinə imiş. Buradakı 150 manat bizim milli bakteriyaların – dövlət məmurlarının cibinə gedir. Onların haqqını verməsən sağala bilməzsən. Sözün əsl mənasındakı bakteriyalar cəmi on manatlıqdır.
AzTV-də bir dəfə çox həyasız yalan eşitmişdim. Hardasa 2 həftə qabaq. Müxbir deyirdi ki, guya gürcülər AZAL-ın xidmətindən yararlanmaq üçün Bakı hava limanına axın edirlər. Qabağını çətinliklə alırmışlar! Halbuki, tam tərsinədir. Azərbaycanlılar – dünya üzərində tayı-bərabəri olmayan yetim etnosun nümayəndələri harasa uçmaq istəyəndə avtobusla, qatarla, eşşək arabasında, payi-piyada, sürünərək birtəhər özlərini Tiflis aeroportuna çatdırırlar. Onları buna məcbur edən nədir? Yenə həmin səbəb: bakteriyalar. Bu dəfə hava yolu ilə yayılan bakteriyalarımız. Məhz onların qudurğanlığı üzündən eyni marşrut Tiflisdən azı 2 dəfə baha başa gəlirmiş. Misal üçün, Bakıdan 500 manat verdiyin bilet Tiflisdən bəzən 100-150 manata olurmuş. Lap bunun üzərinə Azərbaycandakı hava məsafəsini də gələk və qiymət olsun 250 manat. Yenə də Tiflis bizdən 2 dəfə ucuzdur.
Əlbəttə, bunların hamısını eləyən Leyla Yunus və onun əri Arif Yunusdur. Dünən prokuror dələduzluq maddəsi ilə Leyla Yunusa 11 il, Arif Yunusa isə 9 il həbs cəzası istəyib. Bəs onların dələduzluğu nədən ibarət imiş? Məhkəmə qapalı olduğundan millət heç nə bilmir. Vəkil deyir prokuror bu cəzanı qoltuğunun altından qıl kimi çəkib çıxardıb, yəni heç bir əsası yoxdur. Amma mən əsası tapmışam: bu ər-arvad AZAL biletlərini bahalaşdıran beynəlxalq dələduzlar şəbəkəsinə rəhbərlik edirlər!
Hələ bu, bir cinayət işidir, onların “vətənə xəyanət”, “bədənə qulluq”, “dədəyə bəyanət”, “dövlətə dəyanət”, “Ağdamın verilməsi”, “Qubadlının alınması”, “Zəngilanın saxlanması”, “Kəlbəcərin oxlanması”, “yanan bina sakinlərinə su səpməmək”, “dövlət büdcəsini gözünə təpməmək”, “vaxtında bu xarabadan aradan cırmamaq”, “hakimin ağzını cırmaq”, “prokurorun yumurtalarını sındırmaq”, “Ali Məhkəməyə tüpürmək”, “Konstitusiyaya qusmaq”, “YAP-a girmək”, “Müsavatdan çıxmaq”, “AXCP-dən küsmək”, “Nabranda üzmək” və sairə və ilaxır cinayət məcəlləsi maddələri də vardır. Bu işlərin hər birinə görə Leyla xanımı 11 il, Arif Yunusu isə 9 il həbs cəzası gözləyir. Ola bilər bəzi cinəyətlərdə Arif Yunus 11, Leyla Yunus 9 il alsın, ancaq bizim üçün elə fərqi yoxdur. Təki millətimiz rahat qarpızını yesin, qabığını da eşşəyinə versin. Biz bu qəddar quldurlar ailəsinə üst-üstə adambaşına 300 il cəza verəcəyik, zəhmət çəkib yatsınlar. Biz gözləyərik. Bu, kinoda deyilən kimi, “dunyada ən humanist məhkəmədir”!
Bizdə bəzi gopçular da var, adətən belə məqamlarda qarğış edirlər, deyirlər bu hakim, prokuror çörəyi necə yeyir, balalarının üzünə nə cür baxır, Allah bunların bəlasını verəcək, özlərinin də olmasa nəslinin qabağına çıxacaq və sairə. Bunlar tamamən uydurma söhbətlərdir, yeri gəlmişkən, indi üzə durub pul qazanan dəyyusların bir çoxunun babası 37-ci il vaxtı üzə durub adamları ölümə yollayıb. Yəni, bu millət həmişə oğruya, yaltağa, alçağa, namərdə, əclafa böyük hörmət bəsləyib, başında oturdubdur. Hər cür pisliyə “Bacarana baş qurban” deyiblər. Hər cür alçaqlığa “Başını aşağı sal, dolan” donu biçiblər. Özünüzü axmaq söhbətlərlə aldatmayın.
Yeri gəlmişkən, həmin söhbətləri yaymaq, milləti ideyalara inandırmaq Leyla Yunusun maddələrindən biridir. Ona bu da azdır.