“Pişik söhbətə qarışdı:
– Mənsə doğrudan da qarabasmaya oxşayıram. Ay işığında mənim profilimə nəzər salın. – Pişik özünü ay işığının altına verib yenə nəsə demək istədi, ancaq ondan susmasını xahiş elədilər, o isə: – Yaxşı, yaxşı, susmağa hazıram. Mən danışmayan qarabasma olacağam, – deyib susdu”
(Mixail Bulqakov, “Master və Marqarita”)
Sabir Rüstəmxanlı Ziya Məmmədovu tərifləyib, deyir nəqliyyat naziri adına uyğun olaraq çox ziyalı adamdır, ədəbiyyatı, şeiri sevən, milli mənəviyyata bağlı şəxsdir.
Əlbəttə, Sabir müəllim Ziya müəllimin qardaşı ilə qudadır, hansısa nankorlar bu tərifnaməni qohumluqla yozacaqlar. Ancaq biz belə yozumları pisləyirik. Sabir müəllim hələ 1993-cü ildə deputatxana kürsüsündən Gəncə qiyamı haqda komissiyanın rəyini oxuyandan bəri bir kəlmə də hansısa şəxsi mənafe güdməmişdir. Həmişə xalqın tərəfində olmuşdur. Həmin rəydə, sözgəlişi, surətçilərin silahsız güllələdiyi Milli Qvardiya əsgərlərinin ölümündən yox, Elçibəy hakimiyyətinin Gəncədə qanı su yerinə axıtmasından bəhs edilirdi. Sabir müəllim tribunadan oxuyurdu ki, hakimiyyət yüzlərlə gəncəlini basıb öldürübdür. Düzdür, sonradan bu “ölülər” ortaya çıxmadı, ancaq nə dəxli? Əsas Azərbaycan türk tarixidir, göytürklərdir, canım sənə desin, Attilanın Avropanı fəthidir. Qalan şeylər düzələn şeylərdir. Biz Sabir müəllimin qədim türklər, nəqliyyat müfəttişi şamanlar haqda roman və poemalarını yüksək maraqla oxuyuruq. Şair özü bu münasibətlə çox yaxşı demişdir: “Qılıncam, ovxarım sözlə inamla, Min ilin başında yurdun səsiyəm. Özüm bu günlərə kül ola-ola, Gələcək günlərin pərvanəsiyəm!”. Təsəvvür elə, mən şairin bu misralarını 25 il qabaq “Ömür kitabı”nda oxumuşam, hələ də yadımdadır! İndi onu da təsəvvür elə ki, şair Orhon-Yenisey kitabələrindən Pazırık kurqanına, Motodrom çökəkliyindəki qədim avtovağzaldan Qarant Holdinqə qədər hər bir şeyi yadda saxlayır.
Ziya müəllimin şeirə, sənətə hörmətinə gələndə, şair bunu da doğru söyləyir. Örnək üçün, nəqliyyat müfəttişləri taksi sürücülərini tutub döyəndə onlara Füzulinin “Leyli və Məcnun” poemasından hissələri əzbərlədirlər. Müfəttiş sürücünü yerə yıxıb ağzına təpiklədikcə deyir: “Can vermə qəmi-eşqə ki, eşq afəti-candır, Eşq afəti-can olduğu məşhuri-cahandır!” Sürücü də ağzının qanını silib bəyan edir: “Olduqca mən, götürmə bəladən iradətim, Mən istərəm bəlanı, çün istər bəla məni!”. Belə şirin dialoq və mükalimələr daha sonra Beynəlxalq Avtovağzal adlı əsrarlı, mistik ərazidə davam edir. Ziya müəllim milli mənəviyyatımıza uyğun olaraq dövlətin 400 milyon dollara yaxın pulunu orda yerə basdırıbdır, nəticədə indi yenə camaat başına gün döyə-döyə, tozun, …-püsürün içində avtobusa minib şəhərdən rədd olur. Eşşək boyda bina isə necə dahiyanə mühəndis ağlı ilə qayırılıbsa tamamən boş qalır. Düzdür, bir cüzi hissəsində ziyalılar üçün bazar açılıbdır – iş tapa bilməyən müəllimlər istəsələr orda tuman-köynək sata bilərlər.
Ümumiyyətlə, ziyalı oldunsa, bu eldə sənə çox çətin olacaqdır. Necə deyərlər, el üçün ağlayan göz kor olar. Sabir müəllim, Ziya müəllim, Elton müəllim həmişə el üçün ağlaşırlar, hətta ayrıca göz klinikası bunların üçünə xidmət edir. Bir ara mənim də gözüm xarablaşmışdı (el üçün ağlamaqdan yox, elə qabiliyyətim yoxdur, telefonda oyun oynamaqdan idi), getdim, həkim dedi hal-hazırda Ziya müəllim və qardaşlarına xidmət edirik, itil burdan. Mən də çıxdım getdim, bu yazıda səhv-sühv görsəniz bilin ki, gözümün yaxşı görməməyindəndir.
Yazını Vasif Həsənovun məktubu ilə bitirirəm: “Bu yaxında Tomas Qoltsun öz motosikletini neft muzeyinə verdiyini yazmışdınız. Hesab edirəm bu muzeyə çamadan açmaq üçün vintaçan, yanan binadan penoplast, sökülən villadan qırıntı, ayı kababının şişi, Alim Qasımovun uçduğu xalça da verilməlidir”.
İndi söz əlaqədar təşkilatlarındır. Vallah.