Kifayət Qasımova cüdo üzrə milli yığmanın üzvüdür. O, kiçik yaşlarından bu idman növü ilə məşğuldur.
Hələ 13 yaşında gənclər üzrə Avropa çempionatının qalibi olub. Amma Avropa Oyunlarında zəif nəticə göstərib.
K.Qasımova bunun səbəbini formadan düşməsi ilə əlaqələndirir: “Mən zədə almışdım və 3-4 ay məşq edə bilmədim. Formadan düşdüyüm üçün təlim-məşq toplanışına getməli idik. Amma bu təşkil edilmədi. Federasiya maliyyənin olmadığını əsas gətirərək ancaq oğlan idmançıları Yaponiyaya təlim-məşqə göndərdi. Qızlar isə Bakıda hazırlaşmalı oldu”.
Azərbaycan hökuməti hər zaman idmanın müxtəlif sahələrinə xüsusi diqqət göstərdiyini deyir. Hər il büdcədən ölkənin müxtəlif rayonlarında olimpiya komplekslərinin tikilməsi üçün maliyyə vəsaiti ayırır.
Hətta bu il ilk Avropa Oyunları Bakıda keçirilib və bu məqsəd üçün 3 ildə dövlət büdcəsindən 5 milyard manata yaxın vəsait ayrılıb.
Ancaq bəzi qadın idmançılar deyirlər ki, hökumət daha çox kişi idmançılara sərmayə yatırır və qadınlara məhəl qoymur.
İdmanda cinsə görə ayrı-seçkilik?
Kifayət Qasımovanın qənaətincə, idmançı üçün təlim məşqlərə və yarışlara getmək çox vacibdir, çünki güləşdikcə təcrübə daha da artır: “Bu məşqlər tanıdığın və üslubuna tanış olduğun idmançılarla yox, digərləri ilə olmalıdır. Amma bizim qızlara bu şərait yaradılmadı. Federasiya qadınlara qarşı soyuqdur. Əvvəllər də belə idi. Təlim məşqlərə ancaq nəticələri yüksək olan idmançı qızlar aparılırdı. Bu doğru deyil”.
Kifayət Qasımova bu münasibətin digər idman növlərində olmadığını iddia edir. O deyir ki, Güləş Federasiyası qadın idmançılara yüksək dərəcədə xidmət göstərir: “Tanış idmançı xanımlar var orada. Onların geyimləri, vitamin və dərmanları verilir, mütəmadi olaraq həkim nəzarətindədirlər. Biz isə bunları tələb edəndə deyirlər maliyyəmiz yoxdur”.
Xanım Hüseynova da idmanda cinsi ayrı-seçkilik olduğunu iddia edir
Yığma komandanın digər üzvü Xanım Hüseynova da bu fikirlərlə razıdır. O da Cüdo Federasiyasının kişilərə qadınlardan daha çox diqqət ayırdığını hesab edir: “Elə bir boş yerə əziyyət çəkirik”.
Gənclər və İdman Nazirliyi isə deyir ki, Azərbaycan hökuməti idmançılara sərmayə yatıranda cinsi fərqlərə fikir vermir.
“Biz maliyyə ayıranda qadın, kişi ayrı-seçkiliyi etmirik” – nazirlikdən BBC-nin Azərbaycan xidmətinə belə deyiblər.
“Qızlarda idmana maraq artıb”
Cüdo Federasiyasının baş katibi Elnur Camalxanov deyir ki, qurumun bütün idmançılara münasibəti yaxşıdır.
“Qadın-kişi fərqi yoxdur” – o vurğulayır.
İdman jurnalisti Rəşad Ergünün qənaətincə isə Azərbaycanda qadınların iştirak etdiyi idman növləri uğurlu inkişaf etməyib. O deyir ki, hazırda qadın idmançılar arasında ən böyük uğur əldə etmiş idmançı ukraynalı Mariya Stadnikdir.
“Əslində yerli idmançılara şərait yaradılmalıdır. Bir idmançının inkişafı üçün ona əziyyət çəkmək lazımdır. Amma bizimkilər çıxış yolunu xaricdən legioner gətirməkdə görür” – R.Ergün deyir.
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 2014-cü ilə olan məlumatına görə, ölkədə müxtəlif idman növləri ilə məşğul olanların sayı 425 min 449 nəfərdir. Onlardan yalnız 81 min 826 nəfəri qadındır.
Boks üzrə məşqçi Fərid Mayılovun fikrincə isə boksa son vaxtlar kişilər kimi, qadınların da axını çoxdur. Onun sözlərinə görə, buna səbəb idmana göstərilən qayğıdır: “Əvvəllər boks sahəsində idmançı qadınlar az idi. Amma indi idmançılarımızın göstərdiyi nailiyyətlər qızlarımızda marağı artırır. Onlar boks sahəsində inkişaf görürlər”.
Fərid Mayılov 5 ildir ki, boks üzrə məşqçi işləyir. O, 30-a yaxın tələbəsi arasında cəmi 4-5 nəfər qadın olduğunu desə də Azərbaycanda qadın idmançılarla kişi idmançılar arasında fərq qoyulmadığı qənaətindədir.