Millət vəkili Qənirə Paşayeva Düz Cırdaxanda müəllim və şagirdlərlə görüşüb və “gənclərimizi qumar oyunlarından uzaq tutmalıyıq” deyib.
Millət vəkili Qənirə Paşayeva bildirib ki, Düz Cırdaxan məktəbi Tovuzun yaxşı məktəblərindən biridir və bunda fədakar müəllimlərimizin böyük rolu var və gənc müəllimlər belə müəllimlərimizdən örnək götürməlidir. Məktəbin direktoru Laləzər Bayramova çıxış edərək məktəbdə təhsilin vəziyyəti, əldə olunan uğurlar və yaxınlaşan qəbul imtahanlarında ötən illə müqayisədə daha da yaxşı nəticələr gözlədiklərini deyib.
Müəllimlər Düz Cırdaxan məktəbinin binasının təhsil üçün o qədər yararlı vəziyyətdə olmaması, yeni məktəb tikintisinəehtiyacı olduğunu, millət vəkili Qənirə Paşayevanın bununla bağlı hökumətə və müvafiq orqanlara müraciətlərindən xəbərdar olduqlarını deyərək bu məsələnin öz həllini tapması istiqamətində bundan sonra da bir millət vəkili olaraq dəstəyini əsirgəməməsini xahiş ediblər. Millət vəkili Qənirə Paşayeva Bakıya qayıtdıqdan sonra bununla bağlı yenidən hökumətə millət vəkili kimi xahiş və müraciət edəcəyinə söz verib. O, gənclərin mütləq bir peşə sahibi olmasının önəmini vurğulayaraq bu ilin qəbul göstəricilərinin ötən illə müqayisədə daha da yaxşı olacağına inandığını deyib.
Q.Paşayeva bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir gəncimiz eyni zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı öyrənməlidirlər. Millət vəkili Qənirə Paşayeva gənclər arasında zərərli vərdişlərə – narkomaniyaya, siqaretə, qumar oyunlarına aludə olan gənclərin artması hamımızı ciddi narahat etməlidir, ona görə ailələrlə bərabər bu məsələdə məktəblərimizin də üzərinə böyük məsuliyyət düşür deyib.
O, qumaq oyunları ilə bağlı məsələyə xüsusi diqqət yönəldib: “Nə qədər məktub alırıq analardan, ailələrdən bununla bağlı. Bəzilərində qumar xəstəliyi o yerə çatıb ki, evdən pul oğurlayır və ya evdən pul verilməyəndə dava salırlar, tanışlardan borc alır və sonra ailə həmin insanlara pulu ödəyə bilmir və pis vəziyyətdə qalırlar. Bununla bağlı məktubla müraciət edərək kömək istəyən ailələrin və ya qəbula gələrək çıxılmaz vəziyyətdə qaldıqlarını, həyatlarının cəhənnəmə çevrildiyini anladan ailələrin acılarını, fəryadlarını dinləsəniz dəhşətə gələrsiniz”.
Millət vəkili Q. Paşayeva gəncləri pulla heç bir oyun oynamamağa çağırıb. unun sonu əksər hallarda qumaqla bitir deyən millət vəkili Qənirə Paşayeva pulla müxtəlif oyunlara gənclər arasında marağın artmasının ciddi narahatlıq doğurduğunu deyib. İndi hətta kompyuterdə, internetdə də bu cür oyunlar o qədər artıb ki, gəncləri daha çox qorumağa, maarifləndrimə və təbliğata daha çox ehtiyac var deyən Q. Paşayeva gəncləri bu oyunlardan uzaq durmağa, öz gələcəklərini və həyatlarını öz əlləri ilə məhv etməyəyə çağırıb.
Qumarın çox pis bir alışqanlıq olduğunu deyən millət vəkili Q.Paşayeva buna aludə olanların həyatları faciə ilə bitir deyib və özəlliklə gənc oğlanları ehtiyatlı olmaqla bərabər, fəal gəncləri bununla bağlı öz ətraflarında gənclər və insanlar arasında davamlı maarifləndrimə və təbliğat aparmağa çağırıb. Milllət vəkili bu məsələdə ailələrin və müəllimlərin, məktəbin üzərinə böyük bir missiya düşdüyünü deyərək bu məsələyə xüsusi diqqət ayırmağa çağırıb.
Millət vəkili məktəbdə şagirdlərlə də görüşüb, onların dərsləri, planları ilə də maraqlanıb və onlarla söhbət edib. Millət vəkili uşaqların yay tətilinə buraxılmasına toxunaraq onları bu zamanı faydalı istifadə etməyə, daha çox oxumağa, mütaliəyə, öyrənməyə, daxili dünyalarını zənginləşdirməyə çağırıb. Uşaqları yay tətili dövrlərində xarici dillərlə də xüsusi maraqlanmağa zaman ayırmağa çağıran millət vəkili Qənirə Paşayeva onlara özəlliklə tariximizlə bağlı kitabları və Azərbaycan ədəbiyyatını daha geniş mütaliə etməyə səsləyib.
Millət vəkili Qənirə Paşayeva gənclər arasında kitaba, elmə meyilliyin artması istiqamətində də onlarla söhbət edib və suallarını cavablandırıb. Millət vəkili onları təhsillərinə böyük önəm verməyə, zamanlarını mənasız işlərə və ya verlişlərə ayırmamağa çağırıb. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir!
Millət vəkili Qənirə Paşayeva valideynləri və müəllimləri də gənclərin kitab oxumasına meylliyinin artması istiqamətində fəal olmağa çağırıb: “Bir millətin inkişafı və gələcəyi onun gənc nəsillərinin elmə, biliyə, ən əsası oxumağa olan istək və meylindən çox asılıdır. Ona görə də biz gənclərimiz arasında kitab oxumağa maraq və meylin artması istiqamətində daha çox işlər və layihələr həyata keçirməliyik”.
Tədbirdə iştirak etmiş müəllimlər və digər tədbir iştirakçıları da uşaqların və gənclərin kitaba meyllənməsinin və marağının artmasında bu cür tədbirlərinin keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva müəllim və şagirdlərə müəllifi olduğu kitabları imzalayaraq hədiyyə etməklə yanaşı məktəbin kitabxanasına gənclərin oxuması üçün çoxlu sayda kitablar və məktəbə özünün hədiyyələrini də təqdim edib.