img1870209

“Kristal” qrupunun rəhbəri Mədinə Məlik əməkdar artist Şamil Süleymanlının qızı olduğu haqda məlumat yayıb.

“Qafqazinfo”nun məlumatına görə, prodüser sosial şəbəkədə Milli Kino günü münasibəti ilə aktyoru “ata” adlandıraraq təbrik edib: “Atam, canım, səni və sənin simanda bütün aktyorlarımızı təbrik edirəm. Allah səni mənə çox görməsin”.

Daha sonra Mədinə axsam.az-a açıqlamasında həqiqətən də Şamil Süleymanlının qızı olduğunu qeyd edib: “Bəli, o mənim atamdır. Bu haqda heç vaxt danışmamışam və danışmayacam da. Onunla bağlı danışmaq istəmirəm. Bu o demək deyil ki, bizim münasibətimiz yoxdur. Atamla çox gözəl münasibətimiz var, tez-tez də danışırıq. Allah onu mənə çox görməsin. O mənim hər şeyimdir”.

Xatırladaq ki, əməkdar artist ötən il “5-də 5″in qonağı olarkən yeganə övladı “Zəif Bənd” verilişinin aparıcısı Solmaz Süleymanlı olduğunu bildirmişdi.

Məsələyə aydınlıq gətirmək üçün “Qafqazinfo”nun əməkdaşı əməkdar artist Şamil Süleymanlı ilə əlaqə saxladı.

Əməkdar artist məşhur prodüserin onun qızı olmadığını bildirdi: “Bir dəfə də olsun Mədinəni adı ilə çağırmamışam. Həmişə ona “qızım” deyirəm, onunla fəxr edirəm. O isə məni “atam” deyə çağırır. Mədinəni üzdən mənə oxşadanlar var. O məni sadəcə olaraq sosial şəbəkədə təbrik edib, xəstəxanada olanda tez-tez mənə zəng edirdi. Mədinə kimi qızı olmaq pisdir? Mən Mədinənin bioloji atası deyiləm”.