Azərbaycan İranla Qərb arasında əldə edilmiş tarixi anlaşmadan sonra dəyişən geosiyasi vəziyyətə sürətlə adaptasiya olunur və Tehranla iqtisadi əməkdaşlığı genişləndirərək bu anlaşmanın yaratdığı fürsətdən yararlanmaq üçün hərəkətə keçir.
Virtualaz.org saytı xəbər verir ki, bu günlərdə İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin beynəlxalq departamentinin direktoru Həsən Malik Azərbaycanın Tehrandakı səfirini qəbul edərək gələn həftə geniş tərkibli Azərbaycan nümayəndə heyətinin İrana səfər edəcəyini bildirib.
İnformasiya agentliklərinin xəbərlərinə görə, nümayəndə heyətinə iqtisadi inkişaf naziri Şahin Mustafayev rəhbərlik edəcək. Heyətin tərkibinə SOCAR, Mərkəzi Bank və digər iqtisadi-biznes strukturlarının rəhbərləri, özəl sektorun nümayəndələri daxil olacaq.
Nümayəndə heyəti İranın rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan-İran ticarət-iqtisadi komissiyasına başçılıq edən Mahmud Vaizinin dəvəti ilə səfər edir. Tərəflər iqtisadiyyatın müxtəlif sahələri, energetika, nəqliyyat, rabitə, bank sferası və neft-qaz sənayesi sahəsində birgə əməkdaşlığı müzakirə edəcəklər. Müzakirələrdə İranla Azərbaycan arasında dəmiryol nəqliyyatının inkişafı, neft yataqlarının işlənməsi sahəsində də işlər nəzərdən keçiriləcək.
Həsən Malik deyib ki, Azərbaycan nümayəndə heyətinin Tehrana səfərindən sonra ikitərəfli ticarət-iqtisadi komissiyanın həmsədrləri komissiyanın 11-ci iclasının ilin ikinci yarısında Tehranda keçirilməsinə dair bir sıra qərarlar qəbul edəcəklər.
Göründüyü kimi, İran beynəlxalq sanksiyaların ləğvindən dərhal sonra həm Qərb ölkələri, həm də qonşuları ilə ticarət-iqtisadi münasibətləri sürətlə genişləndirməyə qərar verib. Və bu vəziyyət Azərbaycan üçün də sərfəlidir və yeni iqtisadi fürsətlər meydana çıxarıb.
Hərçənd ki, bir çox analitiklər İranla Qərb arasında nüvə anlaşmasından sonra Azərbaycanın geostrateji əhəmiyyətinin azalacağını, digər tərəfdən anlaşmanın təsiri ilə neftin ucuzlaşacağınıvə bundan Azərbaycanın da ziyan çəkəcəyini deyirdilər.
Doğrudur, İranla Qərb arasında əldə edilmiş nüvə razılaşmasından sonra dünya bazarlarında neftin ucuzlaşması tendensiyası bir qədər sürətlənib.
Bununla belə anlaşma İrana xarici investisiyaların yolunu açıb, regionda ticarət imkanlarını genişləndirib və Azərbaycana özünün qeyri-neft sektorunu inkişaf etdirmək baxımından yeni imkanlar açıb.
Azərbaycan İranla Avropa arasında mühüm ticarət dəhlizi üzərində yerləşir və bu coğrafi mövqe sayəsində Bakı Tehranla ticarət əlaqələrini xeyli genişləndirə bilər.
Digər tərəfdən, Azərbaycan İranın enerji sektoruna və iqtisadiyyatının digər sahələrinə investisiya yatırmağa maraq göstərir. Uzun illərdir beynəlxalq sanksiyalardan əziyyət çəkən İran iqtisadiyyatı indi sərfəli yatırımlar üçün yaxşı meydandır və belə görünür ki, Azərbaycan hökuməti də bu fürsəti əldən buraxmaq fikrində deyil.
Həmçinin Azərbaycan banklarının fevral devalvasiyasından sonra çətin günlər keçirdiyi bir vaxtda İranın bank kapitalının cəlb edilməsi vəziyyəti müsbətə doğru dəyişə bilər.
Görünür, gələn həftə Tehrana səfər edəcək nümayəndə heyətinin tərkibinə Mərkəzi Bank rəhbərliyinin də daxil edilməsi təsadüfi deyil. O cümlədən Azərbaycanın neftin ucuzlaşmasından sonra vəsait qıtlığı hiss edən özəl sektoruda İran şirkətləri ilə sərfəli ortaqlıqlar yarada bilər.
Amerikanın “Bank of America Merrill Lynch” bankının hazırladığı məruzədə də deyilir ki, İranla “altılar” arasında əldə edilmiş razılaşma daha geniş ticarət imkanları açmaqla Cənubi Qafqaz respublikalarının xeyrinə olacaq.
Bankın ekspertləri qeyd edirlər ki, sanksiyaların ləğvi İranda daxili tələbatın kəskin artmasına səbəb olacaq. İran neft ixracını 2012-ci il səviyyəsinə qaldırsa, ölkəyə dollar axını artacaq. Sövdələşmə İrana üç mərhələdə xeyir verəcək: nağd pulların ölkəyə daxil olması artacaq, ticarət genişlənəcək, xarici investisiyaların axını başlayacaq.
Cənubi Qafqaz respublikaları da bu imkanlardan istifadə edə və neftin ucuzlaşmasından itirdiklərini İranla ticarətin genişlənməsi, investisiyalar hesabına kompensasiya edə bilər.
Qeyd etmək lazımdır ki, nüvə məsələsi ətrafında qarşıdurmanın davam etdiyi müddətdə Azərbaycan o qədər asan olmasa da İranla normal qonşuluq münasibətlərini, iqtisadi-siyasi tərəfdaşlığı saxlaya bilib. Bu baxımdan Azərbaycanın yeni geosiyasi vəziyyətin yaratdığı imkanlardan istifadə edərək İranla iqtisadi sahədə əməkdaşlığını dərinləşdirməsinə ciddi siyasi maneə yoxdur.
Ancaq təxmin etmək olar ki, Azərbaycan rəhbərliyi bu yeni situasiyada İranla münasibətlərini formalaşdırarkən ənənəvi ehtiyatlı mövqeyini də dəyişməyəcək.
Ən azından İranın dini ideologiyanın köməyi ilə Azərbaycana təsir imkanlarını genişləndirmək və geniş mənada geosiyasi maraqlarını reallaşdırmaq səylərindən daşınmadığını nəzərə alacaq…