Qardaş Türkiyə öz tarixində bəlkə də heç vaxt olmadığı şiddətlə terrora tuş gəlib – PKK və İŞİD terroru. Hər ikisi məkrli, türk dövlətçiliyinə qənim kəsilmiş bir qüvvə. Biri dini zəmində şarlatanlıq, digəri isə millətçi, bölücü əsasda qardaş ölkəyə meydan sulamaqdadır.
Bu xüsusda Türkiyə üçün onların heç bir fərqi yoxdur. Hər iki qanlı hörgütü birləşdirən tək cəhət isə – bu iki təhlükənin qardaş ölkə üçün eyni dərəcədə neytrallaşdırılmalı olması zərurətidir. Bax, elə bu məsələdə rəsmi Ankara üçün əlavə problem ortaya çıxıb.
İş ondadır ki, PKK guya İŞİD-lə mübarizə apardığı üçün bu dəqiqə Qərbin (ABŞ və Avropanın) “ərköyün uşağı” qismindədir. NATO, ABŞ, Almaniya rəsmilərinin son açıqlamalarından belə qənaət hasil olur ki, mübarizə üsulu terror olan PKK-nı çox sıxmaq olmaz, çünki o halda başqa bir terror hörgütü “İŞİD-lə mübarizə zəifləyə bilər”.
PKK-çılara qol-qanad verən, onları yeni terror aktlarına şirnikləndirən indi həm də bu məqamdır – Qərbin siyasi havadarlığı. Belə çıxır, İŞİD-ə qarşıdır deyə, onlara dəyib-toxunmaq olmaz – hətta Türkiyə dövlətçiliyi və türk hərbçilərinə qarşı terror aktlarına əl atsalar belə.
Əcəb və əcaib məntiqdir. Neçə vaxtdır beləcə, Qərb sırf öz maraqlarını göz önünə alaraq terrora münasibətdə ikili standartlardan çıxış edir. “İŞİD-in terroru pis, PKK-nınkı yaxşıdır” rəyini aşılayır Qərb toplumuna. Yaranmış həssas durumda PKK niyə də daha böyük təxribatlara və terror hücumlarına ürəklənməsin ki?!
Bu mənada Türkiyənin terrorla mübarizə aparan əlinə oynamaq əvəzinə onu vurmağın özü də bir terrordur – xain bir terror. Demək, qardaş ölkə bu gün əslində üçlü terrorla üz-üzədir, çarpaz təhdidlər altındadır. Təhlükə o yerə çatıb ki, hətta millət vəkili adı qazanmış HDP-li kürd deputatlardan bəzilərinin PKK ilə silahla bağlı əlaqələri üzə çıxıb.
Onsuz da HDP PKK-nın siyasi qanadı sayılırdı, indi bir daha öz xain simasını göstərdi. Belə bir partiyanın qurulacaq koalision hökumətdə yer alması Türkiyə dövlətçiliyinə təhqir demək olardı…
Sözsüz ki, böyük dövlətçilik təcrübəsinə və ənənələrinə malik qos-qoca Türkiyə bu təhlükələri də aşacaq. Daxili və xarici düşmənlərə öz layiqli yerini göstərəcək. Keşkə, qarşıdakı təhlükə və təhdidlərin ciddiliyini anlayıb da MHP, CHP və AKP tezliklə ortaq məxrəcə gəlib yeni hökumət formalaşmasına nail ola biləydilər. O zaman qazanan ilk növbədə Türkiyə olardı.
“Biz İŞİD-lə qonşu olmaq istəmirik”, “Türkiyə hədəfə alınıb”. Baş nazir Əhməd Davudoğlunun bu sözləri təhlükənin miqyası barədə ən əvvəl məhz türk toplumu və siyasi qüvvələrə aydın bir mesajdır.
“Baxın, İŞİD bir yerə hücum edir, oranı alır, sonra terrorçuları ordan qovurlar, həmin bölgəyə kürdlər daxil olur. Bunu da düşünməliyik. Tarixə baxaq. 1923-cü il yanvarında 6-da olmuş Lozanna konfransına. Ora gündəmdə olmayan təklif gətirilir. Kim tərəfindən? Amerikadan. Təklif belə idi: “Ermənilər üçün daimi yaşayacaqları bir yer tapaq, ora ad verək və həmin bölgəni müdafiə edək. Bunun üçün Suriyanın şimalını məsləhət görürlər. Təkliflərini belə əsaslandırırlar ki, bu yolla Türkiyə və Suriya arasında neytral bölgə qurulacaq. Bəlkə o vaxt ermənilər üçün nəzərdə tutulanlar indi başqaları üçün nəzərdə tutulur? Yəni Suriyanın şimalı ilk dəfə gündəmə gəlmir”.
Bunu isə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəhbəri, ordu generalı Ülker Başbug deyib. Onun qənaətincə, vəziyyət çox kritikdir. Sitat: “Xəritəyə baxsaq, bu gün Suriyanın şimalında İŞİD-in nəzarətində olan xətt İraqın şimalında kürdlərin nəzarətində olan xətlə birləşə bilər. Surucdakı hadisə Türkiyənin kürd vətəndaşları ilə dövləti üz-üzə qoydu. Bəlkə də terror aktını hazırlayanlar elə buna nail olmaq istəyirdilər. Odur ki, ağılla hərəkət etməsək, İŞİD-ə xidmət göstərmiş olacağıq”.
Ağılla hərəkət etmək… Niyə də olmasın?
P.S. Yazı hazırlanarkən NATO-nun fövqəladə toplantısında Türkiyə ilə bağlı konkret hansı qərarın verildiyi məlum deyildi.