Загрузка...

11798514_991222544243851_1909544584_n_1df895d8bbc5454ffd4068be0131364b

Bakıda keçirilən I Avropa Oyunlarında millimizə ilk medalı qazandıran, karatenin kumite yarışları üzrə idmançısı, “Tərəqqi” medalı ilə təltif edilən İlahə Qasımovanın Aile.lent.az-a müsahibəsini təqdim edirik.

– İdmana gəlişiniz necə oldu?

– 9 yaşımdan karate ilə məşğulam, artıq 15 ildir. Döyüş filmlərinə çox baxırdım. Əsas da Brüs Linin kinolarına baxıb idmana həvəsləndim. Evimizin yanında idman zalı vardı. Ora gedib karate məşqlərinə baxırdım. Sonra həvəskar kimi məşqlərinə getməyə başladım. O vaxtdan şəxsi müəllimim olan Cahangir Babayev mənimlə peşəkar məşqlərə başladı. Bir də gördüm ki, artıq neçə illərdir karate ilə məşğulam.

– Karate deyəndə hər kəsin ağlına oğlanlar gəlir. Sizə “karate hara, qız hara?”, – deyən olub?

– Mənim professional karate ilə məşğul olmaq fikrim heç olmayıb. Düz deyirsiz, çox adam elə bilir ki, karateni ancaq oğlanlar bacarar. Əslində, qızların da əl-ayağı var, qızlar da hər idmanı bacarar. Güclü karateçi qızlarımız çoxdur.

– Adətən, uşaqlıqda dəcəllik edənlər idmançı olur. Bəs sizin uşaqlığınız necə keçib?

– Çox sakit uşaq olmuşam. Ancaq özümü müdafiə etməyi bacarırdım. Karateçi olmasaydım da, özümü başqa cür müdafiə edərdim. Həyatda davakar deyiləm. Lakin tatamidə-döyüşdə çox davakaram. Artıq orada mənim prinsipim var ki, udmalıyam, məğlub edib qazanmalıyam. İdman sadəcə olaraq həyat tərzimə çevrilib.

– İdmançı olduğunuzu biləndə sizdən çəkinirlər?

– Hə. Deyirlər “sənə artıq söz demək olmaz”, bəziləri hətta məndən qorxduğunu etiraf edir (gülür). Əslində görünüşümə baxan karateçi olduğumu bilməz. Biləndən sonra hiss edirəm ki, çəkinirlər. Amma vuran əlim yoxdur. Heç vaxt küçədə heç kimi döymərəm.

– Yəqin, oğlanlar da sizinlə daha məsafəli davranır…

– Məhz idmançı olduğumu bildiyi üçün məsafəli davranmaqlarını hiss etməmişəm. Amma ümumiyyətlə, oğlanlar hər zaman mənimlə məsafəli davranıb. İndi daha çox hər kəsin hörmətini hiss edirəm. Etiraf edim ki, heç indiyədək tanış olmaq mənasında heç kim mənə yaxınlaşmayıb.

– Qız üçün idmançı olmağın hansı çətinlikləri var?

– Qızlar oğlanlara nisbətən fiziki cəhətdən zəif olur. Amma idmanla məşğul olanda ağır fiziki məşqlərə vərdiş edirsən. Oğlanlarda əzələ olur, güc bu əzələlərdə yığılır. Qızlar nə qədər güclü olsa, yenə də oğlanlara baxanda zəifdirlər. Düzdür, fiziki görünüşü kobud olan qız idmançılar da var. Belə qızlar artıq oğlana bənzəyir. Amma karate ilə məşğul olan qızlar incə olur. Biz istəmirik idmançı olmağımız bəlli olsun. Qızlar zəif olmasa da, zərifdirlər. Ən güclü qız belə, oğlandan zəifdir.

– Hansısa oğlanla tatamiyə çıxmaq istəmisiz?

– Xeyr. Mənim işim ancaq qızlarladır, o da yalnız tatamidə. Həyatda xoşuma gəlməyən insanlar olub. Amma heç vaxt onları döymək fikrim olmayıb. Oğlanlarla məşqdə döyüşürük. Bizim onlara heç vaxt gücümüz çatmaz. Ola bilər ki, 1-2 xal irəli keçək. Amma oğlanlar bizi hər zaman məğlub edir. Heç vaxt oğlanla tatami üzərinə çıxmaq istəmərəm. Həyatda da oğlanlarla döyüşmərəm. Çünki ümumiyyətlə, davakar deyiləm. Həm də oğlanla küçədə döyüşməyi özümə sığışdırmaram. Heç vaxt idmançı olduğumu bildirmirəm və bildirmək də istəmirəm. Əgər kimsə həddini aşarsa, onda nəsə etməyə məcbur olaram. İndiyədək bircə dəfə oğlana istəmədən cavab vermək məcburiyyətində qalmışam. Qonşu oğlan mənə söz atırdı. Bu, çox davam etdi, bir dəfə özümdən asılı olmayaraq ona yumruq vurdum. Gözünün altı şişmişdi. Onun valideynləri mənim valideynlərimin üstünə gəldilər ki, “qızınız bizim oğlumuzu döyüb” (gülür). Düzdür, həmin oğlan sonra çox peşman oldu, üzr istədi. Özüm də pis oldum, gərək o cür bərk vurmazdım. Yolda, küçədə söz atan oğlanlar çox olur. Özləri də görürlər ki, idman formasındayam, idman çantası belimdə. Amma yenə də söz atırlar, elə bil adamı qıcıqlandırırlar ki, nəsə edəsən. Fikir vermirəm, düz yolumu gedirəm. Ona görə də şəhərdə, küçədə qulaqcıqla gəzirəm ki, heç kimi eşitməyim. Çünki əlavə səslər əhval-ruhiyyəmə təsir edir, bu da özünü məşqlərimdə hiss etdirir.

– Qız rəqibləriniz çoxdur, yoxsa oğlan?

– Qızın qıza paxıllığı daha çox olur. Rəfiqələrim arasında, heç tanımadığım qızlar arasında paxıllıq hiss etmişəm. Paxıllara nə cavab verim ki?! Mən də qızam, amma heç vaxt heç kimə paxıllıq etməmişəm.

– O rəqiblər həyatda çoxluq təşkil edir, yoxsa tatamidə?

– Tatamidə. Həyatda heç kimi özümə rəqib hesab etmirəm. Kim məni özünə rəqib görürsə, onları tanımıram. Tatamidə isə çox güclü rəqiblərim var. Mənim üçün idmanda pik nöqtə yoxdur. Nə qədər irəli getsəm, nə qədər uğurlarım olsa, bir o qədər yaxşıdır. İdmançını yalnız fiziki güc və yaş idmandan ayıra bilər.

– Sizi özünə rəqib bilənlərlə mübarizə aparırsınız?

– Bir otaqlı evdə böyümüşəm. Kasıb olmamışıq, amma çox yaxşı şəraitdə böyüməmişəm. Sosial şəbəkədə şəkil paylaşdım və yazdım ki, ola bilməz, güzgü olan yerdə qızlar selfie çəkdirməsin. Rəfiqə hesab etdiyim qızlardan biri şəklə şərh yazdı ki, “başa düşürəm, sizin evdə güzgü yoxdur, bizdə nə qədər desən var, gəlib çəkdirə bilərsən”. Onun bu sözü mənə çox pis təsir etdi. O, mənim kasıblığımı, evimi töhmət etdi. Bunu Cahangir müəllimə dedim. Mənə məsləhət verdi ki, heç vaxt heç kimə cavab verməyim. Mənim cavab verməməyim onlara bir cavabdır. Mənim cavabım cavabsızlığımdır. Bəzən oğlanlarda da paxıllıq hiss edirəm. Həmin oğlanların cavabını başqa oğlanlar verir.

– Tanındıqdan sonra həyatınızda çox şey dəyişdi?

– Artıq şəhərdə məni hamı tanıyır, yaxınlaşıb şəkil çəkdirirlər. Buna çox sevinirəm. Başqa heç nə dəyişməyib. Çox adam mənimlə dost olmaq, oturub söhbət etmək istəyir. Hətta yanıma məşqə gəlmək istəyənlər də var. Əvvəllər məşq keçirdim, müəllimimə kömək edirdim. Sonra Avropa Oyunlarının məşqlərinə başladıq. Özümün çox gərgin, ağır məşqlərim oldu deyə məşq keçməyə vaxt tapmadım. Səhər evdən çıxırdım, gecə gəlib ancaq yatırdım.

– İdmançı olmanız sizə ürəyini açmaq istəyən oğlanlara mane olmayıb?

– Ürəyini açmaq, dost olmaq istəyənlər olub, görüş təklif ediblər. Ancaq mən hər zaman demişəm ki, məşqlərim mənim üçün daha vacibdir. Yeni tanışlıqlar haqqında düşünmürəm. İmkan verməmişəm ki, hisslərini mənə bildirsinlər. Xətrinə dəyməmək, qüruruna toxunmamaq şərti ilə “yox” cavabını vermişəm. Demişəm ki, münasibət qurmaq haqqında heç bir vəd verə bilmərəm. Həm də insanları tanımaq, hamının niyyətini bilmək olmur. Hər zaman yadımda saxlayıram ki, mənə məqsədli formada da yaxınlaşa bilərlər. Əslində, heç kim haqqında pis düşünmək istəmirəm, lakin özümü sığortalamalıyam. Çünki karyeramın elə bir nöqtəsindəyəm ki, özümü daha çox qorumalıyam. İndiyədək yanımda olan insanlar yanımda olsun, bəsimdir.

– Heç kimə vəd verməmisiniz?

– Vədi yalnız döyüş və yarışlarda verirəm. Yalnız öz müəllimimə söz verirəm ki, yarışlarda qalib gələcəm. Həyatda kiməsə vəd vermək çətindir. Biri var vəd verməyəsən, amma əməl edəsən, o artıq sübutdur. Biri də var vəd verəsən və bunu edə bilməyəsən. Söz vermək asandır. Lakin ona əməl etmək çətindir. Həm də az oğlan tapılar ki, idmanla məşğul olan qıza etibar etsin, inansın. Çünki biz bütün günü idman zalında oğlanlarla bərabər məşq edirik. Az adam mənim yalnız idmanı düşündüyümə inana bilər. Bizim mentalitet imkan vermir ki, oğlanlar sevdiyi qızın peşəkar idmançı olduğunu qəbul etsin. Hansı oğlan qəbul edər ki, sevdiyi qız oğlanlarla məşq etsin?!

– Onda belə çıxır ki, sizi idmançı oğlan daha yaxşı anlayar?

– İdmançı oğlanlardan mənimlə münasibət qurmaq istəyən olmayıb. Ümumiyyətlə, heç düşünməmişəm ki, məni hansı oğlan daha yaxşı anlaya və qəbul edə bilər. Həyatdır, bilmək olmaz, bəlkə də həyatımı bir idmançı ilə bağladım, ya da bəlkə idmana heç bir aidiyyatı olmayan bir insan məni idmançıdan daha çox anlayar və qəbul edər. Əslində oğlanları da qınamıram. Ona görə də hələ ki, bu mövzuda özümə və onlara şans vermirəm. Çünki mən heç öz ailəmin üzünü görmürəm. Səhər evdən çıxıram, axşam gəlib yatıram. Münasibətlərdə isə diqqət, qayğı olmalıdır, mən ona vaxt ayırmalıyam. Mən isə hələ buna hazır deyiləm.

– Bəs nə zaman ailə qurmaq haqqında düşünürsünüz?

– Çox güman ki, ciddi münasibətim olsa və ailə haqqında düşünsəm, karate ilə vidalaşacam. Çünki münasibətə adi, sıradan bir şey kimi baxmıram. Hazırda mənim üçün karate önəmlidir, həyatımın bir hissəsidir. Mənim uğurlarım bundan sonra başlayır. Hələ bu gündən sonra karatedə öz sözümü deyəcəm. İndiyədək mənə yalnız ailəm, müəllimim, qohumlarım dəstək olub. İndiyədək idmanla məşğul olmağıma heç kim qarşı çıxmayıb. Bundan sonra da qarşı çıxan olmaz. Yalnız ailə qurmağım karatedən ayrılmağım üçün ən böyük səbəb ola bilər. Bir də əgər fiziki baxımdan idmanla məşğul olmağım mümkün olmazsa, o zaman karatedən ayrılaram. Hazırda şükür ki, əlim-ayağım yerindədir və məni karatedən heç nə ayıra bilməz.

– Birdən qarşınıza kimsə çıxdı və sizi elə ovsunladı ki, idmanı unutdunuz…

– İndiyədək belə bir şey olmayıb. Bundan sonra olsa, istərdim məni qarşıdakı 4-5 ildə anlasın və məni idmandan ayırmasın. Əslində sevgi haqqında düşünmürəm. Özümə qadağa qoymuşam. Özümü hər zaman qoruyuram ki, hisslərə qapılmayım. Hazırda ən böyük sevgim karatedir. İndiyədək qarşıma elə bir insan çıxmayıb ki, idmanla onun arasında seçim etməli olum. Qarşıda məni dünya və Avropa çempionatları gözləyir. Məqsədim ya dünya, ya Avropa çempionu olmaqdır. Bu, hər bir idmançının arzusudur. 2017-ci ildə isə Bakıda İslam Oyunları keçiriləcək. Orda da mütləq yaxşı nəticə verməliyəm.

– Bəlkə bütün gün oğlanlarla birlikdə olduğunuz üçün onlar sizə maraqsızdır?!

– Çox zaman inanmırlar ki, mənim xoşuma gələn oğlan yoxdur. Lakin doğrudan da biz oğlanlarla eyni zalda o qədər məşq edir, danışır, oğlan kimi davranırıq ki, onlara adi gözlə baxırıq. Onlar bizim üçün adiləşib. Həm də mənim hər hansı oğlana diqqət etməyə vaxtım olmur. Vaxtım yoxdur ki, şəhərə çıxım, dost-tanışla görüşüm, yeni tanışlıqlar yaransın.

– Heç sizə elçi düşən olmayıb?

– Olmayıb. Yəqin bilirlər ki, mən hazırda ailə qurmaram. Ancaq istərdim ki, gələcək ailə üzvlərim də mənim idmançı olmağımla fəxr etsinlər. İdmançı dostlarımdan olan qızlardan birinin həyat yoldaşı, qayınanası, qayınatası onun idmançı olmağına dəstək olurlar, məşqlərinə, yarışlarına gəlirlər. Belə hallar məni çox sevindirir. Əslində insanlar anlamalıdır ki, bu, bizim həyat tərzimizdir və uğurlarımızı yalnız bu sahədə qazana bilərik. Bizə dəstək olmalıdırlar. Etiraf edək ki, çox ailələr bunu qəbul etmir, “gəlin hara, idman hara?”, – deyirlər.

– Gələcəkdə həyat yoldaşınız dəstək olsa, idmanı davam etdirəcəksiz?

– Fikirləşərəm. Amma bilirəm ki, ailə ilə idman tutmaz. İdmanla məşğul olsam, ailəmə vaxt ayıra bilməyəcəm. Bu da yaxşı hal deyil. Ailəli qadın evinə, həyat yoldaşına, övladlarına vaxt ayırmalı, diqqət yetirməlidir. Çalışacam ki, övladlarım da professional olmasa da, idmanla məşğul olsun. İdman ilk növbədə sağlamlıqdır. Uşaqların idmanla məşğul olması hətta çox vacibdir. İdmana gedən uşaqla getməyən uşaq arasında hər mənada çox böyük fərq var.

– Yanınızdakı insan hansı xarakterə malik olmalıdır?

– Ola bilər ki, mənim idealımdakı insanın tam əksi qarşıma çıxar. Çünki xəyal etdiyimdən fərqli bir insanı sevə bilərəm. O insan idmançı olmasa da, mən ondan güclü olduğumu hiss etdirmərəm. Qadın nə qədər də güclü olsa, kişi ondan güclüdür. Təbii, istəyərəm ki, mənəvi baxımdan güclü insan olsun. Qoldan güclü olmasa da, iradəsi güclü, insanlığı, mənəviyyatı zəngin olsun.

– Heç ağlayırsız?

– Mənən güclü olmağıma baxmayaraq, çox kövrəyəm. Döyüşlərdə məğlub olanda ağlamışam. Həyatda isə yalnız yaxınlarımla bağlı pis bir hal məni ağlada bilər.

– İdmançı xanım kimi adi qızlara baxanda onlar kənardan necə görünür?

– Şərt deyil ki, bütün qızlar idmançı olsun. Qızlarımız ən azı özlərinə, səhhətlərinə, fiziki görünüşlərinə fikir verməlidirlər. Baxırsan ki, cavan qızdır, amma artıq kiloları var. O cür qızları görəndə çox pis oluram. Ən azı özü üçün idmanla məşğul ola bilər. İnsan ilk növbədə özünü dəyərləndirməlidir.

– Xanımlığınızı nə zaman hiss edirsiz?

– Toya, şənliyə gedəndə qız paltarı, hündür daban ayaqqabı geyinəndə, makiyaj edəndə özümü qız kimi hiss edirəm (gülür). Yoxsa idman geyimində, bütün günü məşqdə özümü xanım kimi hiss edə bilmirəm. Baxmayaraq ki, ayda-ildə bir dəfə hündür daban ayaqqabı geyinirəm, amma çox rahat yeriyirəm, hətta toylarda hündür daban ayaqqabı ilə çox gözəl rəqs edirəm. Düzdür, ev işlərini anam edir, ancaq mən də bacarıram, vaxtım olan kimi anama kömək edirəm.

– Pəhriz saxlayırsız?

– İdmançılar daha çox yeməlidir, çünki çox güc sərf edir. Arıq olmağıma baxmayın, məndən çox yeyən yoxdur. İdmançı oğlanlardan çox yeyirəm. Zamanından asılı olmayaraq nə istəsəm, yeyirəm. Heç vaxt çəkimdə problem olmur. Boyum 164 sm, çəkim 52-54 kilo arasında dəyişir. Çox zaman mənim təbii görünüşümə inanmırlar. Bu yaxınlarda belə bir mövzu oldu ki, guya mən burnumu əməliyyat etdirmişəm, qaş əkdirmişəm, dodaqlarım silikondur, üzümdə estetik əməliyyat olunub. Əksinə, mənim burnum qırıqdır, yarışlara, məşqlərə görə əməliyyat etdirməyə vaxt tapmıram. Əslində, estetik əməliyyat etdirməkdə heç bir qəbahət yoxdur, lakin bu, mənim təbii görünüşümdür.

– İdmançıdan çox modelə oxşayırsız. Kinoya, klipə, reklama çəkilmək təklifi olsa, razılaşarsız?

– Yalnız idmançı kimi fotosessiyalarım olub. Bəzənəndə idmançıya oxşamıram. Çox zaman mənə deyirlər ki, modelliklə məşğul olsam, daha yaxşı olar. Aktrisalıq, modellik təklifi gəlsə, əvvəlcə federasiya ilə məsləhətləşərəm. İdmanıma mane olmayacaqsa, çəkilərəm. Lakin idmandan başqa sahə ilə məşğul olmaq istəmirəm. Hər hansı layihədə isə yalnız idmançı kimi iştirak edərəm. Kamera qarşısına keçməyə kompleksim var. Kinoya da yalnız idmançı kimi çəkilərəm. Aktrisalıq edə bilmərəm. Bir neçə klip çəkilişinə dəvət etdilər, lakin federasiya icazə vermədi. Bir kino təklifi var, amma hələ razılığa gəlməmişik.

– Aksessuarlardan istifadə edirsiz?

– Yalnız saat, eynək və çanta. Əlim kobud olduğu üçün üzük yaraşmır. Aksessuarları sevirəm, mağazaya girəndə qız hisslərim oyanır, almaq istəyirəm. Lakin alım hara taxım? (gülür).

– Hobbiniz varmı?

– Musiqi dinləməyi sevirəm. Daha çox pop musiqisi, dinamik, pozitiv musiqilər dinləyirəm. Hətta döyüşlərdən əvvəl elə mahnılar dinləyirik ki, döyüşə hazır oluruq. Musiqi bizə daha çox həvəs verir. Piyada yeriməyi çox sevirəm. Kitab oxumağa hövsələm çatmır. Çox istərdim ki, kitab oxuya bilim. Çünki kitab ağıllı, məntiqli olmağa kömək edir, nitq qabiliyyətini formalaşdırır. Moda ilə maraqlanıram, yeni dəbləri izləyirəm. Kinoya baxmağı sevirəm, özü də daha çox romantik filmlərə. Uşaq vaxtı döyüş filmlərini sevirdim, indi əksinə. Mənim hobbim də, həyat tərzim də, işim də, sevgilim də idmandı.