“Alov dilləri akrobat kimi tullanıb meydançadakı palmaların başını yaladı. Göy üzü qaralmışdı. Zabit şən gülümsünüb Ralfa baxdı:
Biz sizin tüstünüzü gördük. Burda sizin aranızda nə olub? Savaş?”
(Uilyam Qoldinq, “Milçəklərin hökmdarı”)
Bu yay balaca oğlum imtahan verib 1-ci sinfə qəbul olundu. Açığı, Azərbaycan məktəbləri, təhsil sistemi haqda bütövlükdə mənfi ovqata kökləndiyim üçün uşağın sanki Harvarda, Oksforda girirmiş kimi imtahan verməsi mənə bir az ironik göründü. Amma neyləmək olar, qayda hamı üçündür, uşağın 6 yaşı dekabrda tamam olduğundan xüsusi imtahan verməli idi. Bu, mənə bir az da öz uşaqlığımı xatırlatdı. O vaxt mən də məktəbə tez getmişəm, hətta bir il tez getmişəm. Rəhmətlik direktorumuz Bahadur müəllim bu səbəbdən mənim adımı 4 ay jurnala yazmağa da icazə verməyib. Sonra görüblər yaxşı oxuyuram, saxlayıblar. Yadımdadır, sonralar o sinifdən ilk buraxılış ili ali məktəbə girən təkcə mən olmuşdum, direktorumuzla rastlaşanda “məni niyə o vaxt oxumağa qoymadınız” soruşmuşdum. O da zarafatla nəsə deyib, gülüb keçmişdi. Kim bilir, bəlkə də məşhur həkim lətifəsindəkinə bənzər, “sənə düzgün təhsil verilməyib” demişdi.
İndiki məktəblərimizdə təzə təhsil naziri Mikayıl müəllimin tətbiq elədiyi yeniliklərdən biri də məktəb seçimi adlı bir məzəli olaydır. Uşaqlar əgər imtahanı uğurla versələr nazirliyin saytında hansısa məktəbləri seçirlər. Guya bunun da nəsə fərqi var. Əgər ən dəbdəbəli məktəblərimizdə də oxuyanlar son 3 sinifdə repetitor yanına gedib pulla əlavə təhsil almağa məcburdursa, hansı məktəbdə oxumağın fərqi nədir? Hərçənd o repetitorların da hamısı savadlı deyil. İnsan tanıyıram, son 1 ildə uşağın repetitorlarına 3 min manat xərcləyib, ancaq uşaq qəbulda 190 bal yığdı.
Qayıdıram 1-cilər, daha doğrusu, “xüsusi istedadı olan uşaqlar üçün” dəbdəbəli adı qoyulan imtahana. İnsafən, Təhsil Nazirliyi imtahan prosesini gözləmədiyim qədər səviyyəli, obyektiv keçirirdi. Hər bir uşaq üçün ayrıca imtahan vaxtları saatına, dəqiqəsinə qədər bölünmüşdü, nəticədə balacalar nə basabas, nə növbə sıxıntısı görmədilər. Hətta imtahan prosesi videoçəkilişə alınırdı ki, gələcəkdə mümkün şikayətlər araşdırıla bilsin. Bunları uşaq artıq imtahandan uğurla keçdiyi üçün yazmıram. (İstəsəniz bu yerdə qımışa bilərsiniz, çünki imtahanın nəticəsini öyrənmədən bir azərbaycanlının həmin prosesə obyektiv yanaşması ancaq lətifələrdə olur). Biz, necə deyərlər, həyatın yalnız ağ və qara rənglərdə olmadığını görməliyik. Boz rəng də var. Hamısı, əlbəttə, dövlət rəhbərliyinin atalıq qayğısı nəticəsində baş verir.
Ancaq prosesdəki xırda qüsurları da yazmaq borcumuzdur. Əminəm Mikayıl müəllim bu istiqamətdə tədbirlər görəcəkdir. Örnək üçün, birinci sinifə qəbul sualları arasında “Ümummilli liderimiz kimdir? Prezident kimdir? Birinci xanım kimdir?” tipli suallar var idi. Lakin “15 iyun Milli Qurtuluş Günü hansı bayramı bildirir?”, “Lissabon sammitindən neçə il keçir?” sualları uşaqlara verilmir. Nə üçün? Niyə biz tariximizə ögey yanaşırıq? Hər bir uşaq bunlardan əlavə OMON üsyanının yatırılma səbəblərini, Elçibəyin hara qaçdığını, Surətin hazırda harda işlədiyini və sairəni də bilməyə borcludur.
Yaxud hələ altı yaşı olmamış uşağa “dövlət atributlarımızı say” sualı vermək düz deyil. Elə bu səbəbdən mənim oğlum atribut sözünü lağa qoyub gülürdü.
Başqa bir sual Azərbaycan reallığı baxımından faciəvi şəkildə ironik idi: “Əgər parkda valideynlərini itirsən birinci kimə müraciət edərsən?” Guya düzgün cavab “polisə” olmalıydı. Ölkədə hamı uşağını polislə qorxudur, belə sual olarmı? Elə bil biz, iraq olsun, Almaniyada-zadda yaşayırıq. Ya da İspaniyada (Mikayıl müəllim söhbəti bilir). Ona görə mənim oğlum tam səmimi cavab verdi ki, valideynlərini itirsə ağlayar.
İtin şəklini göstərib “bu ev heyvanıdır, yoxsa çöl heyvanı” sualını vermək də məntiqi baxımdan düz deyil. Avstraliyada yaşayan dinqo adlı çöl heyvanı, vəhşi heyvan var və dinqolar itdir. Bütün itlər ev heyvanı deyil. Hətta yeri gəlsə pişiyi də tam olaraq ev heyvanı saymaq uşaqları birinci sinifdən aldatmaqdır. Bəs çöl pişiyi necə olsun?