“Bizim mütəxəssislər – doktor davam elədi – uzun illərdir bir çox heyvanların və həşəratların paranormal özəlliklərini öyrənirlər. Xüsusilə biz dəvədəlləklərini araşdırmışıq, anlamağa çalışmışıq bu həşəratlar necə olur uzun müddət tam hərəkətsiz dayanırlar”.
(Viktor Pelevin, “Oxuyan kariatidlər zalı”)
Son vaxtlar Xəzərin sahil zolaqlarında, özü də şimaldan cənuba hər yerdə çoxlu çəyirtkələrə rast gəlmək olar. Ekoloqlarımız deyirlər guya bunlar isti ölkələrdən, Türkmənistan, Orta Asiya tərəflərdən uçub gəlirlər. (Qəribədir, indicə “Türkmənistan” yazarkən texniki yanlışlığa yol vermişdim, “Türmənistan” alınmışdı. Azadlıq olmayan dövlət üçün necə simvolik addır. Necə ki, bəzən bizim adımızı səhvən “Bazarbaycan” yazırlar).
Amma mənim ekoloqlarımıza inanmaq fikrim yoxdur. Onların çoxu “yağış niyə yağır”, “külək niyə əsir” tipli suallara cavab tapmayacaq qədər avam, bəzən isə fırıldaqçı insanlardır. Məsələn, biri var, hərdən telekanalizasiyaya çıxıb Kürdəmirdə son 50 ildə niyə qar yağmadığını Amerikanın Alabama ştatında quyuda yaşayan masonların əməli kimi yozur. İndi bundan nə gözləyəsən? Kinoda deyilən kimi: “Tüfeyli, qrabitel…”
Bəs mənim sarança tipinə bənzəyən bu çəyirtkələr haqda fikrim nədir? İlk növbədə, ona diqqət edin ki, bu çəyirtkələr Xəzər üzərindən uçub gəlsələr də, o boyda məsafə qət eləsələr də ölkəmizin daxili aləminə nüfuz edə bilmirlər. Eləcə sahildə, sahilə yaxın zolaqda batıb-qırılırlar. Çünki heç kim bizim daxili işlərimizə qarışa bilməz! Çünki bizim ölkənin daha böyük, daha uzunömürlü zərərverici həşəratlardan ibarət komandası vardır! Bizim “çəyirtkələr” həmin çəyirtkələri doğulduqları günə peşman edirlər, analarını ağladırlar. Bizdə elə icra başçıları var ki, çəyirtkə həşəratlığıynan bu həşəratın ərazisindəki kənd icra nümayəndəliyinin bir alaq otunu yeyə bilməz! Basıb həmin çəyirtkənin gözünü çıxararlar, qalar ciyildəyə-ciyildəyə.
Əslində mən ayrı mövzuda yazmaq istəyirdim, bilmirəm bu çəyirtkələr hardan gəlib yazımın içinə doluşdular. Lənətə gəlmişlər… Yazımın yarısını da yedilər.
Hər il yay gələndə hökumət kəndlinin qəsdinə durur, qarpız daşıyan maşınların şəhərin mərkəzinə girişini qadağan edir. Bu il paytaxtı Avropa Oyunlarının istifadəsinə vermişdik, gələn il isə Formula-1 yarışları qayırılacaqdır. Hökumət Evinin qabağında, Azadlıq meydanında maşın yarışları üçün bina, moyka, zapravka tikiləcəkdir. (Vallah, neçənci dəfədir deyirəm: uzun “yanacaqdoldurma nəntəqəsi” sözündənsə bu zapravka sözünü rəsmən dilimizə qəbul eləyək, millət də rahat olsun, yalançı ziyalıların əlində əsir qalmasın. Yoxsa hamısı evdə-eşikdə rusca danışırlar, telekanalizasiyaya çıxanda guya millətçi olurlar).
Amma təəssüf ki, Azad Rəhimov müəllim – bizim verdiyimiz qəpikləri basıb yeyən nazirliklərdən birinin şefi maşın ötüşdürmə yarışına neçə manat xərcimiz çıxacağını demir. Misal üçün, jurnalist soruşur, Azad müəllim, sizcə, yarış dövlət büdcəmizə zərər vuracaqmı? Azad müəllim cavab verir: “Məncə, Üzeyir Namiq Qaraçuxurludan geri qalan müğənni deyil”. İkinci sual belə olur ki, Azad müəllim, maşın yarışı Bakının qədim hissəsinə zərər vuracaqmı, buna da hörmətli nazirin hazır cavabı vardır: “Dünən iki şiş tikə, bir şiş dana basdırması, üç şiş quzu pətənəsi, dörd şiş fil yumurtası yeyib üstündən bir vedrə ”Bordo” şərabı, yarım kilo ayran, 400 qram araq, bir çəllək qatıq, bir qazan dönər vurmuşam, nəsə özümü narahat hiss edirəm”.
Nazirin yarışları həvalə elədiyi bəni-adəmlərdən biri isə çox unikal söz deyibdir. Deyir, binanın adı Hökumət Evidir, içəridə olsa-olsa 3-4 nazirlik var.
Doğrudan da bizim Nazirlər Kabineti tam şəkildə guya nəyə yarayır? Ondansa bütün nazirlikləri söküb yerində turp əkmək yaxşıdır. Artur müəllim də kartinqlə məşğul olsun, bəlkə medal qazandı, respublikaya bir xeyri oldu.
İndi söz əlaqədar təşkilatlarındır.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.