Ukraynanın paytaxtı Kiyevdə “Sağ sektor”un minlərlə tərəfdarı etiraz aksiyası keçirir.
Anspress-in məlumatına görə, “Xainlər, rədd olun!” şüarı altında keçirilən mitinq sakit şəkildə davam edir.
Etirazçılar ekstremist qruplaşmanın liderlərinin çıxışlarını gözləyirlər.
Maydanda təxminən 3-4 min nümayişçi toplaşıb. Bununla yanaşı, Kiyevin digər küçələrində “Sağ sektor” tərəfdarlarının yürüşü də baş tutub. Yürüş zamanı ekstremistlər Kiyev hökumətinin etibarlılığı ilə bağlı təcili referendumun keçirilməsini tələb ediblər.
Ukrayna mətbuatının yazdığına görə, Maydanda 3-4 min etirazçının toplaşmasına baxmayaraq nümayişçilər gəlməkdə davam edirlər. Ehtimal olunur ki, bir neçə saat ərzində Maydana daha bir neçə min insan gələcək. Maydanda “Sağ sektor” və könüllülər batalyonunun liderlərini çıxış edəcəyi gözlənilir.
Aksiya sakit şəkildə davam edir, nümayişçilərin çoxu kamuflyaj olub. Etirazçıların çoxu Ukrayna prezidenti Pyotr Poroşenkonun da əleyhinə şüarlar səsləndiriblər.
“Sağ sektor”un rəsmi saytında bildirilir ki, Pyotr Poroşenko rejimi tamamilə etibarsızdır.
Maydana minlərlə insanın axışması nəticəsində paytaxtda təhlükəsizlik tədbirləri artırılıb. Maydana bir neçə avtobusla hüquq-mühafizə orqanlarının əməkdaşları gətiriliblər.
Nümayişçilər Maydanda çadırlar qurmayacaqlarını bəyan ediblər.
Millətçi qruplaşmanın lideri Dmitri Yaroş bildirib ki, artıq prezidentin istefası haqqında danışmaq lazımdır. Çünki Poroşenko öz yerində deyil. Onun sözlərinə görə, hökumət Mukaçevada baş verən hadisələrdən sonra “Sağ sektor”a qarşı informasiya müharibəsinə başlayıb.