Arzuladığımız insanla tanış olanda biz ideal sevgi ssenarisi yazırıq. Xəyallarımızda onu böyütməyə başlayırıq: uzun illərin birgəliyi, qayğıkeşlik, böyük gül dəstələri, ay işığı altında görüş, romantik və sevgidolu baxışlar və etiraflar…
Sənə elə gəlir ki, əsl sevgi macərasının ssenarisi elə belə də olmalıdır. Amma çox vaxt şablon düşüncələr hisslərin məhv olmasının ilk səbəbidir. Unutma ki, hər bir «Love story» digərindən fərqlənir, hər bir insan bu hissləri başqa şəkildə yaşayır. Və sənin hekayən ən fərqlisi, ən gözəli, ən şirini ola bilər. Bunun üçün sənin tək işin münasibətləri çərçivəyə salmadan yaşamaqdır. Qurduğun ssenarini ləğv edib, hər şeyi öz axarına buraxmaq ən yaxşı variantdır. Həyatını gözəl yaşamağa mane olacaq hisslərinə qarşı qoymağı öyrən. Bu hisslər daim yaşadığın qorxu, təşviş və qınaqdır. Sən hər saniyə onu itirməkdən qorxursan. Digər tərəfdən isə hər gün ya onu, ya da özünü danlayırsan.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, izahı olmayan qorxu hissləri xoşbəxt sevgi hekayəsini kabusa çevirə bilər. Bunu yaşamamaq üçün narahatçılığının səbəbini aydınlaşdırmağa çalış.
Ümumi fikir:
Biz tez-tez deyirik: «Mən qorxuram…». Xəyali təşvişlər haqqında fikirləşirik: «Qorxuram ki, o, məni tərk edəcək», «Qorxuram ki, pis ana olacam», «Qorxuram ki, pulsuz qalacağıq», «Qorxuram ki, qaynanamın xoşuna gəlməyim»… Psixoloqlar bu yersiz hissləri «fərqləndirilməmiş gərginlik» adlandırırlar. Hazırkı vəziyyətdə isə heç bir real təhlükə olmadığı halda sən fantaziyaların əsirisən. Bu fantaziyaların yaranmasına ya köhnə münasibət, ya ətrafdan eşitdiklərin, ya da xəyalların səbəb olur. Bu narahatlığın ilk səbəbi də odur ki, biz böyüsək də özümüzü valideynlərimizdən asılı hiss edirik. Digər səbəb isə odur ki, biz hazırkı vəziyyətlə deyil, keçmişlə yaşayırıq. Hər bir həyəcan yaşadığın müddətdə inkişaf edir. Sən hərəkətə keçməzdən əvvəl düşünürsən: «Görəsən nə olacaq, əgər…».
Bütün kişilər – xüsusidir…
Həyatında həmişə düzgün insanlar olmur. Sən özündən ssenarilər uydurmağı, sevgi haqqında xəyal qurmağı xoşlayırsan. Amma nə vaxt ki kiminləsə tanış olursan, üçüncü görüşdən sonra ağlını itirməyə başlayırsan: artıq görürəm ki, necə ailə qururuq, uşağımız olur, onları böyüdürük… Amma bir müddət keçəndən sonra gözündəki pərdə enir – onun çatışmayan cəhətləri ortaya çıxmağa başlayır. Fikirləşirsən ki, o, dostları ilə şənliyə gedir, içki içir və evə gec gəlməyə başlayır. Hazırda sənin çox gözəl münasibətin var. Amma bu xoşbəxt olmağına kifayət etmir. Elə düşünürsən ki, yuxudasan, ayılanda hər şey reallaşacaq, xəyallarındakı bu qorxu gerçəkləşəcək və nəticədə, münasibətiniz dəhşətə çevriləcək. Yenə də sənin sevgi hekayən alınmayacaq.
Məsləhət: Sən var olanı görmürsən, ancaq keçmişlə, köhnə vərdişlərinlə yaşayırsan. Alışqanlıqlar insanın yalnız enerjisini sovurur. Amma ola bilər ki, reallıq insanın gözlədiyindən çox yaxşı və ya pis ola bilər. Sənin xəyallarında canlandırdığın müvafiq olmayan reallıqlar həyatını proqramlaşdırmağına səbəb ola bilər. Ona görə də çoxları nə vaxtsa reallaşacağını ağıllarına belə gətirmədikləri gələcəkləri ilə bağlı sonsuz xəyallar içərisində yaşayırlar. Bəziləri xəyal qurur və heç nə də etmirlər. Bəziləri isə yalnız pis hadisələri gözləyərək yaşayırlar. Amma sənin bu neqativ halın davam etsə, bütün pislikləri özünə cəlb edəcəksən. Təşviş içində keçəcək həyatın heç də xoş olmayacaq.
Səhvlər üzərində iş: Səni yersiz təşvişdən fikrini reallığa yönəltmək xilas edə bilər. Özünə sual ver: «Görəsən, baş verəcək hadisəni işarə edən siqnal varmı?». Əgər bu siqnalları tuta bilmirsənsə, özünə ikinci sualı ver: «Onda mən nəyə reaksiya göstərirəm?». Hərdən öz-özünə düşünürsən: «Bütün kişilər etibarsızdır». Elə münasibəti korlayan da sənin bu düşüncəndir. Çalış, kişilərə qarşı beynində formalaşdırdığın bu fikirdən azad ol. Bu, o qədər də çətin deyil. İnsan yalnız uşaq yaşlarında fikrindən əl çəkmir. Böyüyəndə isə onlardan xilas olmaq mümkündür. Onun hərəkətlərini nəzarətə götür. Beləcə, kişiyə inana, onunla gözəl münasibət qura bilərsən. Unutma ki, qadını ələ almaq kişiyə, kişini əldə saxlamaq isə qadına xas olan bir işdir.
Sevgi polad olmaq üçün həmişə közərən dəmirə bənzəyir.
(Maksim Qorki)
Həyəcan boşanma səviyyəsinə çatıb
Xalan, bibin, nənən həyat yoldaşından boşanıb. Bu da səndə narahatçılıq hissi oyadıb: «Yəqin mən də ərə getsəm belə olacaq. Bu, bizdə nəsillikcədir». Düşünürsən ki, sən güclü qadınsan, hər şeyi özün edə bilərsən. Hazırda sənə xoşbəxtlik bəxş edən bir münasibətin var. Sən bu haqda heç kimə danışmamısan. Çünki məsləhətlər, tənqid və müzakirələr istəmirsən. Sevgilin evlənmək istədiyini deyir, amma sən məsələni uzadırsan… Çünki münasibətləri itirməkdən, sonradan boşanmaqdan qorxursan.
Məsləhət: Qadınların güclü olduğunu qəbul etməyin çox gözəl haldır. Hazırkı dövrdə müstəqillik eqosentrizm və tənhalığa hazırlıq hesab edilir. Elə sənin boşanmaqla bağlı düşüncələrinə də bu səbəb olur. Ailədə hər şeyə o qədər önəm verirsən ki, həyat yoldaşını ikinci plana keçirirsən. Hər hərəkətinlə göstərməyə çalışırsan ki, hər şeyi ondan yaxşı etməyə qadirsən və onun varlığına ehtiyacın yoxdur. Sizin münasibətiniz iki ssenari üzərində davam edir: ya sən hərəkətlərinlə onun lazımsız olduğunu sübut etməyə çalışırsan – o, ayrılıq qərarı verir; ya da o, sənin sözlərini qulaqardına vurur, sən isə açıq-aşkar ondan getməsini istəyirsən.
Səhvlər üzərində iş: «Atçapan» qadın olmağa çalışma. Kişiyə öz xüsusiyyətlərini göstərməyə imkan ver: qərar qəbul etmək, məsuliyyətləri üzərinə götürmək və ailəni idarə etmək. Axı ailədə kişi və qadın bərabərhüquqlu deyil. Kişi daha sərt, daha ciddi və güclü olmalıdır. Sevgilinə inanmağa çalış. Öz məqsədini, düşündüklərini bir daha nəzərdən keçirtmək hələ ki, gec deyil. Çünki boşanmaq nəsillikcə keçən bir xəstəlik deyil. Hər şey qadının və kişinin istəyindən asılıdır. Əgər onunla xoşbəxt həyat sürürsənsə, onda əmin ol ki, boşanmaq üçün heç bir səbəb yaranmayacaq.
Brend sima
Sənə elə gəlir ki, siman insanlara pozitiv enerji bağışlamır. Hər gün güzgüyə baxanda sən bunu düşünürsən və dayanmadan təkrarlayırsan. Əsasən də səni artıq çəkilərin narahat edir. Fikirləşirsən ki, indi bütün kişilər arıq, incə xanımları xoşlayırlar. Elə buna görə də sən bir insanla münasibət qurub, sevgi macərası yaşamaqdan qorxursan. Hər an qorxu içəindəsən: o, səni atacaq və daha gözəl xanımla tanış olacaq. Hətta bu tip hadisələr həyatında bir neçə dəfə təkrarlanıb da. Sən biri ilə tanış olmusan, amma bir müddətdən sonra ayrılmısan. Bütün bunlar da həyatda ömrünün sonuna kimi tənha yaşamaq qərarına gətirib çıxarıb.
Məsləhət: Sən dimorfofobiyə tutulmusan. Bu, çox yayılan bir problemdir. Bu halda insan keçmiş, hazırkı və gələcək probleminin tək günahkarı kimi bədəninin bəyənmədiyi bir hissəsini görür. Unutma ki, insan bədənini, özünü idarə edə bilər, amma başqasını onu olduğu kimi qəbul etməsini məcbur edə bilməz. Buna görə də ilk növbədə öz problemini həll etməyə çalış. Sənin günahkarın – bədənindir. Buna görə də sən hər bir ciddi münasibəti təhlükə kimi qarşılayırsan. Unutma ki, insanın görünüşü ilə qarşılayıb, ağlı ilə yola salırlar. Ola bilsin ki, sənin düşüncələrin, münasibətin o qədər gözəldir ki, qarşı tərəf buna heyran qalıb.
Səhvlər üzərində iş: Dəyişmək, sevmədiyin bir formanı yeniləmək sənin əlindədir. Səhər yuxudan duranda güzgüyə bax. Nəyi bəyənmirsən? Saçlarını, burnunu, yoxsa artıq çəkini? Elə bu andan etibarən işə keç. Hər halda arıqlamaq o qədər də çətin iş deyil. Gözəllik salonuna get, saçlarını rənglə, yeni paltarlar al. Özünə fikir verməyə başla. Kişi komplimentlərinə inanmağı öyrən. Bütün bunlarla yanaşı özünü sadə, mehriban aparmağı da unutma.
Pul yoxsa sevgi?
Sənin üçün sevgi ilə yanaşı pulun da önəmi böyükdür. Elə düşünürsən ki, xoşbəxt yaşamaq üçün pul vacibdir. Hətta ətrafda eşitdiklərin də sənə təsir edir: «Oğlan işləmədiyi üçün qız ondan boşandı?», «Bütün günü evdə pul söz-söhbəti gedir»… Bütün bunlar beynində yalnız bir fikir formalaşdırıb: əgər pul varsa, xoşbəxt ailə də var; pul yoxdursa, demək, ailə uzunömürlü ola bilməz. Hər ikiniz çalışırsız, amma buna baxmayaraq, aranızda həmişə «maliyyə böhranı» var. Hər gün onu çox pul xərclədiyi üçün danlayırsan. Münasibətlərinizdə səni qorxudan tək səbəb pul və boşanmaqdır.
Məsləhət: Yoxsulluqdan qorxan insanlar varlı ərə və ya arvada meyilli olmurlar. Onlar zəhmətkeşdirlər. İnsanların beynində bir fikir formalaşıb: əgər sən kasıbsansa və çalışmağı sevirsənsə, gələcəkdə heç kimə yük olmayacaqsan. Ancaq öz gücünlə ayaqüstə duracaqsan. Sən kişilərə etibar etmirsən, çünki ətrafda pulsuzluq ucbatından boşanan insanları görmüsən. Düşünürsən ki, sevgilin də buna görə səndən ayrılacaq. Amma unutma ki, sevgi olan yerdə pul o qədər də önəm daşımır. Əgər sən onu sevirsənsə və siz çalışırsınızsa, demək, ailənizdə heç bir problem yarana bilməz.
Səhvlər üzərində iş: Eşitdiklərinlə hazırkı həyatın arasında sərhəd qoymağa çalış. Görəcəksən ki, sən artıq böyümüsən və bu kimi problemlərin öhdəsindən gələ bilərsən. Real həyatda insanlar tez varlandıqları kimi, tez də kasıblaya bilərlər. Yanında varlı kişinin olub-olmamasına baxmayaraq, maliyyə problemləri səndən yan ötə bilməz. Unutma; əgər sən işləyirsənsə, onda maddi sıxıntılarla çox asanlıqla mübarizə apara bilərsən. Nəyisə pula görə itirməkdən qorxma. İnsana xoşbəxt yaşamaq üçün daxili rahatlıq vacibdir.
Hər bir ayrılığı itki hesab edirsənsə, demək, sən emosional asılılıq yaşayırsan.
Ondan asılı olmaq
O işdən gec çıxır… Dostları ilə gecə klubuna gedib, saatlarla «itir…» Telefonlarına cavab vermir… Söz verdiyi vaxtda gəlib çıxmır… Sən narahat olursan, özünə yer tapmırsan. Onun dostlarına, qohumlarına zəng etməyə başlayırsan. Evə gələnə və onu qucaqlayana qədər sakitləşmirsən. Hər dəqiqə onu itirməkdən, çıxıb getməsindən, sənə xəyanət etməsindən qorxursan. Ya da o xəstədir; səhərə kimi dəfələrlə oyanıb, onun nəfəs alıb-almadığını yoxlayırsan. Artıq neçə illərdir ki, sən təşviş içərisində yaşayırsan.
Məsləhət: Bu, insanı dəli olmaq dərəcəsinə çatdırmağa qadir olan asılılıqdır. Sən onu itirməkdən və həyatının alt-üst olmasından qorxursan. Görünür, həyatında çox ağır bir ayrılıq olub: sənə yaxın olan kimisə itirmisən. Bu da bütün həyatın boyu səni narahat edəcək. Sənin tək qorxun sevgilinin həyatından getməsi deyil. Sən həm də onun başına bir iş gəlməsindən narahatsan.
Səhvlər üzərində iş: Sənə məsləhətlərlə bağlı siyahı vermək olardı. Amma bu, heç bir işə yaramayacaq. İnsan telefona gecikə, hətta cavab verməyə də bilər. Bu, həyəcan siqnallarını işə salmalı deyil. Xatırla: hərdən işin olanda sən də zənglərə cavab verə bilmirsən. Rəfiqələrinlə danışmağa vaxt tapmırsan. Bax, sevdiyin insan da həmin vəziyyətdə ola bilər. Yaxşısı budur, sən özünə yaxşı bir psixoloq tapasan.
Hər şey sənin əlindədir
Qadın kişi üçün heç vaxt ilk addımı atmamalıdır. Bu addım kişilərin ixtiyarındadır. Sevdiyin və bəyəndiyin insan isə sənə yaxınlaşmır. Buna görə də əzab çəkirsən. Hər şeyin sənin əlində olduğunu düşünürsən. İlk addımı özün atıb, onunla tanış olmaq istəyirsən. Amma bu hərəkətinlə onun gözündən düşməkdən qorxursan. Sən təşviş içindəsən: əgər mən onunla tanış olmasam, o gedib başqası ilə münasibət quracaq.
Bunları düşündükcə yaşamaq, onu kənardan izləmək sənə əzab verir.
Məsləhət: Hesab edilir ki, kişi istədiyi qadının soyuq qəlbini ələ almağı bacarmalıdır. Əgər ilk addımı qız atırsa, o, kişinin gözündə rahat əldə edilən və maraqsız olur. Bundan sonra o qızla bağlı heç vaxt ciddi fikirdə olmayacaq. Qızların qəlbini qazanmaq üçün Fərhad kimi külüng vurmaq çox qədimdə qalıb. İndi tanışolma ərəfəsi olduqca adi və sadədir. Amma sən hələ də ona yaxınlaşmaq kimi bir vəzifəni boynuna götürməkdən çəkinirsənsə bu, doğrudur.
Səhvlər üzərində iş: Burada bəzi məsələlər sənin üzərinə düşür. Sən onu bəyəndiyini baxışlarınla, gülümsəmənlə göstərə bilərsən. Əmin ol ki, heç bir oğlan bu cür baxışlardan yan ötə bilməz. O, sənin hisslərini həmin an anlayacaq. Bundan sonrası sənə bağlıdır. Çalış, tanışlıq ərəfəsi üçün elə də narahatçılıq keçirtməyəsən.