Yeni dövrün tələbi budur: ətçəkən maşının bunkerinə düşmədən həqiqəti yazmaq
Ötən il oktyabrın 5-də müəllimlərin peşə bayramıydı, prezident İlham Əliyev ölkədə yaşayıb-işləyən müəllimlərdən bir xeylisinə fəxri adlar, mükafatlar verdi.
Həmin il noyabrın 22-də ədliyyə işçilərinin bayramı oldu, dövlət başçısı bu münasibətlə ədliyyə sistemində çalışan xeyli adama yeni rütbələr, fəxri adlar və medallar verdi.
İyunun 17-də səhiyyə işçilərinin peşə bayramıydı, prezident bu sahədə çalışan şəxslərə fəxri adlar, medallar, mükafatlar payladı.
Bu minvalla hər il oktyabrın 13-də dəmiryolçuların, iyunun 26-da hərbçilərin, iyulun 2-də polislərin, oktyabrın 10-da yanğınsöndürənlərin, mayın 23-də ekoloqların, iyunun 5-də melioratorların, avqustun 18-də sərhədçilərin, fevralın 1-də vergi işçilərinin, yanvarın 30-da gömrükçülərin, oktyabrın 1-də prokurorluq işçilərinin, iyunun 23-də dövlət qulluqçularının peşə bayramı qeyd olunur və prezident bu bayramlarla əlaqədar həmin sahələrin peşəkarlarına fəxri adlar, medallar (əsasən “Tərəqqi”), mükafatlar verir.
Yəni hər il xüsusi peşə bayramlarında minlərlə adam mükafat alır, təltif olunur.
Baxaq, görək, bu, peşəkar və sosial mediada uzun-uzadı müzakirə predmeti olurmu? Olmur. Bəlkə bəzi hərbçilərə general rütbəsi, ya da hansısa vəzifəli şəxsə “Şöhrət” ordeni veriləndə bu, epizodik olaraq bir-iki yazıya mövzu ola.
Bir qayda olaraq, bu kimi təltiflərin üstündən keçilir, heç kim gömrükçülərin, vergiyığanların, melioratorların hansının bu mükafata layiq olub-olmadığı barədə uzun-uzadı mübahisə etmir.
Ancaq budur, mətbuat işçilərinin peşə bayramı qeyd olunub, bir sıra həmkarlarımız haqlı-haqsız mükafatlandırılıb və bu istər mediada, istərsə də ictimai-siyasi arenada geniş müzakirələrin, mübahisələrin mövzusudur. Haray-həşir, şivən ərşə qalxıb.
“Bununla da media öldü”, “Mətbuat köləyə çevrildi” yazanlar, mükafat alanları ucdantutma “yaltaq” adlandıranlar, təhqir edənlər var.
Bu, maksimalist və anormal yanaşmadır. Bir qrup jurnalistin mükafatlandırılması ilə media ölən və ya köləyə çevrilən deyil.
Ona qalsa totalitarizmin hökm sürdüyü sovet dövründə də qəzet-jurnallar sırf partiya-sovet təşkilatlarının orqanı kimi fəaliyyət göstərirdi, hamısı eyni şüarla (“Bütün ölkələrin proletarları, birləşin”) çıxırdı, heç biri SSRİ-də olan ciddi neqativ hallardan yazmırdı, hamısı yalan yazmağa, yalançı təbliğat aparmağa məhkum idi, ancaq hər halda bu söz sənəti yaşayırdı. Yenə də vicdanlı jurnalistlər vardı və onlar sətirlərin arasında olsa da, öz düşüncələrini, həqiqətləri yazmağa çalışırdılar, bir yolunu tapıb xalqa nəsə çatdırırdılar.
Totalitarizmin məhv edə bilmədiyi medianı avtoritarizm boğa, öldürə, köləyə çevirə bilməz. Düzdür, total basqılar, təqiblər, repressiyalar elə bir mühit yarada bilər ki, jurnalistlər əvvəl yazdıqları sərtlikdə, çılpaqlıqda yaza, cürətli araşdırma apara bilməzlər, amma bu, o demək deyil ki, hamı bir qəlibdən çıxmış kimi kölə olacaq və ölkədəki neqativlikləri, iyrənclikləri görəcək, dinc-dinməz duracaq, zülmə ortaq olacaq.
Jurnalistlərin mükafatlandırılmasına bu sayaq həssas münasibət bir gerçəyi də üzə çıxarır. Demək, ictimaiyyətin jurnalistlərdən gözləntiləri böyükdür, hətta çox böyükdür.
Hamı hesab edir ki, ölkədə haqq-ədalətin bərqərarı, azad və şəffaf seçki mühitinin yaradılması, korrupsiyanın cilovlanması, bir sözlə, ölkənin normal, mədəni Avropa ölkələrindən birinə çevrilməsi istiqamətində əsas yük mətbuatın üzərindədir.
Ölkədə bütün sosial-iqtisadi sferalarda vəziyyət, kobud desək, it günündə ola bilər, amma mediada durum ideal səviyyədə olmalıdır. Belə çıxır ki, birinci (icra hakimiyyəti), ikinci (qanunvericilik), üçüncü (məhkəmə) hakimiyyət qollarının funksionallığı, qanunlara nə dərəcədə riayət etməsi, dürüst fəaliyyəti müzakirə mövzusu olmaya da bilər, amma dördüncü hakimiyyət onların fövqündə dayanmalı, üst qurum kimi davranaraq, ədaləti təmin etməlidir.
Bu da utopik yanaşmadır. İllərdir işin içindəyik, xalqın medianı son instansiya hesab etdiyinin, əlacı hər şeydən kəsiləndən sonra mətbuatın üstünə qaçdığının fərqindəyik. Redaksiyaya gəlib icra başçılarından, polis rəislərindən, prokurorlardan, məhkəmə hakimlərindən şikayətlənən sadə adamlar bəzən hesab edirlər ki, biz onlardan güclüyük, istəsək, onları cəzalandıra bilərik.
Yüzlərlə belə faktın şahidi olmuşuq. Adamlara bəzən izah edə bilməmişik, bəzən də onlardadakı son ümidi qırmaq istəməmişik, deməmişik ki, əslində elə deyil, bizim gücümüz yalnız yazmağa çatır, yazdıqlarımız isə lap yuxarıda oturanları diqqətinə çata da bilər, çatmaya da, keflərinin kök vaxtına düşə də bilər, düşməyə də.
Bizə qalsaydı, nə vardı ki… İndiyədək bütün zalımları, tamahkarları cəzalandırar, bütün günahsız məhbusları azad edər, haqqı əlindən alınanların haqqını özünə qaytarardıq. Ancaq bütün bunları etmək bizim – jurnalistlərin imkanı xaricindədir. Hər şeyə cavabdeh durumuna gəlmək, həddindən artıq çox məsuliyyət daşımaq o qədər də xoş deyil, hətta adam bu yükün altında əzilir.
Fikir verin, prezidentin sərəncamı ilə 180 media işçisi təltif olunub. Bunlardan təxminən 150-dən artığını ictimaiyyət tanımır, 10-15-ni də nisbətən az tanıyır, ancaq 3-5 jurnalist var ki, onların şöhrəti o birilərindən çoxdur. Ancaq ictimai-siyasi fəallar 180 nəfərin 179-nu bir tərəfə qoyublar, “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlunu bir tərəfə. İki gündür onun adını azı 10 min dəfə hallandırıblar.
Çoxları etiraf edir ki, R.Arifoğlunun müstəqil Azərbaycan mediasının inkişafında danılmaz xidməti, əməyi var və o, əslində lap çoxdan əməkdar jurnalistdir. Yaxşı, adam bu fəxri adı haqq edibsə, indi, uzun illərdən sonra alırsa, problem nədir?
Demək ki, məsələ R. Arifoğlunun (yaxud da bir başqasının) layiq olduğu fəxri adı almasında deyil, ona o adı kimin verməsindədir.
Əgər R. Arifoğluya fəxri adı İlham Əliyev yox, həmin vəzifədə olan ixtiyari başqa bir siyasi xadim versəydi, o zaman baş redaktoru məhz həmin şəxsin müxalifləri söyüb-yamanlayacaqdı.
Əməkdar jurnalist adı alması ilə eyni vaxtda R.Arifoğlunun öz partiyalılığına sob verməsi isə o demək deyil ki, “Yeni Müsavat” sabahdan iqtidar qəzeti kimi çıxacaq. Bunu gözləyənlər, arzulayanlar var, amma umsuq olacaqlar. Qəzetimiz tənqidçi qəzet olaraq qalacaq, xalqın üz tutduğu son instansiya olmaq statusunu saxlayacaq, özünü ətçəkən maşının bunkerinə salmadan haqq-ədalət davası aparacaq. Hər kəs bunu belə bilsin.
Dəfələrlə yazmışıq, yenə təkrar edək. Bu ölkədə siyasi dairələr və qrupların demək olar ki, heç biri mediaya müstəqil, neytral institut kimi baxmır. Hamısı onu “doğmalar”a, “yadlar”a ayırır. Nə qədər peşəkar, istedadlı olursan, ol, mütləq bir tərəf səni “doğma” sayıb öyəcək, o biri tərəf “düşmən” elan edib söyəcək. Sırf müstəqil olmaq istəsən, hər iki tərəf söyəcək – biri şiddətlə, bir astadan, biri üzdə, o biri daldada.
Vəziyyət bu cürdür. Ona görə də artıq öyənlərin və söyənlərin replikası önəm daşımır. Vaxt gələcək, hər kəs medianın əsas missiyasının, peşə prinsiplərinin nə olduğunu başa düşəcək. Əgər o vaxtı görmək bizə qismət olmasa da, eybi yox, əsas odur ki, o gün gələcək.