YUĞ Teatrı ilə Akademik Milli Dram Teatrı arasında yaranan gərginlik daha da böyüyüb.
Buna səbəb YUĞ Teatrının baş rejissoru Gümrah Ömərin AzNews.az-amüsahibəsində sözügedən kollektivin ünvanına ağır ittihamlar səsləndirməsi olub. Akademik Milli Dram Teatrının aktyoru Elnur Qədirov bu olayla bağlıAzNews.az-a müsahibə verib:
– Elnur bəy, YUĞ teatrının baş rejissorunun “AzDrama” haqda dedikləri fikirlər şayiə xarakterlidir, yoxsa onlar hansısa məntiqə söykənir?
– Öncə deyim ki, nədənsə “AzDrama” bir çoxlarının estetik baxışların laboratoriyasına çevrilib. Reallıq isə tam əksini göstərir. Gümrah Ömərin nəzərinə çatdırıram ki, YUĞ-da hazırlanan tamaşaların və oynanılan rolların əksəriyyəti uğursuz alınıb. Bunu onların özləri də bilir. Faktdır ki, YUĞ Teatrının aktyorlarının səsi yoxdur. Çünki balaca bir məkanda işləyirlər. Halbuki YUĞ Teatrının baş rejissoru Gümrah Ömər Akademik Milli Dram Teatrının aktyorlarını bağırmaqda, çığırmaqda ittiham edir. Təəssüf ki, səsi olmayan aktyorların da bəziləri “Azdrama”ya dəvət olunub və tamaşalarda yer alıb. Onlar oynadıqları rolları ilə səs çalarlarını heç teatrın orta sırasına qədər çatdıra bilmirlər. Gümrah Ömər ittiham edir ki, guya biz səhnədə çığırırıq. Xeyr, bizi səhnə şərtlərinin tələbi ilə ucadan danışmağa çalışırıq ki, səsimizi zalın ən sonuncu cərgəsinin tamaşaçıları eşitsin. Bu, bizim borcumuzdur, çünki o tamaşaçı tamaşaya baxmaq üçün pul verib bilet alıb və deməli deyilən hər bir sözü eşitməlidir. YUĞ Teatrı mərhum prezident Əbülfəz Elçibəyin dövründə qeydiyyatdan keçib. Dövlət teatrı olaraq, onların öz binaları var. Niyə onlar öz teatrlarının səhnəsinə deyil, məhz “AzDrama”nın səhnəsinə çıxmağa can atırlar?
– Ölkədə bir çox teatr fəaliyyət göstərir. Ancaq niyə qarşıdurma məhz “AzDrama” ilə YUĞ teatrının arasında gedir. Bunu nə ilə izah edə bilərsiniz?
– Çünki digər teatrların aktyorları başını aşağı salıb öz işləri ilə məşğuldurlar. YUĞ-un aktyor və rejissorlarına isə demək istəyirəm ki, gedin öz səhnənizə, öz yaradıcılıq işlərinizə müdaxilə edin. Onların bizim işimizə müdaxiləsi çox gülüncdür. Gümrah Ömər müsahibəsində rejissorlarının uğurlu işlərindən söz açıb. Gəlin, elə Gümrah Ömərin özündən başlayaq. O, “AzDrama”da “Maria Tudor” əsərində nəsə etmək istəyib. Ancaq hamı bilir ki, o tamaşanı teatrın direktoru İsrafil İsrafilov qurub. Tamaşada oynayan hər bir aktyor bunu deyə bilər. Gümrah Ömər deyir ki, “Mən o aktyorları bəyənmirəm”. Onun yerinə başqası tamaşa qurur, özü isə səhnəyə çıxıb baş əyir. O, bildirir ki, Tural Mustafayev “AzDrama”da uğurlu iş qurub. Tural bu teatrda yalnız “Lənkəran xanının vəziri” tamaşasına quruluş verib. Hansı ki, onu da mərhum Vaqif İbrahimoğlu başlamışdı. Rəhmətə getdikdən sonra o, davam etdirdi. Tural onu köhnə tamaşanın disk variantına baxıb qururdu. Elə olsa, mən məşhur rejissor olaram. Dünyanın ən məşhur rejissorlarının tamaşalarını götürüb diskə baxa-baxa tamaşa quraram. Mikayıl Mikayılov bunlar qədər sırtıq olmasa da abrına qısılan adamdı. Amma gəlin etiraf edək ki, “Xanuma” əsərinin uğuru “AzDrama”nın aktyorlarının uğurudu. Gümrah Ömərin bəyənmədiyi “AzDrama”nın aktyorlarının gücünə, iş ştajına, bütün peşəkarlığına görə ərsəyə gəlib və bunu rejissor özü də hər dəfə etiraf edib. “İlahi oyun” isə “AzDrama”nın tamaşası deyil. Gümrah Ömər “AzDrama”da, Gəncə teatrında tamaşalar qurub, daha doğrusu qurmağa cəhd edib, lakin onların heç biri uğurlu səhnə əsəri kimi qələmə alınmayıb. O, özündən müştəbeh kimi çıxış edərək intellektual səviyyə nümayiş etdirir, kimlərisə süni şəkildə tərifləyərək öz uğursuzluqlarını gizlədir. Bundansa heç olmasa özünə vaxt ayırıb elementar gigiyenik qaydarala riayət eləsin. Rejissor natəmiz olanda aktyorlara çətin olur. Aktyor məşq edərkən rejissora yaxınlaşır. Üzümü tutub YUĞ teatrının üzvlərinə deyirəm ki, iddia edirsiniz ki, özünüzə məxsus sənət estetikasına maliksiniz. Elədirsə, zəhmət çəkib öz teatrınızın estetikasını özünüzə nümayiş etdirin və öz işinizlə məşğul olun.
– Gümrah Ömər deyir ki, aktyor ağıllı oldusa, onun işi çoxdan bitib?
– Bu, teatrın hansı nəzəriyyəsində yazılıb? Mən başa düşürəm ki, bu insanlar YUĞ teatrında sənətə gələndən qul təfəkkürü ilə böyüyüblər, kiminsə çantasını daşıyıblar. Aktyorun ağılsızlığını Gümrah Ömərdən savayı bir kəsdən eşitmədim. Onun nəzərinə çatdırım ki, bəyənmədiyi aktyorların əksəriyyətinə fəxri adı ulu öndər Heydər Əliyev verib. Bu gün isə onlar İlham Əliyevin imzası ilə mükafat və təqaüdlər alır. Belə çıxır ki, Gümhar Ömər çox ağıllıdır və dövlətin mədəni siyasətinə qarışır. Ümumiyyətlə, heç kəsin ixtiyarı yoxdur ki, “AzDrama”nın yükünü çiyinlərinə daşıyan aktyorlara nəsə desin. O kimdir ki, Heydər Əliyevin imzası ilə ad alan aktyoru tükənmiş saysın. 143 illik yol keçən bir teatrı silmək istəyir. Deyir ki, gec-tez YUĞ məktəbinin davamçılarından biri “AzDrama”ya baş rejissor təyin olunacaq. Bu, onların arzusudur və inanın ki, o xam xəyal olaraq qalacaq. Bu yaxınlarda bir xəbər eşitdim ki, teatrın direktoru İsrafil İsrafilov jurnalistlərdən birini məhkəməyə verir. O, yəqin Gümrah Öməri də müsahibəsinə görə məhkəməyə verəcək, çünki onun yazısında daha çox tənqidi fikirlər və təhqirlər yer alıb. Əgər İsrafil müəllim bunu etməsə, biz Gümrah Öməri məhkəməyə verəcəyik. Bundan əlavə prezidentin e-mail adresinə yazacağıq. Dünyada hər hansı bir sənət növü ola bilər, ancaq bunu kor-koranə şəklində kopyalamaq yaxşı deyil. Üzeyir bəy dünya simfoniyasını öyrənirdi. Amma o, Azərbaycanda öz simfoniyamızı yaratdı. Həmçinin, Mirzə Fətəli Axundov dünya dramaturgiyasında baş verən incəlikləri öyrəndi, özümüzə məxsus dramatik əsərlər yazdı. Bizim sənət yaradıcılığımızda yüzlərlə belə misal çəkmək olar. Gümrah Ömər deyir ki, guya Ermənistanda gözəl rejissor və aktyorlar var. Bu, artıq o insanın hansı milli mənsubiyyətə malik olmağından xəbər verir.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.