Şəkidə baş verən ağır yol qəzasında qayınata və kürəkəni ölüb.
AzVision.az APA TV-yə istinadən xəbər verir ki, hadisə Şəki-Oğuz avtomobil yolunun Şəki rayonu Sarıca kəndi ərazisindən keçən hissəsində baş verib.
Oğuz rayonu Top kənd sakini, 1958-ci il təvəllüdlü Saməddin Kamaləddin oğlu Balaağayev idarə etdiyi “VAZ-2106” markalı 10 BX 809 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Mingəçevirdən Oğuz rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb.
Qəza nəticəsində sürücü Saməddin Balaağayev və avtomobildə olan sərnişin, sürücünün qızının həyat yoldaşı, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbə sakini, 1987-ci il təvəllüdlü Rəşad Ramiz oğlu Məmmədov aldıqları müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüblər.
Qəzadan sonra avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü Saməddin Balaağayevin cəsədini çıxarmaq üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində cinayət işi başlayıb, araşdırma aparılır.