Regionumuzda maraqlı proseslər gedir. Başda ABŞ olmaqla, aparıcı Qərb dövlətlərinin İranla arasının düzəldiyi bir vaxtda Rusiya, eləcə də Azərbaycan dünyanın taleyini həll edən siyasi dairələrə meydan oxumaqdadır.
İranla Qərbin arasındakı “soyuq müharibə”nin əsas səbəbi cənub qonşumuzun nüvə silahı əldə etmək istiqamətində göstərdiyi cəhdlər, ətraf dövlətlərə “islam inqilabı” ixrac etmək istəməsi idi.
ABŞ, İsrail, İngiltərə, Almaniya, Fransa kimi dövlətlər buna qarşı çıxırdılar. Arada hətta “soyuq müharibə”nin əsl qaynar və qanlı müharibəyə çevriləcəyi gözlənilirdi.
Təxminən 10 il idi ki, regionda böyük gərginlik vardı. İldə ən azı dörd dəfə nüvə proqramlarının qarşısını almaq üçün İrana zərbə endiriləcəyi güman olunurdu, bəzən konkret vaxt da göstərirdilər: “İyulun ortalarında”; “Qurban bayramından sonra”; “Ramazandan əvvəl” və s.
Bu, əsəb müharibəsiydi, böyük və qüdrətli dövlətlər İranı qorxutmaq, geriyə addım atmağa vadar etmək istəyirdilər. Ancaq İran rəhbərliyi də Qərbin bu kimi bleflərinə uymurdu, onların hara qədər qətiyyətli olacaqlarını bilirdi və geri çəkilmirdi, hədəyə hədəylə cavab verirdi, “İran xalqı son damla qanına qədər xarici aqressorla döyüşəcək”, “Ölkəmizə hücum edən yadellilər peşman olacaq və məğlubiyyətə uğrayacaqlar” deyirdi.
Dünyanın əksər aparıcı politoloqları İran düyününün dəqiq raket zərbələri ilə açılacağını gözləyirdi. Ancaq bu, baş vermədi.
İndi hamı prezident Obamanı bu münaqişəni diplomatiya yolu ilə çözdüyünə görə öyür, tərifləyir, Nobel sülh mükafatını əbəs yerə almadığını bildirirlər.
Gerçəkdən də bu işdə Obamanın rolu böyükdür. Onun yerində senator Con Makkeyn kimi özü müharibə görmüş bir şəxs prezident olsaydı, yəqin ki, tərəflər öz münasibətlərini danışıqlar masası arxasında yox, poliqonlarda həll edərdilər.
Bu baxımdan bu gün İran prezidenti Həsən Ruhani ilə ABŞ prezidenti Barak Obamanın qucaqlaşmış halda karikaturasını çəkib altından Obamanın atasının adının Hüseyn olduğuna işarə edərək “Həsənlə Hüseyn barışdı” yazanlar haqlı görünürlər.
Amma bu, doğrudan da ABŞ-İran barışığımıdır? Bütün təhlükə sovuşdumu? Xeyr. Əsla.
Bu, tərəflərin müharibə həddinə çatmış gərginliyə tab gətirə bilməməsidir, böyük oyunda götürülmüş taym-autdur.
Açıqca görünür ki, İran tərəfi bu durumdan çox məmnundur və qızıldan qiymətli vaxt qazandığını düşünür. İranın xarici işlər naziri Cavad Zərifin Vyanada müvafiq anlaşma əldə ediləndən sonra çəkilmiş şəkillərindən yağan sevincindən bəlli olur ki, bu anlaşma daha çox İrana lazım imiş.
İran dünyanın 10 ən qüdrətli dövlətindən biri olmaq yolundakı proqram və layihələrindən belə asanlıqla vaz keçməyəcək, Qərbi aldatmağa çalışacaq. Bacaracaqmı, bacarmayacaqmı, indidən demək çətindir. Obamanın fikrincə, İranın nüvə silahına gedən yolu artıq kəsilib. İran rəhbərliyi isə belə görünür ki, “çıxmayan cana ümid çoxdur” deyə düşünür. İsraildə isə tamamilə başqa fikirdədirlər və bu sevdanın gələcəyinə pessimist yanaşırlar.
Belə bir dönəmdə Rusiyanın hələ də ABŞ-a, NATO-ya, Avropaya dirəşməsi absurd görünür. Azərbaycanın Rusiyanın səfində yer alması da anlaşılan deyil.
Yenə Rusiya ilə Qərbin ixtilafının “münaqişə tarixçəsi”, ciddi səbəbləri var, bizim Qərblə davamızın adı belə yoxdur. Nəyə görə Avropa ilə düşmənçilik edirik, bəzi-para xırım-xırda tələblərə görəmi?
ABŞ-ın 50 ştatından ən kiçiyi (məsələn, Men ştatı) qədər olmayan bir ölkənin Silahlı Qüvvələrinin baş qərargah rəisinin Pentaqonla bütün əlaqələri kəsəcəyini bəyan etməsi isə absurdun zirvəsidir.
İrandan güclü, İrandan qətiyyətli, bolsərvətli, geniş resurslu dövlət deyilik, onun kimi böyük planlarımız, proqramlarımız da yoxdur, bir şələ qarğı-qamışla başımızın milçəyini güclə qoruyuruq, durub birdən-birə özümüzü Venesuela, Şimali Koreya, Kuba kimi aparıb ABŞ-la intriqaya girmək heç haramıza yaraşmır.
“Gözü çıxarılan qardaşlar”dan ibrət götürmək lazımdır.