Загрузка...

ilhame_qasimova_045

Tanınmış estrada ulduzu İlhamə Qasımovanın aile.lent.az-a müsahibəsini təqdim edirik.

– Son vaxtlar tez-tez xarici ölkələrə gedirsiniz. Bu, yaradıcılıqla bağlıdır, yoxsa istirahət məqsədi daşıyır?

– Çox vaxt gəzməyə gedirəm. İşlə bağlı isə yalnız Almaniyaya gedirəm. Amma son vaxtlar işləmək həvəsim azalıb. Xarici ölkədə hər hansı bir layihə edirsən, uğur qazanırsan, amma ölkənə qayıdanda heç kim sənin yaradıcılığınla maraqlanmır. Xaricdə nə qədər iş görsək də, gərək əvvəl öz vətənində təqdir olunasan. Təəssüflər olsun ki, bu gün başqa tərzdə, başqa formada musiqi dinləyirlər. Şou biznes əsl biznesə dönüb.

– Bir neçə günlük qonşu ölkələrə gedib-gələn adamlar deyir ki, bura öyrəşə bilmirlər. Tez-tez Azərbaycandan kənara çıxırsınız, sonra dönəndə yenidən bura öyrəşmək, uyğunlaşmaq çətin olmur ki?

– Avropanın 15-dək ölkəsi, Amerika, Rusiya, Ukrayna, İran, Türkiyə, Hindistan, Birləşmiş Ərəb Əmirliyini gəzmişəm. Təkcə Asiya ölkələrində olmamışam. Ora da gedəcəm.

Mən hər yerə uyğunlaşa bilirəm. Əslində bir yerdə qərar tutan insan deyiləm. Atam həmişə mənə və böyük qardaşıma deyinir ki, sizi heç yer kürəsi tutmayacaq. Hər yer sizə dar gəlir. Evdən xaricə gedəndə, xaricdən evə gələndə ancaq saat fərqi çox olan ölkələrdə vaxt uyğunlaşması ola bilər. Əlavə uyğunlaşma boş şeydir. İnsanlar reklam üçün deyir ki, öyrəşə bilmirəm.

– Həyat yoldaşınız səyahətə getməyinizə narazılıq etmir bəs? Tez-tez evdən çıxmağınızı necə qarşılayır?

– Əslində həyat yoldaşımdan çox atam gəzməyimə deyinir. Deyir “bir yerdə oturmursan, otur evdə, ailən var, övlad haqqında düşünün”. Heç vaxt səyahətə tək getmirdim. İlk dəfə işimlə bağlı tək getdim. Avropada səyahət etmək çox asandır. Çox zaman tək səyahət edirəm. Həyat yoldaşımla gedəndə gördü ki, özüm yol tapıb hər yerə gedə bilirəm. Ondan sonra mənə arxayın oldu. Yoldaşım da məşğul adamdır. Səhər gedir, axşam gəlir. Demək olar ki, evdə yemək bişirmirəm. Çünki yemək yeyən mən oluram, mən də yüngülvari yeyirəm. Yoldaşım da axşam gəlir və yemir, çünki gündə bir dəfə yeyir (gülür). Həm də mənə elə gəlir ki, insanlar hərdən bir-birindən uzaqlaşmalı, istirahət etməlidirlər. Onda bir-biri üçün darıxırlar. Qayıdanda adam hiss edir ki, evdəki səndən ötrü darıxıb. Mən də bunu bir dəfə hiss etdim. Dedim bundan sonra evdə oturmayacam, onda yaxşı olur (gülür). Qayıdanda əziz olursan axı. Yalnız maddi sıxıntı olanda harasa gedə bilmirəm. Bundan başqa xaricə getməyimlə bağlı heç bir problem yaratmır. İnsanın intellektual səviyyəsi, qavrayışı da yüksək olmalıdır. Bir az ağıllı olmalıdır ki, başqa şəhərə gedəndə, çətin vəziyyətə düşəndə necə davranacağını bilsin. O, əmindir ki, mən bütün bunları bilirəm. Ona görə də narahat olmur.

– Bəs qısqanmaq?

– Qısqanmağa heç bir əsas yoxdur. Bizim ailə başqa cürdür. Mən çox ailələrə baxıram, görürəm ki, kişi evə gec gələndə qadın deyinir, narahat olur. Deyirəm ki, siz niyə belə edirsiz? Axı belə edəndə kişini bezdirirsiz. Mənim də işim ola bilər, gec gələ bilərəm. Bu qədər deyinmək olmaz. Deyinməyi əsassız sayıram. O deyinən qadınlara həmişə deyirəm ki, mən kişi olsaydım, sizin kimi qadınla yaşamazdım. Çünki kişiyə nə qədər azadlıq versən, nə qədər biganə yanaşsan, bir o qədər qiymətli olursan. Qoy, kişi əsəbiləşsin ki, “xeyir ola, həyat yoldaşım belə biganədir?! Onu niyə maraqlandırmır hara getdim, hardan gəldim?” İnsan özünü yüksək tutmalıdır, fikirləşməməlidir ki, mən o qədər zəif, o qədər cılız, çirkinəm ki, yoldaşım mənə kiminləsə xəyanət edə bilər. Sən ondan yüksək olmalısan. Hər zaman davranışlarınla ona göstərməlisən ki, ikinci səni tapa bilməyəcək, o, şanslıdır ki, həyatında sən varsan. Mənim həyat yoldaşım adi Azərbaycan kişisidir. Amma mənim üçün ağlına görə əvəzolunmazdır. Məndən yaşca çox böyük o qədər adam tanıyıram ki, onlarla söhbət edəndə darıxıram. Məclis xətrinə dözürəm, amma söhbətdən qocalıram. Çünki çox səthidir. Bütün bunları görəndə təkrar- təkrar əmin oluram ki, həyat yoldaşım əvəzolunmazdır. Həyat yoldaşım məndən çox bilməli, çox ağıllı olmalıdır. Və şükür ki, belədir. O, hər şeydə məndən 10 dəfə yüksəkdədir. Əlbəttə, mən də bir çox xüsusiyyətlərimlə onun üçün əvəzolunmazam.

– Məsələn…

– Məsələn, gördüyüm işlərlə. Mənim yerimdə başqa şou-biznes ulduzları olsaydı, indi pafosları dünyanı dağıdırdı. Qırmızı xalçalar, brend geyimlər, filan… Mənim üçün bunlar boş şeydir. Mən özümü göstərim deyə heç vaxt həyat yoldaşıma əziyyət verə bilmərəm. Ayağımızı yorğanımıza görə uzadırıq. Hər kəsin ailəsində problem olur. Mən problemə uyğunlaşan adamam. Lap evdə də heç nə olmasın, amma nəsə hazırlayıb stolun üstünə qoya bilərəm ki, ac qalmayaq. Yoldaşıma heç vaxt əziyyət vermirəm. Məsələ təkcə maddi imkandan getmir, inamdan gedir. Yoldaşım da xarici səfərlərə gedir, gec gəldiyi vaxtlar da olur. Amma mən heç nə demirəm. Deyir işlə bağlıdır, mən də bunu problem etmirəm. Sadəcə deyirəm ki, ehtiyatlı ol, özünə fikir ver. Heç vaxt pis bir şey fikirləşmirəm. Əgər insanlar bir-birini başa düşürsə, bu, əvəzolunmazdır. Davalarımız da olur. Bu, olmasa həyat darıxdırıcı olar. Ailədə dava olmalıdır (gülür).

– O, sizi nə vaxt özündən çıxara bilər?

– Azərbaycan ailələrində adətən qısqanclıq problemi olur. Onun hərdən qısqanmağı məni özümdən çıxarır. Diqqət yetirməsi, harda olduğumla, nə vaxt gələcəyimlə maraqlanmasını sevirəm. Xaricdə olanda mənə diqqət yetirmir. Axırda zəng edib deyirəm ki, niyə bir soruşmursan ölmüşəm, qalmışam?! Deyir bilirəm ki, orda bütün günü gəzirsən. Layihəmlə bağlı Almaniyada fotosessiya və klip çəkilişləri oldu. Orda fərqli obrazlarda idim, hətta geyimlərim bir az açıq-saçıq idi. Çəkilişlər zamanı oradakı heyətin mənə bir iş obyekti kimi baxdıqlarını görəndə həyat yoldaşım özü də o professionallığa təəccübləndi. Çünki onları maraqlandıran pul qazanmaq və işinin öhdəsindən yüksək səviyyədə gəlmək idi. Onları maraqlandırmırdı ki, İlhamənin yubkası çox qısadı və ya dekoltesi çox böyükdür. Orada küçədə heç vaxt adama söz atmazlar. Özü də bilir ki, spirtli içki içmirəm. Amma rəqs etməyi sevirəm. Mənim necə rəqs etdiyimi görəndə deyir “sən dəliymişsən ki!” (gülür). Yəni oynamaq dəlisi. Burada ona görə narahat olur ki, insanlar arasında tanınıram və hər bir hərəkətim, geyimim göz önündə olur. Arıq olanda açıq paltarlar geyinəndə vulqar görünmürəm. Amma kilo alanda özüm açıq-saçıq geyinmirəm, çünki vulqar görünür. Ancaq hərdən qısqanclığı tutur. Sənət dostlarım arasında yaşca məndən kiçik olanları var. Əsasən “Yeni ulduz” yarışmasından olan dostlarımla bacı-qardaş kimi öpüşüb görüşürəm. Amma bir dəfə məndən bir neçə yaş böyük kişi sənət dostumla verilişlərin birində salamlaşdıqda gözlənilmədən məni mehribancasına qucaqladı. Evdə buna görə çox böyük söz-söhbət oldu. Əslində, o, düz deyirdi. Amma həmin insanın belə davranacağını özüm də gözləmirdim. Bir də zənglərinə cavab verməyəndə əsəbiləşir. Bəzən çəkilişdə oluram, telefonu söndürürəm, ona da çəkilişdə olduğumu demək yadımdan çıxır. Onda deyirəm ki, bax, filan vaxtı veriliş olacaq, baxıb görəcəksən ki, həqiqətən də çəkilişdə olmuşam. Bəzən belə mübahisələr məni özümdən çıxarır, deyirəm ki, bitdi, ayrılaq (gülür). Boşanmaq deyən kimi o saat sakitləşir.

– Sizi itirməkdən qorxur, yoxsa boşanmaqdan?

– Məni itirməkdən. Kişi üçün boşanmaq çətin deyil.

– Bəs yoldaşınız xarici ölkələrə gedəndə ona qarşı necə davranırsınız?

– Heç narahat olmuram, qısqanmıram. Təkcə mənə hədiyyə gətirməyəndə narahat oluram (gülür). Mən həmişə harasa gedəndə onun üçün hədiyyə gətirirəm. Keçən gün mənə söz atır ki, “xaricə gedirsən, mənə hədiyyə gətirmirsən”. Elə bil başıma qaynar su tökdülər. Dedim ki, hər dəfə gedəndə mən sənə gətirirəm, amma sən neçə dəfə mənə hədiyyə almamısan. Fikirləşmirsən ki, evdə səni gözləyən həyat yoldaşın var (gülür).

– Sizin fikrinizcə, ailənin dağılmasına ən böyük səbəb nə ola bilər?

– Kişi gedib başqa qadınlarla görüşə bilər. Zəif insan bir neçə qadınla fiziki olaraq xəyanət edə bilər. Bu, bir xəstəlikdir, insan özü ilə bacarmır. Ancaq qəlbən həyat yoldaşını sevir və ailəsindən heç vaxt imtina etməz. Əgər kişinin qəlbində xəyanət varsa, başqa qadını sevirsə, artıq birlikdə yaşamaq olmaz. Çünki sevgi başqa şeydir. Sevgi o deməkdir ki, artıq arvadı ikinci plandadır. Həyatda kişi üçün ikinci planda olmağı qəbul etmərəm. Övladlardan sonra ikinci ola bilərəm, amma hər hansı başqa qadına görə yox! Ayrılığa başqa səbəb həyat yoldaşının narkotik maddələrdən istifadə etməsi ola bilər. Həyatım boyu elə insanla yaşamaram və heç kimə də məsləhət görmürəm. Elə insan zəifliyindən hər bir yola əl ata bilər. Ev əşyalarını da satar, ailə üzvlərini də. Deyinən, əlini stola vurub “qatıq qaradır, qara da olmaldır”, – deyən insanla da yaşaya bilmərəm. Mən azad fikirli insanam. Düzdür, mənim üçün evdə öncə kişidir. Ancaq o ailədə ki, qadının fikri önəmli deyil, qadına süpürgə, əşya kimi baxılırsa, insani keyfiyyətlər sıfırdırsa, elə ailədə yaşamağa dəyməz. Bu, mənim subyektiv fikrimdi. Heç kimin heç kimin şəxsiyyətini tapdalamağa ixtiyarı yoxdur. Kasıblıq, pulsuzluq sosial problemlərdir. İnsanın bu gün pulu ola bilər, sabah yox. Tutaq ki, bu gün vəziyyətimiz 5 il əvvəlkindən aşağıdır, bu o demək deyil ki, mən hər şeyi atıb getməliyəm. Ac olaq, xoşbəxt olaq. Elə bilirlər ki, şou-biznes nümayəndələrini ancaq pul maraqlandırır. Bir dəfə məndən nəsə soruşdular, dedim imkanımız yoxdur. Təəccüblə cavab verdilər ki, “bəs niyə onunla yaşayırsan?” Dedim ki, biz evlənəndə nəyəsə görə evlənməmişik. Bəs hisslər, münasibətlər?! Evdə kişi arxa, dayaqdır. Səni kimsə narahat edəndə sən yox, evin kişisi qabağa çıxıb evini, səni qoruyur.

– Onda belə çıxır ki, həyat yoldaşınız sizə fiziki xəyanət edə bilər? Əgər bir gün bunu bilsəniz, necə reaksiya verərsiniz?

– Güman edirəm ki, o, bu müsahibəni oxumayacaq (gülümsünür). Hərdən dəhşətə gəlirəm ki, övladları özləri boyda olan yaşlı qadınlar xəyanətə görə dava edirlər. Axı nəyə lazımdır? Edib edib də. Mən o səviyyəni artıq keçmişəm. Əgər 18 yaşım, ilk məhəbbətim olsaydı, dünyanı dağıdardım. Lakin insan böyüdükcə, həyatı dərk etdikcə, öyrəndikcə çox şey boş gəlir. Mənə fiziki xəyanət olsa, mənasız gələr. Amma bu o demək deyil ki, mən bunu qəbul etməliyəm. Əlbəttə, mənə təsir edəcək. Sadəcə dava edəcək, ayrılacaq dərəcədə yox. Olub olub da, hadisədir, 5-10 gün təsir edəcək, ancaq üstündən keçərəm. Övladımız olmasa da, bizdə başqadır. Müəyyən vaxtdan sonra qadın belə şeylərə səthi baxmalıdır. Əgər qadınlar ərlərinə belə münasibət göstərsə, həyat yoldaşları heç vaxt xəyanət etməyəcək. Əlbəttə ki, söhbət ağıllı və savadlı insanlardan gedir. Xəyanət etsə də, səhvini anlayacaq və qayıdacaq, ən sadiq dostunuz olacaq. Mənim üçün önəmli olan həyat yoldaşımın mənə ürəyində xəyanət etməməsidir.

– Bayaq qeyd etdiniz ki, qadın həyat yoldaşının həyatında yalnız övladlardan sonra ikinci ola bilər…

– Övlad elə varlıqdır ki, insanın öz qanından-canından əmələ gəlir. Amma ər-arvad nə qədər bir-birini sevsə də, əvvəl yad olublar. Uşaq sənin canının bir parçasıdır. Elə bil özün kimidir. İnsan birinci özünü istəyir. Valideynin borcu ilk növbədə övladını sevməkdir. Övlad birinci olmalıdır. Olsun, razıyam, qoy həyat yoldaşım məni övladlarımızdan sonra sevsin.

– Sizin övladınızın olmaması haqqında da çox danışılır. Bu, səni narahat etmir?

– Bir dəfə yazmışdılar ki, guya övlad dünyaya gətirməyə vaxtım yoxdur. Buna çox əsəbiləşdim. Allahın işidir. Hərdən ailəmlə bağlı özləri üçün reklam, böhtan xarakterli yazılar yazırlar. Əlbəttə ki, övlad istəyirik. Sadəcə alınmır. Həkim müayinələrindən də qorxuram artıq. Ona görə Allahın öhdəsinə buraxmışam. Əsas canımızın sağ olmasıdır. Allah məsləhət bilərsə olsun.

– Həyat yoldaşınızı çoxdan tanıdığınızı deyirsiniz..

– Evlilikdən iki il əvvəl tanıyırdım. Ailə qurmaq qərarına gələ bilmirdim. Çünki bir dəfə ailəli olmuşdum. Özüm də azad fikirli insanam. Düşünürdüm ki, kiminsə xarakterinə uyğunlaşmaq çətin olar. Amma həyat yoldaşımı tanıyandan sonra başa düşdüm ki, yenidən ailə haqqında düşünə bilərəm. O bilirdi ki, mən müğənniyəm. O da səhərdən axşamadək işdə olur. Mən buna sevinirəm. Məsələn, mən tənbəl insanam, o da çox təmizkardır. Bəzən nəsə olanda deyirəm yaxşı ki, sən evdə az olursan, çox olsan, mən özümü güllələyərəm (gülür). Digər tərəfdən bir-birimizi çox yaxşı anlayırıq. Mən nəsə etmək istəyəndə ondan icazə almaq üçün yalvarmıram. Bizdə, sadəcə, hörmət əlaməti olaraq bir-birimizi məlumatlandırırıq, sadəcə hesabat veririk. Yalnız maddi problem olarsa, mən harasa gedə bilmərəm, ya da nəsə edə bilmərəm. İndi düşünürəm ki, düzgün edib bu insanla ailə qurmuşam. Biz həyat yoldaşımla həm də dostuq. Ondan sirr saxlaya bilmirəm. Nəsə olanda ondan gizlətməyi düşünürəm, amma evə gəlib çatan kimi ona deyirəm (gülür). Hər bir işimdə onun fikrini bilmək istəyirəm, məsləhət alıram. Çünki bilirəm ki, ən yaxşı məsləhəti mənə o verər.

– Səhv etmirəmsə, aranızda yaş fərqi çoxdur…

– 16 yaş məndən böyükdür. Bu, mənim həyatıma yazılıb. İlk həyat yoldaşım da məndən 15 yaş böyük idi.

– Demək, ilk ailəndən indiki həyat yoldaşına görə ayrılmamısan?

– Xeyr! Əsla! Mən ilk həyat yoldaşımdan ayrılandan sonra 10 il tək yaşamışam.

– Deyirdilər ki, İlhamə məşhur olandan sonra Lənkəranda yaşayan ilk həyat yoldaşını atıb.

– Bu, yalandır. Mən 1998-99-cu illərdə – universiteti bitirəndə ayrıldım. Sonra atamın evində yaşadım, iki il müəllimə işlədim. Bakıya gəlib dissertasiya müdafiə etdim. İşə düzəldim ki, valideynlərimdən pul almayım. Pul qazanmaq həvəsinə düşdüm, dissertasiyamı yarıda buraxdım. Musiqiyə isə 2006-cı ildə gəldim.

– Belə anladım ki, ilk evliliyin çox gənc yaşlarında olub…

– 17 yaşımda. Təəssüflər olsun ki, ətrafımın təsiri ilə ailə qurası oldum. Ətrafım sanki mənim üçün tor hazırladı və mən o tora düşdüm. Ailə qurmaq heç ağlıma da gəlmirdi, valideynlərimin də belə bir fikri yox idi. Çünki anamın qəzəbindən qorxurdum və kitablarla məşğul idim. O biri dünyadan – sevgidən, ailədən xəbərim yox idi. Mənim sevgim ancaq aktyorlara idi. Hərdən məndən soruşurlar ki, ilk məhəbbətim kim olub? Deyirəm ki, filan aktyor. Kino xəstəsi idim. Məktəbdə yaxşı oxumağım valideynlərimə xoş gəlirdi. Diplomat olmaq, xaricdə təhsil almaq istəyirdim. Əgər alınmasa, həkim olmağı düşünürdüm. Mən heç vaxt müğənni olmaq istəməmişəm. Valideynlərim də qızın ali təhsil almasının tərəfdarı olublar. Onların da çıxış yolu qalmadı və ailə qurası oldum. Buna görə onları da qınamıram. Bəlkə də o vaxt qınayırdım, amma böyüdükcə ətrafın insana necə təsir etdiyini gördüm və valideynlərimin halına acıdım ki, əslində necə əziyyət çəkiblər. Ailə qurmasaydım, bəlkə də indi mənim həyatım tam başqa cür olardı. Fikirləşirəm ki, həyatım başqa cür olsaydı, daha xoşbəxt olardım. Naşükür deyiləm. İndi də xoşbəxtəm. Sadəcə olaraq normal qadınlar kimi olardım. Həyatda çox şeyi bilmək, qavramaq, çox da yaxşı deyil. Qadın çox biləndə çox əziyyət çəkir. Ailə quranda düşünürdüm ki, doğrudanmı mənim həyatım bununla bitdi? Bu, mənim üçün bitmək demək idi. Fikirləşirdim ki, 2-3 il də belə davam etsə, özümü öldürüm. Mən elə yaşaya bilməzdim. Ailəyə, övladlara xidmət etmək əslində gözəl şeydir. Amma uşaqlıqdan mən başqa cür böyümüşdüm, başqa cür düşünürdüm, başqa arzularım var idi. Yaşıdlarımdan çox-çox irəli düşünürdüm. Balaca qardaşım həmişə mənə deyir ki, kaş, sən bu qədər ağıllı olmazdın.

– Övladınız olsaydı ayrılmazdınız?

– Bəlkə də. Amma hisslərim dəyişməzdi. Övladımız olsaydı, heç kəs icazə verməzdi ayrılaq. Əslində ayrılmağımıza razılıq da məhz uşağın olmamasına görə oldu. Universitetə qəbul oldum və ailə qurdum. Oxumaq mənə çətin idi. Amma şadam ki, ailəli olduğum dövr universitet illərimə təsadüf etdi. Evdə çox otursaydım, dözə bilməzdim. Bəlkə də ölümü seçərdim. Məni universitet saxlayırdı. Tətil olanda dərslərin başlamasını səbirsizliklə gözləyirdim.

– İkinci dəfə ailə qurmağınızı ciddi-cəhdlə gizli saxladınız. Niyə?

– Çünki mən bir dəfə ailəli olmuşam. İkinci dəfə ailə qurmağı reklam edəsi, gəlinlik geyinəsi deyildim. Ailə içində mərasim oldu, kəbin kəsdirdik. Çox söz-söhbət gəzdi ki, mən vətəndaş nikahında yaşayıram, rəsmi nikahımız yoxdur. İnsanların ailədə bir-biri ilə münasibəti inamdan asılıdır. Mənim üçün rəsmi, ya vətəndaş nikahı fərq etmir. Kiminsə gözünə soxmaq üçün rəsmi nikah kəsdirməliyəm? Mənim ailəmdə problemim olanda gəlib mənə kömək edir? Ya acından öləndə qapımı döyüb çörək verir? Bu, mənim həyatımdır. Mən bunu Allahın və valideynlərimin qarşısında düzgün, günah olmadan etmişəm. Mənə başqalarının fikri maraqlı deyil.

Mənim həyatımda heç bir sirr yoxdur. Əksinə, bəlkə də yeganə sirr saxlamayan insan mənəm. Yüz dəfə bu barədə danışmışam, amma yenə də insanlar öz bildikləri kimi yozurlar. Əgər həyat yoldaşın səni istəmirsə, nikahı əlində şantaj vasitəsi, əsas kimi saxlayıb alçalmaqdansa azad yaşamaq yaxşıdır. Mən acından ölsəm də, özümü o qədər alçaltmaram. Yoldaşımla tanış olduğumun ilk üç ilində mənə heç bir bahalı hədiyyə filan verməyib. Biz bir-birimizə inanırdıq, amma yenə də hədiyyədən söhbət belə getmirdi. Yüz faizli bir-birimizin ailə üzvünə çevrildikdən sonra o, mənə cibindəki son qəpiyini də verib nəsə almağa başladı. Mən onunla olan münasibətlərimdə nədənsə qorxsaydım, yollarımızı çoxdan ayırardım. Çünki mənə şübhə ilə baxan adam lazım deyil. Nikah insanlar arasındakı inamın sübutu deyil. Sübut insanların bir-birinə olan inamı və hissləridir. Bunlar yoxdursa, heç bir kağız sənə kömək edə bilməz. Hərdən deyirəm yaxşı ki, nikahımız yoxdur, səndən boşanmaq istəsəydim, kağız-kuğuz toplamaq üçün qapılara düşərdim (gülür). O da baxıb deyir “nikah kəsdirməməklə səhv etmişəm”.

– Həyat yoldaşınız pərəstişkarınız olub. Amma yəqin ki, başqa pərəstişkarlarınız da var idi…

– Bəli, pərəstişkarlarım çox idi. Həyat yoldaşımı tanıyanda anladım ki, ciddi xarakterli insandır, öz prinsipləri var. Mənə də belə bir insan lazım idi. Hər şey də mən istədiyim kimi oldu və münasibətlərimiz alındı. Əslində əvvəlcə o, mənə işbirliyi təklif etmişdi. Mənimlə işbirliyindən vaz keçdi və məni seçdi. Onunla münasibətə başlamağa razı oldum, amma dedim ki, bizim münasibətlərimizin alınıb-alınmamasını zaman göstərəcək. Həmin vaxt mən ciddi münasibət qurmağa hazır idim. Çünki onda çox problemlərim oldu və tək qadın kimi bunların öhdəsindən gələ bilmirdim. İstəyirdim mənim də yanımda güclü insan olsun. Getdikcə onun xarakterini çox bəyəndim. Əsasən ağlına görə onu seçdim. Kişilərin çoxu qadınla tanış olanda pulu varsa, özünÜ göstərmək üçün bahalı hədiyyələr edir. Əslində yaxşı keyfiyyətdir. Amma bunu edib sonra başa vuranlar da var. Şou-biznesdə görürdüm ki, kiməsə bahalı hədiyyələr verib, münasibətləri bitəndə geri alırlar. Belə şeylərdən hər zaman qorxub uzaq olmuşam.

Biz uzun müddət bir-birimizə “siz”, – deyə müraciət etmişik. Çox alicənab insandır. Gözəllik heç bir rol oynamır. Sənin yanında çox gözəl insan ola bilər, amma ağzını açanda həyata nifrət edirsən. Günü- gündən münasibəti gördüm və əmin oldum ki, o, gözlədiyim və istədiyim insandır. Həyatımın çətin vaxtında rast gəldi mənə. Müsabiqədən sonra kirayə qalırdım, amma bunu ona heç vaxt bildirmirdim. Heç vaxt mənə pul lazım olduğunu demirdim. Özü istəyəndə güclə verirdi. Çünki özümü heç kimin yanında alçalda bilmərəm. Biz görüşəndən sonra mən şou proqramlara getdim, özüm pul qazandım. Çalışırdım ki, mənim vəziyyətimi başa düşməsin. O, heç vaxt bilmirdi nə qədər pul qazanıram. Soruşanda da şişirdilmiş qiymət deyirdim. Bilirdi ki, mənə bahalı hədiyyə, pul versə, götürməyəcəm. İstəmirdim ondan asılı olum. Evlilikdən sonra doğmalaşdıq. Əslində indi çox pis öyrəşmişəm. Çünki bütün işlərimi o görür. Hər zaman öz ayaqlarım üzərində durmuşam. Amma indi özümü onsuz təsəvvür edə bilmirəm. Bilmirəm onsuz nə edərəm!? Yaradıcılığımda da hər zaman mənə məhz o, kömək edir.

– Həyat yoldaşınızın pərdə arxasında qalması, görünməməsi onun istəyidir, yoxsa sizin?

– İkimizin də. Nəinki həyat yoldaşım, heç bir ailə üzvlərimin görünməsini istəmirəm. Özümün arxamca nə danışırlar danışsınlar, mənə təsir etmir. Lakin bəzən insanların kin- küdurətini, xüsusən sənət adamları ilə bağlı danışıqlarını, dedi-qodularını görəndə qorxuram. Ailə üzvlərimə qarşı artıq söz danışmağı heç kimə bağışlamaram. Hər kəsin evdə həyat yoldaşı, ata-ana, bacı-qardaşı var. Kiminsə haqqında söz deməzdən öncə onları fikirləşsinlər. İstəmirəm onlar nə görünsün, nə də kimsə nəsə desin. Ancaq “Yeni ulduz” vaxtı valideynlərim efirdə görünüb. Sosial şəbəkələrdə olan şəxsi səhifələrimdə valideynlərimin fotoları var. Ondan başqa heç vaxt, heç yerdə görünməyiblər və görünməyəcəklər də.