94146

Azərbaycanda ipotekaya yönəldilən vəsaitlərin həcmi artacaq. Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında ilin sonuna kimi həmin vəsaitin 200 milyon manata qaldırılacağını bildirib. “Mən artıq göstəriş vermişəm ki, bu ilin sonuna qədər ipotekaya dövlət büdcəsindən əlavə vəsait ayrılsın. Buna böyük ehtiyac var. Hesab edirəm ki, ilin sonuna qədər ipotekaya dövlət büdcəsindən ən azı 200 milyon manat, bəlkə də çox vəsait verilməlidir. Maliyyə Nazirliyi, Mərkəzi Bank bu məsələ ilə məşğul olurlar. Onlara müvafiq göstərişlər verilib. Bir müddətdən sonra mənə məruzə etsinlər ki, bu məsələ necə icra olunur”,- deyə dövlət başçısı qeyd edib.

Prezident həmin vəsaitin vətəndaşlara yeni mexanizmlərlə veriləcəyini vurğulayıb: “Burada iki yanaşma var. Ya verilən vəsaitə mövcud binalardan mənzillər alınacaq, ya da ki, yeni binalar tikiləcək. Əlbəttə, tikinti sektorunu canlandırmaq üçün yeni binaların inşası daha da məqsədəuyğundur. Ancaq bu, bir qədər vaxt apara bilər. Ona görə biz bəlkə də bu iki yanaşmanın sintezini tətbiq etsək pis olmaz. Hər halda, bu, əsas məsələ deyil. Əsas məsələ odur ki, vəsait ayrılmalıdır və həmin vəsaitin kimə veriləcəyini də siz müəyyən edin. Əlbəttə, şərtlər elə olmalıdır ki, ipotekaya maraq artsın”.

Qeyd edək ki, 2015-ci ilin dövlət büdcəsində Dövlət İpoteka Fonduna ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün 50 milyon manatın ayrılması proqnozlaşdırılıb. İ.Əliyevin açıqlamasından məlum olur ki, bu vəsait ilin sonuna kimi 4 dəfə artırıla bilər. Belə olan halda büdcəyə yenidən baxılma ehtimalı gündəmə gəlir. Əks halda 2015-ci ilin büdcəsi təsdiq olunub və əlavə vəsaitin ayrılması hansısa formada büdcə sənədində öz əksini tapmalıdır. Ya da Prezidentin Ehtiyat Fondu vasitəsilə bu layihə maliyyələşdiriləcək.

Yeri gəlmişkən, Prezident açıqlamasında aydın olur ki, 200 milyon manat birbaşa ipoteka kreditlərinin maliyyələşməsinə deyil, “sosial evlər”in yaradılmasına yönəldiləcək. Hökumət yeni binalara sahib olacaq və oradakı mənzillər vətəndaşlara ipotekaya veriləcək.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev “Bizim Yol”a bildirdi ki, burada söhbət “sosial evlər”dən çox, yeni tikililərin ipotekaya cəlbindən gedir: “Ola bilsin ki, ilkin mənzil bazarının ipotekaya cəlb edilməsi üçün mexanizmlər hazırlansın. Çünki bazarda bu mənzillərin böyük durğunluğu yaranıb”.

S.Əliyevin fikrincə, 200 milyonluq vəsait bazara daxil olarsa, 7 minə yaxın ailə bundan yararlana biləcək: “Mən həmişə çıxışlarımda bildirirdim ki, ipoteka kreditlərinin həcmini 200-300 milyon manata qaldırmaq lazımdır. Hesablamalarımıza görə, həmin kreditlərə hər il 30-40 min tələbat yaranır. Amma 2000-2500 ailəyə ipoteka kreditləri ayrılır ki, bu da olduqca cüzi bir rəqəmdir. 200 milyon manatın ayrılması təqribən əlavə 4-5 min ailənin mənzil təminatının ödənilməsinə gətirib çıxaracaq. Əgər ilin sonuna kimi bu vəsaiti ayıra bilsələr, hardasa 6-7 min ailə yararlana biləcək. Amma əsas problemlərdən biri odur ki, mövcud şərtlərin bu qədər vəsaitin bazara yönəldilməsinə imkan vermir. Məsələn, ipoteka kreditlərində ilkin ödəniş olduqca yüksəkdir. İlkin ödəniş 20 faiz nəzərdə tutulsa da, banklar tərəfindən bu tələb 50 faizə qədər qalxıb. Bundan əlavə tələb olunan sənədlərin sayı azaldılmalıdır. Daha sonra faiz dərəcələrinə yenidən baxılmalıdır.

Bu baxımdan 200 milyon manatın ayrılması müsbət addım olsa da, şərtlərin yüngülləşdirilməsi istiqamətində addımlar atılmalıdır”.

Ekspert eyni zamanda, daşınmaz əmlak bazarında qiymətlərin kəskin bahalaşa biləcəyini istisna etmir: “Əgər bu baş tutarsa, təkrar mənzil bazarında qiymətlər arta bilər. 100 min manatdan aşağı mənzillərin qiymətində bahalaşma ola bilər. Bahalaşmanın həddi 200 milyonluq vəsaitin hansı proporsiyada olacağından asılıdır. Əgər tədricən baş verərsə, əhəmiyyətli qiymət artımı baş verməyəcək, birbaşa daxil olarsa, bahalaşma qaçılmazdır. Ucuz evlərin təqribən 20 faiz bahalaşmasından söhbət gedə bilər”.

“Value and Sources” konsaltinq şirkətinin baş direktoru Rəşad Əliyevin isə hazırda mövcud olan dövlət ipoteka proqramı ilə yalnız təkrar bazardan ev əldə etməyin mümkün olduğunu deyib: “Dövlətin nəzarəti altında həyata keçirilən bu proqram sosial yönümlüdür və məqsədi ev almaq üçün maddi imkanı az olan ailələrə kömək etməkdir. Uzun müddət aparılan müzakirə predmetlərindən biri də bu cür kreditləşmənin iqtisadi səmərəsinin azlığıdır. Belə ki, kredit vəsaitləri az olduğundan həmişə bazarda ucuz mənzillərin alınmasına yönəlib. Nəticədə bazarda həmin mənzillərə tələbatı artırmaqla qiymətlərin yuxarı həddə qalmasına səbəb olub”.

R.Əliyevə görə, ipoteka proqramının ilkin bazara yönəldilməsi tikinti sektorunda artıma səbəb olacaq: “Hazırkı dövrdə ipoteka kreditləri bu sektora dəstək ola bilər. Belə olan halda ipoteka proqramı üzrə ayrılan pullar iqtisadiyyatın real sektoruna yönəldiləcək. Real sektor isə sement və armatur istehsalçısından tikinti şirkətinə kimi gedən yoldu. Bu, iş yerləri, vergi ödəmələri və iqtisadi inkişaf deməkdir. Bu, həm də qeyri-neft sektorunun inkişafı deməkdir. Dövlət tərəfindən ipoteka proqramı çərçivəsində ilkin bazara, yəni yeni tikililərin alınmasına yönəldilən vəsaitlərin ən azı 20 faizi dövlət büdcəsinə vergi ödəmələri şəklində qayıdacaq”.

Ekspert daha sonra qeyd etdi ki, Prezidentin çıxışından belə qənaətə gəlmək olar ki, dövlət tikinti sektorunun inkişafında maraqlıdır və vəsaitlərin ilkin bazara yönəldilməsini daha məqsədəuyğun hesab edir. “Qısa müddətdə bu, tam mümkün deyil, tikinti sektoru hazırlıq vəziyyətinə gətirilməlidir. Odur ki, hələlik təkrar bazarın imkanlarından istifadə edilməsi qaçılmazdır. Ancaq burda uzunmüddətli perspektivdə yeni tikililərə üstünlük veriləcəyi haqda siqnal da var. İndi təklif edilir ki, kreditlər həm təkrar, həm də ilkin bazara yönəldilsin. 200 milyon manatın hamısını qısa zamanda təkrar bazara yönəldilməsi ucuz mənzillərin qiymətlərini kəskin bahalaşdıra bilər. Bu vəsaitlə orta hesabla 5000 mənzilin alınmasını maliyyələşdirmək olar. Belə olan halda ev almaq istəyənlərin yox, məhz ev satmaq istəyənlərin “bayramı” olacaq. Buna görə də ən çətin məsələ təkrar bazara yönəldiləcək vəsaitin həcminin müəyyənləşdirilməsi olacaq”,- deyə ekspert əlavə etdi.

Onun sözlərinə görə, vəsaitlərin coğrafi bölgüsü düzgün aparılsa, qiymətlərə təsiri minimuma endirmək olar: “Bunun üçün ayrılan vəsaitin ən çoxu 50 faizi təkrar bazara yönəldilməlidir və uzun zaman çərçivəsində olmalıdır. Ancaq kredit vəsaitlərinin ayrılması ilə məsələ bitmir. İlkin ödəniş, əmək haqqının səviyyəsi, faiz kimi məsələlər də öz həllini tapmasa kredit vəsaitlərinin yerləşdirilməsində çətinliklər ola bilər.

“Bizim Yol” qəzeti

Загрузка...