Загрузка...

img1830847

Hakim partiya payızda keçiriləcək parlament seçkilərində 125 dairənin 125-dən də namizəd irəli sürəcək. Bu, “aydın səmada çaxan şimşək” qrafasından olan xəbər deyil.
Zatən, böyük partiyaların hamısı həmişə mütləq bütün dairələrdən namizəd irəli sürürlər, sürməyə çalışırlar.

Əsas məsələ irəli sürülən namizədlərin hamısının seçkidə qələbə qazanmasıdır, bu da praktik olaraq mümkün deyil.

Əslində YAP qəsdə, mərcə dursa, bunu həyata keçirə bilər, 125 dairənin 125-dən də YAP vəsiqəsi daşıyan namizədi seçdirər.

Bu, nəzəri olaraq da mümkündür, faktiki olaraq da. Çünki hakim partiyanın bu niyyətinin qarşısını ala biləcək mexanizm yoxdur. Ölkədəki seçki mühiti, seçib-seçilmək kriteriyaları elədir ki, hər şey YAP-ın arzusundan, insafından asılıdır.

Ancaq YAP belə bir maksimalistlik edərək özünü dilə-dişə salmaz, salmaq istəməz. Ona görə yox ki, hakim partiya insaflıdır və demokratik prinsiplərə biganə deyil.

Sadəcə ona görə ki, bu sayaq maksimalistlik YAP-a heç bir fayda gətirmir, əksinə, ziyan gətirə bilər, ölkənin reputasiyasına zərbə vurar, hakimiyyətin tipologiyasına daha bariz aydınlıq gətirər.

Əlbəttə, yekcins, yekrəng parlamenti idarə etmək asandır, təhlükəsizdir, ancaq parlamentdəki mandatların 125-nin də eyni partiyanın üzvü olan şəxslərə çatmaması hələ yekcinsliyə xələl gətirmir.

Ola bilər ki, Milli Məclisin payızda seçiləcək yeni heyətində 100 deputat YAP üzvü olsun, 25-i bitərəf, eləcə də müxalifətçi olsun. Bu da özlüyündə yekcins heyət deməkdir və bunun parlamentin idarə olunmasına isti-soyuğu yoxdur.

Bu halda YAP yenə həlledici səs üstünlüyünə malik olacaq, istədiyi qanun layihəsini keçirəcək, istəmədiyi təşəbbüsləri, səsləri boğacaq.

Belə olandan sonra parlamentdəki 125 yerin 125-ni də götürərək başqalarını – daima iqtidara dəstək verən bitərəf ziyalıları, YAP-ın süni peyki olan xırda partiyaların sədrlərini incitməyə, onları açıq və ya gizli şəkildə hakimiyyətə asi etməyə nə ehtiyac var?

Ancaq YAP bu dəfə də 5 il öncəki siyasi kursu tutaraq, müxalifətsiz parlament formalaşdıra bilər.

2010-cu ilin bu vədələri heç kəs gözləmirdi ki, parlament müxalifətsiz olacaq. Müxalifət düşərgəsi ən azı 10-15 mandata ümid edirdi. Beynəlxalq siyasi təşkilatlar da müxalifətin qazanacağı mandatların sayı barədə nikbin fikirdə idilər.
Siyasi hakimiyyət isə hesab etdi ki, bu ölkədə parlament siyasi müxalifət olmadan da formalaşa bilər, belə olması lazımdır. Elə də oldu.
Dövlət rəhbərliyi builki seçkilərdən də elə bir nəticə almaq istəsə, alacaq. Çünki buna qarşı çıxacaq qüvvələrin müqavimət əmsalı çox aşağıdır.
Tarixi təcrübə göstərir ki, Azərbaycan kimi diktaturadan demokratiyaya uzun bir keçidlə adlayan ölkələrdə əlində ciddi etiraz rıçaqları olmayan siyasi qüvvələr seçkilərdə yetərli səs qazansalar da, sonda həmin mandatı əldən verirlər. Onların haqqını xoşluqla özlərinə verən olmur, mandatlarını zorla qamarlayıb alırlar.
Bəlkə də bu üzdəndir ki, bu il ölkədə heç bir seçki ab-havası hiss olunmur. Seçkilərə çox az vaxt qalsa da, nə seçki eyforiyası var, nə də seçki kampaniyasının ilkin işartısı. Heç ənənəvi söz-söhbətlər, müvafiq mübahisələr, blok yaratmaq təşəbbüsləri də ötən illərdəkinin yarısı qədər deyil.
1992-ci ildən bəri ilk seçkidir ki, ictimai-siyasi fəallıq, siyasi qüvvələr arasındakı intriqa, çəkişmə sıfır dərəcəsindədir.
Bəlkə belə yaxşıdır? Hakim partiya illərdir bunu istəmirdimi?
Artıq mandatları əmin-arxayın şəkildə, ekstessiz bölüşdürmək olar. Hətta hakimiyyətdaxili qüvvələrin ötən seçkilərdə olduğu kimi, “öz adamını seçdirmək”, “daha çox mandata sahib olmaq” çılğınlığından da əsər-əlamət yoxdur.
Söz yox, noyabra doğru vəziyyət bir qədər dəyişəcək, buz tərpənəcək, ancaq müxalifət cinahında yeni və güclü qüvvələr yer almayınca, bu ölkədə əsl seçki intriqası, yarışması müşahidə olunmayacaq.