Bu mövzuda azı yüz dəfə yazılıb. Son illərin dəbdə olan mövzularından biri də harın oğulların iştəkləri, orda-burda törətdikləri pəstəhalardır.
Bu, hətta dövlət rəhbərliyi səviyyəsində keçirilən müşavirədə də müzakirə olunub, harın oğulların haramxor atalarına xəbərdarlıq edilib. Ancaq çifayda…
Vaxtaşırı onların ictimaiyyətin əsəblərini tarıma çəkən, yüz minlərlə insanı qıcıqlandıran səfeh hərəkətləri barədə xəbələr gəlir.
Bu da o vaxt olur ki, baş verən hadisə barədə xəbər yerli-yataqlı, təkzibolunmaz şəkildə mediaya çıxır. Yoxsa qudurğan oğulların onu-bunu dalaması olayları hər gün hər yerdə baş
verir.
Zatən, onların bir xeylisinin hər küçəyə çıxışı, yolda maşın sürüşü, restorana, salona girişi, hər hərəkətləri olaydır.
Bu harınlar özlərini 1910—1920-ci illər arasında qəfildən varlanmış Bakı neftxudalarının balalarından da artıq ərköyün, qudurğan aparırlar.
Hamı onlara borcludur, heç kəs onların önüylə maşın sürə bilməz, getdikləri yerdə hamı onlara baş əyməlidir, heç kəs onlara bir söz deyə, nəinki çəpəki, heç düzünə də baxa bilməz. Düşüncələri budur.
Harın oğulları qudurdub bu hala çatdıran şey haramxor atalarının ümumi korrupsiya qazanından götürdükləri dolu çömçədir. O çömçədən gələn milyonlar “gül bala”ların gözünü örtüb, ona görə də ayaqlarının altını görmürlər.
Onların mübahisə etdikləri insanlarla danışarkən seçdikləri ifadələr “öldürüb, qanını batıraram”la başlayır, “ilim-ilim itirərəm”lə qurtarır. Ortasında da xeyli söyüş, latayır olur.
Onlar güclüdürlər, ötkəmdirlər, dövlət qulluqçusuna da əl qaldıra bilərlər, küçədə, yolda özlərindən zəif gördüklərinə də.
Onlar maşınlarını yol qırağında saxlayıb bir rayonun camaatını təhqir edə bilərlər, sanırlar ki, bu rayonda onların sözünün qabağında söz deyə biləcək kişi yoxdur.
Onlar universitet professorunu gəlib auditoriyada, tələbələrinin gözü qarşısında çırpa bilərlər, ona görə ki, professor harın oğulun dərsə gecikən sevgilisini auditoriyaya buraxmayıb.
Onlar mərcləşərək şəhərin geniş prospektində sürət yarışına çıxa və qarşılarına çıxmış, asta-asta gedən avtomobilin içindəki bir ailəni məhv edə bilərlər.
Harın oğulların gecə saatlarında avtoxuliqanlıq etmələri bir ara ölkənin əsas problemlərindən birinə çevrilmişdi, tədbirlər görüldü, bir az səngidi. Onlara qarşı aparılan reydlər zamanı onlarla yol polisi döyülür, təhqir olunurdu.
Qudurğanların cəzalandırılması barədə xəbər gəlməsə də, hərdən döyülüb, təhqir olunmuş yol polisinin, üstəlik, işdən qovulduğuna dair xəbərlər çıxırdı.
Ona görə də ordunun ikinci səlahiyyətli adamı general Nəcmədddin Sadlkovun vergi məmuru işləyən oğlunun iradəsi ilə yol polisinin işdən çıxarılması heç kəsi heyrətləndirmədi, amma hiddətləndirdi.
İndi bəziləri deyir ki, həmin yol polisi də mələk deyil, yəqin ki, maaşından başqa da qazancı olub.
Deyək ki, olub, adam aldığı maaş qədər “xaltura”-filan da edib. Burası haradır? Milyardların mənimsənildiyi, rüşvətlə yığılan pulların elevatorla yük maşınlarına yükləndiyi ölkədə qəpik-quruş söhbəti eləməyin yeri yoxdur.
Əsas məsələ odur ki, həmin yol polisi mediaya bəlli olan bir neçə epizodda öz işinə vicdanla yanaşıb, prinsipiallıq göstərib, ancaq bir harın paşazadənin (general oğlunun) qəzəbinə tuş gəlib.
İşindən alınmış yol polisi Cavanşir Qasımovun əslində kobud adam olduğu və sürücülərlə, o cümlədən bir jurnalistlə qaba davrandığı barədə yazanlar və onun haqlı cəzalandırıldığını iddia edənlər də var.
Belədirsə, o, daha öncələr cəzalandırılmalıydı, indi, general oğluyla və ya arxalı sərxoş qadınla toqquşmasından sonra yox.
Burada əsas vurğu predmeti bir yol polisinin başına gələnlər deyil, özünün və atasının qulluq mövqeyindən sui-istifadə edərək başqalarının, özəlliklə də dövləti təmsil edən mundirli şəxsin təhqir etməsidir.
Gənc bir harının yaşlı adamın bəlkə də vəfat etmiş anasına söyməsi heç bir dəftər-kitaba sığan, haqq qazandırıla bilən hərəkət deyil. Belə adamlar mütləq cəzalandırılmalıdır.
Əks təqdirdə parlamentdə ard-arda çıxarılan qanunvericilik sənədlərinin heç bir mənası yoxdur. Bir qudurğan adam istədiyi vaxt həmin qanunları müdafiə edən şəxsi təhqir edib cəzalandıracaqsa, o zaman qanunların və ictimai asayişin keşiyində kim duracaq?
Odur ki, gənc Sadıkovun da aqibəti bir müddət öncə özləri və ataları cəzalandırılmış harınların aqibəti kimi olmalıdır.