Azərbaycan polisinin vəzifəsini necə yerinə yetirməsindən asılı olmayaraq, tənqid və təhqir hədəfinə çevrilib. Bir sıra yüksək çinli məmurların övladlarının özbaşınalığı onlara vəzifə səlahiyyətlərini icra etməyə imkan vermir. Heç kimə sirr deyil ki, hər hansı qayda pozuntusu zamanı saxlanılan şəxsin ilk gördüyü iş mobil telefonla kiməsə zəng etməkdən ibarət olur. “Yuxarıdan” gələn zəngdən sonra polis hətta qayda pozuntusuna görə saxladığı şəxsdən üzr istəyib, yola salmağa məcbur olur…
Bəs, qanun keşikçisinin qanunlarını pozması hansı qanunda yazılıb?!
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa Modern.az saytına Azərbaycanda bu qanunsuzluğunu gizli olmadığını deyib:
“Bu məsələlər heç kimə sirr deyil, prinsipiallıq gözlənilmir. İstənilən məmur övladı, istənilən “avtoş”un ona qarşı hansısa inzibati cəza tətbiq etmək hüququ var. Heç kimin ixtiyarı yoxdur ki, valideynin tutduğu mövqeyindən sui-istifadə edərək qanunlara qarşı çıxsın. Ölkə başçısı dəfələrlə məmurları bu barədə xəbərdar etsə də, nəzərə almaq lazımdır ki, hər baş verən hadisə prezidentə qədər gedib çatmır”.
Deputatın fikrincə, bu məsələdə mətbuat polislə əməkdaşlıq etməlidir: “Azərbaycan reallığında vəzifəli şəxslər elə imkanlara sahibdirlər ki, bir çox hallarda polislər üçün problem yarada bilirlər. Vəziyyətdən çıxış yollarının ən başında mətbuatın fəaliyyəti durur. Bəzi məsələdə polisin də nöqsanı olar. Narazı qalan vətəndaş hüququn tətbiqi ilə bağlı şikayət mexanizmindən istifadə edə bilər.
Dünyanın istənilən sivil ölkələrində belə, vətəndaş-polis münasibətlərində müəyyən narazılıqlar yaranır. Hamının səbri bir yerə qədərdir. Hər şey qanunla müəyyənləşdiyinə görə polis də bilir ki, qanunun hüdudlarını aşmaq olmaz”.
Fazil Mustafanın sözlərinə görə, bu formada özbaşınalıq yolverilməzdir:
“Bunun yaxşı nəticələrinin olacağını düşünmürəm. Vətəndaş polisə kömək üçün müəyyən addımlar atmalıdır. Polisin qaydalara əməl etmək üçün çağırışı insanların marağına uyğundur. Əks təqdirdə, hər yerdə xaos baş alıb gedər, polis isə hadisələrin qarşısına keçə bilməz.
Konkret məmur övladları ilə bağlı məsələnin isə heç bir adı yoxdur. Hesab edirəm ki, prinsipial şəkildə bunun üzərinə getmək, polisi müdafiə etmək lazımdır. Nəyə görə, məmur övladını, varlıları qaydalara riayət etməyə dəvət etmək olmaz?! Qaydalar ancaq sadə vətəndaşlar üçündürmü?!
Başqalarının daşımadığı məsuliyyəti digər vətəndaşın rahatlıqla daşıya bilməsi yaxşı hal deyil. Bu, cəmiyyətdə hüququn tətbiqi ilə bağlı müəyyən qeyri-bərabər təhqiqat məsələsini gündəmə gətirə, hüquqi nihilizmin yaranmasına səbəb ola bilər”.