Dünyadan, beynəlxalq birlikdən, fövqəldövlətlərdən mütləq ədalət ummaq doğrudan da bihudə iş imiş. Bu da isti nümunə: iki gün öncə BMT-də Rusiya və Çin veto hüququndan istifadə edərək Serebrenitsadakı qətliamın soyqırım kimi tanınmasının qarşısını alıb. Halbuki 1995-ci ildə 8 min boşnak müsəlman kişi və oğlan uşaqlarının serblər tərəfindən qətlə yetirilməsinə artıq Beynəlxalq Məhkəmə elə bu cür də hüquqi qiymət verib – soyqırım.
Ruslar bu addımı təbii ki, din-dil qardaşları olan serblərə görə atıblar. Söz yox ki, Serebrinitsada öldürülən sakinlər xristian, üstəlik, pravoslavlar olsaydı, Rusiya yüzdə yüz qətnaməni dəstəkləyəcəkdi. Necə ki, tarixdə olmayan bir genosidi Moskva xristian ermənilərə görə “soyqırım” kimi tanıyıb və aprelin 24-də Putin şəxsən uydurma məsələnin 100 illiyinə görə İrəvanda olub. İkili standart?
İkili standart. Çin də Rusiya kimi bəşəri dəyərlərlə idarə olunmadığından Pekinin mövqeyi də təəccüb doğurmur. Uyğur türklərinin başına olmazın müsibətlər gətirən, onlara qarşı Ramazan ayında belə diskriminasiya və repressiya siyasətinə ara verməyən bir buddist dövlətin Bosniya müsəlmanlarına qarşı vandallığı soyqırım kimi tanımaması anlaşılandır.
Fəqət, Qərbin özü də “süddən çıxan ağ qaşıq” deyil, əfsus ki. Misal üçün, Serebrenitsa qırğınından cəmi 3 il önə Xocalıda soyqırım törədilmiş, erməni yırtıcıları yüzlərlə günahsız sakini, qocaları, qadınları, uşaqları yalnız müsəlman-türk olduqları üçün amansızlıqla öldürüblər. Di gəl, beynəlxalq birlik, Qərb hələ də bu antibəşəri cinayətə layiqli hüquqi-siyasi qiymət verməyib, caniləri haqq etdiyi cəzasına çatdırmayıb.
Azərbaycana qarşı Qərbin ikinci ədalətsizliyi Qarabağa münasibətdə özünü göstərməkdədir. Elə BMT-dəki səsvermə günü Dağlıq Qarabağdakı separatçı rejimin başçısı, “KQB tulası” Bako Saakyan Londona, titullu “Chatham House” – Kral Beynəlxalq Münasibətlər İnstitutuna mıəruzı oxumaq üçün gəlmişdi – əlbəttə ki, Lontondan göndərilən dəvət əsasında. Halbuki, nə Abxaziya və Cənubi Osetiyanın, nə Krım və Dnestryanı bölgənin, nə də Donbasın separatçı liderlərinə heç vaxt belə lüks tanınmayıb. Əksinə, onların Avropa ölkələrinə girişi yasaqlanıb, bank hesablarına həbs qoyulub.
Özü də Saakyana dəvət o ölkədən göndərilib ki, onun Azərbaycanla geniş əlaqələri var. Söhbət İngiltərədən və onun bp şirkətindən gedir. Düzdür, Britaniya səfirliyi bəyan edib ki, bu – özəl bir səfərdir, hökumət üzvlərindən heç kim onunla görüşməyəcək və London Azərbaycanın ərazi bütövlüyünü tanıyır.
Amma və lakin “Chatham House” yetərincə nüfuzlu, brend xarakterli institutdur və ora adətən tanınmış dünya liderləri, siyasilər, ekspertlər dəvət olunur. Saakyan bu kateqoriyalın hansına uyğun gəlir görəsən? Əcəba, bu separatçının Azərbaycana strateji yaxın bir ölkənin “beyin mərkəzi”ndə nə iti azıb, onun fikirləri ingilislər üçün doğrudanmı böyük önəm kəsb edir? “KQB tulası” onlar üçün gerçəkdənmi qızıl xırdalayacaq?
Yox, təbii ki. Bəs səbəb?
Bəzi siyasi müşahidəçilərə görə, Qərb özünün qabaqcıl institutlarının əli ilə separatçılara belə reveranslar etməklə əslində son vaxtlar onun çağırışlarına məhəl qoymayan Azərbaycan hakimiyyətindən qisas alır. İstisna eləmirik. Amma ümumi bir tendensiya da sezilməkdədir. Bu da odur ki, ölkəmizə qarşı sanki bir “hibrid separatçılıq” siyasəti (ssenarisi) yürüdülür. Yəni rəsmən Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi deyilsə də, Qarabağda separatçılığa, separatçılara da haqq qazandırılır, ancaq boyunlarına almırlar. Necə ki, Rusiya Ukraynada məhz “hibrid müharibə” aparır – həm Ukraynanın içindədir, həm də orada hərbi qüvvələrinin olduğunu danır.
Odur ki, sual yaranır: Qarabağ vasitəçiliyində patronajlıq tamamən Moskvadan Qərbə keçsə, Azərbaycan “yağışdan çıxıb yağmura düzməz” ki? Və Azərbaycan demokratiya yolu tutsa, ona qarşı “hibrid separatçılıq” yenə davam edərmi? Hər necə olmasa, hansısa ölkədə insan haqları sahəsində problemlər o ölkənin bir hissəsinin ərazisinin işğalına haqq qazandıra bilməz. Çünki hakimiyyətlər gəldi-gedər, xalqlar, dövlətlər isə qalıcıdır. Hakimiyyətlərə görə xalqlara pislik etməzlər.
Ancaq qoyulan suallar ətrafında rəsmi Bakını da düşündürməli çox şey var – əgər onun üçün Azərbaycan, Qarabağ həqiqətən hakimiyyətdən əzizdirsə. Yoxsa günün birində Dağlıq Qarabağın de-yure itirilməsi faktı ilə də üz-üzə qoyularıq. Hələ vaxt var.