“Telekanalın rəhbərliyi efirdə baş verən qalmaqallar üzündən işdən çıxarılan aparıcılar və yaxud da işçi heyətinə verilən töhmətlər barəsində MTRŞ-na hesabat verib”.
Bu sözləri Milli Televiziya və Radio Şurasının aparat rəhbəri Toğrul Məmmədov musavat.com-a verdiyi açıqlamada deyib.
Şura rəsmisinin sözlərinə görə, təqdim edilən hesabat telekanal üçün yüngülləşdirilimiş hal kimi nəzərdə tutulacaq: “Telekanal rəhbərliyi artıq Şuraya öz hesabatını təqdim edib. Bu, normal tendensiyadır. Görünən budur ki, telekanal rəhbərliyi efirdə baş verən qeyri-etik, xoşagəlməz olaylarla bağlı özü tədbirlərini görüb və bu da Şura tərəfindən təqdirə layiq hesab edilib”.
Şura rəsmisi onu da qeyd etdi ki, özəl televiziyalarda yayımlanan bütün şou tipli verilişlər barəsində ciddi araşdırmalar aparılır: “Bütün şou xarakterli verilişlərin siyahısı hazırlanıb. Araşdırma zamanı Milli Televiziya və Radio Şurası haqqında Əsasnamənin 32-ci bəndinə əsasən verilişə verilən tələblərin pozulması halları aşkar edilərsə, həmin verilişlər barəsində ciddi tədbirlər görüləcək”.
Qeyd edək ki, “Space” telekanalının rəhbərliyi efirdə səslənən qeyri-etik sözlərə görə müğənni Səidə Sultanı efirdən uzaqlaşdırıb. Verilişin aparıcılığı isə jurnalist Tahirə Məmmədqızına həvalə olunub.
O, birinci efir günündən sonra musavat.com-a açıqlama verib: “Space” telekanalına şəxsən televiziyanın rəhbəri Vaqif Mustafayev tərəfindən dəvət olunmuşam. Artıq hər kəsə məlumdur ki, xoşagəlməz olaylardan sonra “Space” televiziyasına qarşı böyük həssaslıq var. Bu səbəbdən də telekanal rəhbərliyi “Əsl şou” verilişinin heyətində köklü dəyişikliklər etdi və aparıcılıq mənə etimad olundu. Veriliş efirə getməzdən iki gün öncə Vaqif Mustafayev yeni heyət ilə geniş müzakirələr apararaq, öz tövsiyələrini verdi”.
Tahirə Məmmədqızı verilişin yeni prinsiplər üzərində qurulduğunu da deyib: “Bundan öncəki verilişlər mövzu üzərində qurulmurdu. Lakin artıq “Əsl şou”nun hər bir yayımı konkret bir mövzuya əsaslanacaq, həftə və ya gün ərzində aktual olan məsələlərə toxunulacaq. Çalışacağıq ki, verilişə tamaşaçıların sevdiyi incəsənət nümayəndələrini dəvət edək. Əsas odur ki, verilişdə daha efir qaydaları pozulmayacaq, tamaşaçılar qeyri-etik davranışlar görməyəcəklər”.
Xatırladaq ki, bu günlərdə “Space” TV-nin efirində yayımlanan və Vüsalə Kərimovanın aparıcılıq etdiyi verilişdə müğənni Mətanət Əsədova ilə yazar Əziz Musaoğlu bir-birilərinə qarşı biabırçı şəkildə təhqiredici sözlər işlətmişdilər. Bunun ardınca həmin telekanalda yayımlanan “Əsl şou”da müğənni Səidə Sultan həmkarı Rəhim Rəhimli ilə söhbətdə qeyri-etik ifadələrə yol vermişdi.
Hər iki olay cəmiyyətdə ciddi narazılıqla qarşılanmışdı. Milli Televiziya və Radio Şurası (MTRŞ) isə bu məsələyə qarışaraq, televiziya rəhbərliyinin həmin olaylarla bağlı ciddi tədbirlər görməyəcəyi təqdirdə, telekanalın yayımının bir ay müddətinə dayandırılacağı barədə xəbərdarlıq etmişdi.