“Tartaren yeməyini məhdudlaşdırmağa bəzi başqa ağıllı məşqlər də əlavə etdi. O özünü uzun yürüşlərə alışdırmaq üçün hər səhər dirsəklərini qatlayıb böyrünə qısaraq və qədim insanların adətincə ağzına iki çaylaq daşı alaraq gah cəld, gah da gimnastik addımlarla dalbadal yeddi-səkkiz dəfə şəhəri dövrə vururdu”
(Alfons Dode, “Taraskonlu Tartarenin qeyri-adi macəraları”)
***
Artıq 2 aya yaxındır Dövlət Bayraq Meydanı idarəsinə təzə müdir qoyulmuşdur, lakin geniş xalq kütlələri hələ də bu adam haqda məlumatsızdır. Bəlkə dilim-ağzım qurusun, bu da ermənilərlə qohumluq əlaqələrinə malikdir? Bəlkə onun ayaq barmağının biri çoxdur? Nəsli-nəcabəti necədir? Yatanda dişlərini fırçalayırmı? Qurban bayramında qoyun alıb kəsdirirmi? Bayrağımızın rənglərinin mənasını bilirmi? Bunlar hamısı ciddi dövlətçilik məsələləridir, gərək vaxtında öyrənəsən, yoxsa sonra cürbəcür biabırçılıqlar ortaya çıxır.
Hardasa 15 gün qabaq Moldovada da müəyyən hadisələr baş verdi, mən bunun da təsiri altındayam. Orda Kiril Qaburiç adlı baş nazir istefaya getdi, onunla birgə bütün kabinet də istefa verdi, təsəvvür edin, yerdə diş qurdalamağa bir nazir də qalmadı. Əlbəttə, hardan təsəvvür edəcəksiniz, 20 ildir kresloya diffuziya eləmiş Nazirlər Kabinetinin altında yaşayırsınız. AMEA Tarix İnstitutunun direktoru Yaqub müəllim hətta Böyük Hun İmperatorluğu tarixini Artur Rasizadəni danışdırıb öyrənir, çünki Artur müəllim o dövrün canlı şahidi olmuşdur. Daxili işlər nazirimiz vəzifəyə qoyulanda Stalinqrad uğrunda gərgin döyüşlər gedirdi. Baş prokurorun ilk dəfə təyin olunduğu gün Tunqus meteoriti Sibirə düşmüşdü. Amma təbii ki, bunların heç birisi Sabir Rüstəmxanlının deputat vəzifəsinə qoyulması tarixinə çata bilməz. Sabir müəllim ilk dəfə mandat alan ay ulu babamız azıxantrop Füzuli şəhərindən 16 kilometr aralıda yerləşən mağarada ulu nənəmiz azıxantropun alt çənəsini vurub qırmışdır. Bu da hardasa 400 min il qabaq olmuşdur.
Hazırda həmin çənənin maketi Azərbaycan Tarix Muzeyində saxlanılır. Əslini sovet dövründə kiməsə satmışıq.
Bax, mən hələ də fikirləşirəm görəsən Moldovada bütün nazirlər birdən istefa verəndə ölkə camaatı başına haranın daşını salıbdır? Nazirsiz yaşamaq olarmı? Bizim analoqu olmayan Azərbaycanımızda, şükürlər olsun, belə hallar mümkün deyildir. Lap Artur müəllim istefa versə belə o biri nazirlər yerlərində qalarlar. Sözgəlişi, bu Kirill Qaburiç-in adı yəqin sizə tanış gəldi, adam bir neçə il qabaq bizdə “Azərcell”in şefi işləmişdi. Bəs niyə dövlətçilik təcrübəmizi tam əxz eləməyib, qaranlıq qaldı. Bir az əxz eləyib, o da istefa səbəblərindən göründü, çünki diplomu saxta imiş. Amma adam da diploma görə istefa verər? Soxum boyunu yerə. Burnundan gəlsin sənə göndərdiyimiz konturlar. Nə isə, çox əsəblərimi korlamaq da istəmirəm.
Cüdo milli komandamızın Avropa Oyunlarında göstərdiyi uğursuz nəticə, indi isə komanda üzvlərinin narazılıqları da bir tərəfdən ürəyimizi sıxır. Komanda üzvü qızlar deyir ki, onlara hətta vitamin də verilməyibdir! Deyirlər bəs dövlətin ayırdığı pullar hanı, biz kimono paltarını da öz cibimizin pulu ilə alırdıq. Əsasən keçmiş nazir, İsmayıllı alovlarında yanan Füzuli Ələkbərovu qınayırlar. Halbuki, Füzuli müəllimin bir günahı yoxdur. Qabaq nazir idi, pul gəlirdi, vitamin alırdı.
İndi bağda ərik qurtarıb, bu da sponsorluq edə bilmir. Əgər cüdoya pul istəyirsinizsə gərək Füzuli müəllim təzədən nazir yerinə, onun qardaşı da icra başçısı yerinə qoyula, qardaşı oğlu isə İsmayıllıda hotel aça, hoteldə camaatı söyə, hotel yana, Tofiq Yaqublu təzədən dura gedə rayona və sairə. Ən əsası, bütün bu dövriyyəni təmin eləmək üçün buruqdan axan şeyin qiyməti qalxmalıdır. Yoxsa bu burnufırtıqlı gənclər elə bilir yel əsib qoz tökülübdür. Bizim o biri komandaların hərəsinin bir vedrə medal almasına da paxıllıq eləmək lazım deyil. O idman növlərinə dövlətlər 5-ci dərəcəli idmançı göndərmişdi, çünki önəmsiz turnir idi. Cüdoda isə olimpiyada lisenziyası qazanmaq imkanı vardı, o üzdən güclülər gəldi, bizimkiləri çırpıb getdilər.