Rusiya Liberal-Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski Rusiya Baş Prokurorluğunun SSRİ Dövlət Şurasının Baltikyanı respublikaların müstəqilliyini tanıması barədəki 1991-ci il tarixli qərarının nə dərəcədə qanuni olmasını yoxlamağa başlamasını təqdir edib.
Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, V.Jirinovski SSRİ konstitusiyasının bu dövlətin süqutunu nəzərdə tutmadığını xatırladıb.
Onun sözlərinə görə, bunun üçün yeganə qanuni prosedura yalnız referendum ola bilərdi: “Buna görə də 1991-ci il, dekabrın 8-də baş verənlər qanunsuzluqdur. Dövlət Duması “Belovejsk sazişi”ni hələ 1996-cı ilin martında ləğv edib”.
Jirinovski əmindir ki, “əgər ratifikasiya yoxdursa, deməli, nə MDB yoxdur, nə də Baltikyanı ölkələr”.
Bununla yanaşı, LDPR lideri Rusiyanın qabaqcıl elmi nailiyyətlərdən istifadə etməklə öz müdafiə qüdrətini artırmasını alqışlayıb: “Yeni raketlər, lazer şüaları, maqnit, adi, iqlim silahları lazımdır”.
Jirinovski Baltikyanı ölkələri hədələməyi də unutmayıb: “Rusiya bayrağı Vilnüs, Riqa və Tallinin üzərində dalğalanacaq”.
LDPR lideri deyib ki, keçmiş sovet respublikalarının bütün ərazisi Rusiyanın milli maraq zonasıdır: “Oradakılar isə işğalçılardır. Heç bir eston, latış, Litva ordusu olmamalıdır. Ukrayna ordusu isə heç olmamalıdır. Hər yerdə yalnız bir ordu olacaq – rus ordusu!”