Bakıdakı 45 saylı orta məktəbin müəlliməsi və tələbəsi barədə yayılan məlumatlar araşdırılır.
Bunu Modern.az saytına Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildiriblər. İdarədən verilən məlumata görə, 45 saylı məktəbinin ingilis dili müəlliməsi, 50 yaşlı Ziyafət Nəbiyeva və 11-ci sinif şagirdi ilə bağlı direktorun təqdim etdiyi qalmaqallı videogörüntüyə qiymət veriləcək.
“Hadisə bütün detalları ilə araşdırıldıqdan sonra təfərrüatlara uyğun lazımı tədbirlər görüləcək”.
Xatırladaq ki, həmin görüntüdə şagird müəlliməyə yaxınlaşaraq onun üzündən öpüb. Bu zaman digər şagirdlər də sinifdə olub. Hadisənin necə lentə alındığı açıqlanmır.
İyunun 29-da məktəbin direktoru Nazilə Məmmədova ona valideynlər tərəfindən belə bir videogörüntü təqdim olunduğunu deyib, müəllimə Z.Nəbiyevanın işdən azad edilməsi üçün ərizə yazmasını istəyib.
Adıçəkilən müəllimə ona şər atıldığını və hadisədən şoka düşdüyünü bəyan edib. O, şagirdlə ana-bala kimi görüşdüyünü söyləməklə işdən çıxarılmasının qanunsuz olduğunu vurğulayıb. Qeyd edib ki, bu, kimlərində ona qarşı qurduğu “oyun”dur.
11-ci sinif şagirdi də mətbuata açıqlamasında Ziyafət Nəbiyevanı özünə təkcə müəllimə deyil, ana kimi yaxın hiss etdiyini deməklə yayılan söz-söhbəti iftira adlandırıb.