865836_fanat_az

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Oyunlarında medal qazana bilməməyi baş məşqçi dəyişikliyi ilə nəticələnib. Apasport.az xəbər verir ki. yığmamızın inkişafında xüsusi pay sahibi olan Faiq Qarayev yenidən komandanın “sükanı arxası”na keçib. O, AVRO-2013-ün final mərhələsi zamanı bu posta gətirilən Aleksandr Çervyakovu əvəzləyib.

Nəticədə sentyabrın 26-da Belçika və Hollandiyada start götürəcək AVRO-2015-də komandamız yenidən təcrübəli mütəxəssisin rəhbərliyi altında oynayacaq. Bu səbəbdən yığmamızın əvvəlki oyununu tapıb, ən azı AVRO-2003-dəki uğurunu təkrarlayıb, hətta onu yaxşılaşdıracağını gözləməyə dəyər. Həmin vaxt 4-cü olan voleybolçularımız bu dəfə mükafata iddialı olacaqlar.

Səhhətində problemlər olan 56 yaşlı Qarayev bunları aradan qaldırmaq üçün bu gün əməliyyat da edilib. Həkim müayinəsindən tam keçdikdən sonra onun meydanda olmasına hansısa problem qalmayacaq.

Qeyd edək ki, yığmamızın indiyədək qazandığı uğurlar məhz Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayevin adı ilə bağlıdı.