Ermənistanda baş verənlər həmişə xüsusi diqqətimizdə olmalıdır. Burası bəlli. Hətta işğal problemi aradan qalxsa da, Azərbaycan heç vaxt “çomağı əldən yerə” qoymalı deyil. Çünki qonşumuzun xislətini kim bilməsə də, biz çoxdan və yaxşı bilirik.
İndilikdə ərazilərimizin 20 faizini işğal altında saxlayan qonşu ölkənin daxili durumunu izləmək, orada gedən prosesləri düzgün təhlil edib nəticələr çıxarmaq ən əvvəl ona görə vacibdir ki, təcavüzkar ölkəyə münasibətdə Azərbaycan doğru-düzgün strategiyasını qura bilsin.
Ermənistanda son yaşananlar isə Azərbaycan üçün bir neçə mühüm qənaəti daşlaşdırmış oldu: 1. Ermənistan nəinki Rusiyanın hərbi-siyasi, eyni zamanda bütünlüklə iqtisadi və energetik asılılığında olan marionet ölkədir. 2. Ermənistanın müstəqilliyi simvolik xarakterli olmaqla tamamən Kremlin iradəsinə bağlıdır və heç özünün daxili məsələlərində də söz sahibliyinə malik deyil.
Deməli, Qarabağ məsələsində bizim işğalçı ölkə ilə danışıq aparmağımızın, o sırada prezidentlər səviyyəsində görüşlərin hər hansı anlamı, yeri qalmır və ilğım xarakteri daşıyır. Danışıqlar vacibdirsə də, bu, Ermənistanın yiyəsi ilə – Moskva ilə aparıla bilər.
Ancaq İrəvanda spontan baş verən, heç bir siyasi qüvvənin önündə durmadığı kütləvi etirazlar göstərdi ki, Rusiya öz forpostuna bir elə arxayın da deyil. Bu xüsusda yetərincə maraqlı digər bir məqam diqqətdən yayınmadı: Ermənistandakı ictimai narazılıqların ən qızğın çağında Moskva Gümrüdə bu ilin yanvarında 7 nəfərlik erməni ailəsini güllələyərək qətlə yetirən rus hərbçisi Valeri Permyakovun istintaq işinin erməni tərəfinə təhvil verdi.
Düşünmək olardı ki, bununla Rusiya olduqca həssas bir məsələdə İrəvana reverans etməklə etirazların anti-Rusiya məcrasına yönəlməsinin önləməyə çalışır. Bəlkə də. Hərgah, Kremlin İrəvana təsir rıçaqları olduqca güclüdür. Bununla belə, hiss olunur ki, Moskva belə güclü asılılıq fonunda da Güney Qafqazdakı yeganə forpostu sarıdan əmin deyil.
Görünür, bu ehtimalın yaranmasında bir çox rusiyalı ekspertin Ermənistan olaylarında dərhal Qərb, Amerika izi axtarması az rol oynamayıb. Məsələn, Kremlə yaxın ekspert, prezident Vladimir Putinin etibarlı adamlarından sayılan Sergey Markov iddia edib ki, Ermənistanda baş verənlər bilavasitə ABŞ xüsusi xidmət orqanlarının işidir.
Politoloq Konstantin Fedorenko isə İrəvanı Moskvanın adından şantaj edərək deyib ki, “siyasi tələblər önə çıxsa, Rusiya mütləq Ermənistana təsirini artıracaq, Kreml ona Dağlıq Qarabağ vasitəsilə təzyiq göstərə bilər”. Öz növbəsində deputat Valeri Raşkin belə bir açıqlama verib ki, “postsovet məkanında Rusiyanın faktiki, iki dostu qalıb – Ermənistan və Belarus, onları da Amerika bizdən almaq istəyir…”
Beləcə, xoflu Rusiya Ermənistana münasibətdə ənənəvi “qamçı və kökə” siyasətinə sadiqliyini bir daha ortaya qoyub. Bu günlərdə Rusiyadan Ermənistana elə onun özündən silah-sursat almaq üçün 200 milyon dollarlıq kredit ayırması da eyni siyasətin tərkib hissəsidir.
İrəvan bu acınacaqlı aqibətdən, sonu uçurum olan bu labüd qismətdən və girovluqdan ta o vaxtadək qurtula bilməyəcək ki, öz gerçək müstəqilliyinə can atmayacaq, həqiqi müstəqilliyinə qovuşmayacaq, normal dövlət atributlarını özünə qaytarmayacaq. O zaman Qarabağ məsələsi də, Ermənistanın iqtisadi enerji problemi də qısa zamanda ədalətli həllini tapacaq. İlk növbədə də Azərbaycanın hesabına.
Bu xüsusda Bakı dəfələrlə erməni tərəfinə təklifini verib, o cümlədən Ermənistanın iri regional enerji layihələrinə qoşulmasının, öz gerçək müstəqilliyinə qovuşub da Rusiya girovluğundan qurtulmasının ən sadə yolunu göstərib: Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarına, düşmənçiliyə son vermək!
Yəni “kökəni” biz də verə bilərik – qamçısız-filansız. Keşkə erməni ağla gələydi… Top onun tərəfindədir – əgər ruslar onu oğurlamayıbsa…