99801_res_01

Bakıda 33 yaşlı kişi itkin düşüb.

Yaxınlarının APA-ya verdiyi məlumata görə, 33 yaşlı Bədəlov Emil Əli oğlu iyunun 16-da Bakı Dövlət Universitetinin yaxınlığında yoxa çıxıb. Daimi yaşayış yeri Binəqədi rayonu olan E. Bədəlov özünə məxsus “VAZ-2104” markalı maşınla Bakı Dövlət Universiteti yaxınlığındakı kirayə verdiyi mənzilinə baş çəkməyə gedib və geri qayıtmayıb.

Yaxınları bu barədə dərhal polisə məlumat veriblər. Araşdırmalar zamanı itkin düşən şəxsin avtomobili Bakı Dövlət Universitetinin yaxınlığında saz vəziyyətdə aşkarlanıb. Avtomobildən E. Bədəlova məxsus əşyaların götürülmədiyi məlum olub. Hazırda polis itkin düşən şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, itkin düşən şəxsin taleyinə aydınlıq gətirilməsi üçün zəruri olan bütün tədbirlər görülür. İtkin düşməzdən əvvəl E. Bədəlovun getdiyi evdə kirayədə yaşayan şəxslər də polis tərəfindən dindirilib. Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir.