Çoxları üçün məsum görünən bir əyləncə növü var – qəlyan. Azərbaycanda qəlyan son illər xeyli populyarlaşıb. Bir çox kafelər, restoranlar ən müxtəlif qəlyan növləri təklif etməklə müştərilərinin sayını artırmağa çalışırlar.
Bir çox insanlar qəlyanı zərərsiz hesab etsələr də, ekspertlər əksini iddia edirlər. Elə bu səbəbdən də bir çox ölkələrdə qəlyan satışı qadağan olunub. Şimal qonşumuz Rusiyada bu yaxınlarda qəlyan qadağan olunarkən çoxları təəccübləndi. Axı zərərsiz bir məşğuliyyəti qadağan etmək nəyə lazımdır ki?
Həkimlər bildirirlər ki, çoxlarının zərərsiz hesab etdiyi qəlyan, əslində, siqaretdən daha təhlükəlidir. Mütəmadi olaraq qəlyan istifadə edən adamın ağ ciyər xərçənginə yoluxmaq ehtimalı böyükdür. Qəlyan siqaretdən zərərsiz görünsə də, əslində 1 qəlyan 50 siqaretə bərabərdir. Alma, banan, nanə kimi ətirlərlə zənginləşdirilən qəlyanlar xüsusən siqaret çəkməyənlərin hobbisinə çevrilsə də, nəticədə hər ikisi orqanizmə ziyan vurur.
Qəlyanın tərkibi ağır metallarla zəngindir. Qəlyandakı arsenium, nikel, kobalt, qurğuşun miqdarı siqaretin dumanındakı miqdardan olduqca çoxdur. Siqaret dumanında 50-135 nanoqram (milli qramın mində biri) arsenium varsa, qəlyanda bu, 175 ng-yə bərabərdir. Bu maddələrin hamısı torpaqdan tütünə keçən ağır maddələrdir.
Qəlyan istifadə edənlər hesab edirlər ki, qəlyan dumanı sudan keçdiyi üçün zərərli maddələr suda qalır. Amma bu, tamamilə səhv düşüncədir. Çünki nikotin su ilə isladılır, sıxılır sonra qəlyana əlavə olunur. Qəlyan çəkən zaman sudan keçən tüstünü xaricə çıxarmaq üçün daha çox güc sərf eləməlidi. Bir saat qəlyan çəkən zaman insanın ciyərlərindən, bir siqaret çəkən zamana nisbətən təxminən 100-200 dəfə daha çox tüstü keçir. Nəzər alın ki, su tüstünü zərərli maddələrdən tamamilə təmizləmir və həmin maddələr ciyərin daha dərin qatlarına gedir.
Yuxarıda da qeyd etdiyimiz kimi, bütün bunları nəzərə alaraq bəzi ölkələrdə qəlyan qadağan edilib. Ancaq məhdudiyyətlər yalnız ictimai yerlər çərçivəsindədir. Türkiyə, Rusiya, Ukrayna, Qazaxstan, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Avstriya, Almaniya, Fransa, İsveç və başqa ölkələrdə ictimai yerlərdə qəlyan çəkməyin cəriməsi çox böyükdür.
Azərbaycanda isə hələ ki, belə bir məhdudiyyət yoxdur. Hətta kafelər, restoranlar və ən müxtəlif əyləncə mərkəzləri dadlı qəlyan təklif etdiklərini bəhbəhlə reklam edirlər.
Sözsüz ki, kim öz canının qəsdinə durubsa, onun öz işidir. Ancaq ictimai yerlərdə qəlyan çəkməklə başlqalarına da ziyan vurmaq olmaz.
Qəlyanın içinə narkotik qatırlar
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Milli.Az-a açıqlamasında bildirdi ki, ictimai yerlərdə qəlyan çəkilməsini qadağan edən qanun layihəsini parlamentə təklif edib. Onun sözlərinə görə, Azərbaycanda qapalı yerlərdə siqaret çəkilməsini qadağan edən qanun olsa da, hələ kl ictimai yerlərdə siqareti qadağan edən qanun yoxdur.
“Biz bütün bunları parlamentə təklif etmişik. Yəqin ki, Milli Məclisin payız sessiyasında hamısına birlikdə baxılacaq”, – millət vəkili əlavə edib.
M.Quliyevin sözlərinə görə, dünya təcrübəsi göstərir ki, qəlyan gənclər və yeniyetmələr arasında narkotik aludəçiliyini artırır.
“Kafe və restoranları işlədən bəzi sahibkarlar müştərilərinin davamlı olması üçün qəlyanın tərkibinə cüzi miqdarda narkotik maddə qatırlar. Həmin narkotik maddələr müştərilərdə asılılıq yaradır və özlərinin də xəbəri olmadan artıq narkotik aludəçisinə çevrilirlər. Düzdüz, Azərbaycanda, hələ ki, belə hala rast gəlinməyib, ancaq bunun olmayacağına heç kim təminat verə bilməz. Siqareti vətəndaş mağazadan alır və onun içində narkotik olması təhlükəsi yoxdur. Ancaq qəlyanı kafelərdə hazırlayırlar. Onlara marixuana da qata bilərlər”, – millət vəkili vurğulayıb.