239998_12

Alimlərin apardığı araşdırmaya görə, ildə bir dəfə ən azı bir ay istirahət etməyən insan heç vaxt ilboyu rentabelli işləyə bilməz. Amma dövr, zəmanə elə gətirib ki, çoxları işlə əlaqədar əməlli-başlı məzuniyyət götürüb dincələ bilmir. Belələri həftə sonu, bayram və istirahət günlərində təbiətin gözəl bir guşəsinə çəkilərək bir neçə günlük olsa da, istirahətə vaxt ayırmağa çalışırlar. Yayın cırhacırında Bakının istisindən canını qurtarmaq istəyənlərin çoxu isə təbiəti gözəl olan bölgələrimizdə ev kirayələyərək qalmağa üstünlük verirlər. Amma son illər bölgələrdə turizm obyektlərində, eləcə də kirayə verilən evlərdə qiymətlər elə həddə çatıb ki, hər kəs təbiət qoynunda dincəlmək arzusunu reallaşdıra bilmir.

Movqe.az-ın apardığı araşdırma zamanı da son illər turizmin inkişaf etdiyi bölgələrdə həm turizm obyektlərində, həm də kirayə verilən kənd evlərində qiymətlərin bahalaşdığı üzə çıxıb. Apardığımız araşdırma zamanı o da bəlli olub ki, paytaxta məsafəyə görə yaxın olan turistik bölgələrdə qiymətlər daha bahadır. Məsələn, Quba-Xınalıq yolunda yerləşən turizm obyektlərində bir gecəlik katejlərin qiyməti 80 manatdan başlayır. Bura nə yemək, nədə digər xidmət aiddir. Bu ərazidəki otellərdə bir axşam gecələmək 100 manatdan başlayaraq 220-250 manata başa gəlir. Katej və otellərdə gecələməyə maddi imkanı çatmayanlar isə xərclərinin bir qədər az çıxması üçün kənd evlərini seçsələr də, apardığımız araşdırma zamanı kənd evlərinin qiymətinin də o qədər ucuz olmadığı üzə çıxdı.

Səyyah.az saytından bizə verilən məlumata görə, turizmin inkişaf etdiyi bölgələrimizdə kənd evlərinin qiyməti təkcə şəraitinə görə deyil, paytaxta məsafəcə yaxın, yaxud uzaq olmasına görə də dəyişir. Turlar və turizm obyektlərinin qiymətləri ilə bağlı məlumatlar yerləşdirilən bu saytdan bizə bildirdilər ki, Qəbələ və Quba Bakıya yaxın olan turizm bölgələri olduğundan, istirahət üçün bu bölgələri seçənlərin sayı daha çoxdur: “Amma dincəlmək istəyənlərin seçimi Qəbələnin üstündə saxlamalarının bir səbəbi də, Qəbələnin abad olması, turizm bölgəsi kimi populyarlaşması, bu bölgədə hətta kənd evlərinin belə müasir və şəraitli olması ilə bağlıdır”.

Saytdan verilən məlumata görə, bu gün Qəbələdə kənd evlərində bir gecəlik kirayə haqqı 70-100 manatdan, İsmayıllıda isə 30 manatdan başlayaraq 40-60 manatadək dəyişir. Qubada isə bir gecəsi 500 manata təklif olunan ev də var. Araşdırma zamanı bəlli oldu ki, turizmin inkişaf etdiyi bölgələrdən, Xızı rayonunda qismən qiymətlər daha ucuzdur. Bu rayonun Altıağac qəsəbəsində bir gecə gecələmək haqqı 20 manatdan başlayır. Amma apardığımız araşdırma zamanı o da bəlli oldu ki, turizm potensialı olan və yaxud artıq turizm bölgəsi kimi məşhurlaşan rayonlarda kirayə ev tutub bir neçə ay qalmaq da az pul tələb etmir. Məsələn, Qubada Xınalıq kəndinə gedən yolun sağ və sol tərəfindəki kəndlərdə ayı 1000 manata kirayə evlər təklif olunur. Burada şəraiti qismən aşağı səviyyədə olan evləri bir ay üçün 800 manata kirayə tutmaq olar. Villaların qiyməti isə Qubada aylıq 1500-2000 manata təklif olunur. Qədimiliyi və təbiəti ilə turistləri özünə cəlb edən Şəkidə isə kirayə evlərin aylıq qiyməti 500 manatdan başlayır.

Qaxda İlisu kimi məşhur məkanda dincəlmək könlündən keçənlər bu məkanda bir ayı 250-300 manata ev tutub dincələ bilərlər. Bu bölgənin valehedici təbiəti olmasına baxmayaraq evlərin qiymətinin qismən aşağı olmasına səbəb Bakıdan çox uzaq olmasıdır. Goranboy rayonun Ağcakənd qəsəbəsində isə kirayə evlərin qiyməti aylıq 500 manatdan başlayaraq 1500 manatadək dəyişir.

Qubada öz şəxsi mənzilini istirahət üçün kirayə verən Səməd Çərkəzov isə turizm bölgələrində kənd evləri kirayə verilərkən qiymətin kor-koranə müəyyənləşdirilməsinin doğru olmadığı qənaətindədir: “Mənim evim Qubanın Alikseyevka kəndindədir. Evimi bir gecəlik 30 manata kirayə verirəm. Amma evimdə istirahət üçün bütün şərait var. İnternetdən tutmuş, geniş, işıqlı və hər avadanlığı olan mənzilədək. Hesab edirəm ki, evini kirayə verən insanlar öncə şəraitə baxıb sonra qiymət qoymalıdırlar. Kənd evinin kirayə verilməsi üçün müəyyən tələblər var ki, evin sahibi kirayə verdiyi evdə həmin şəraiti qurub yaratmalıdır. Mənim fikrimcə kənd evinin bir üstünlüyü bağ-bağatın, həyətdə suyun olmasındadır. Eləcə də, otaqlar geniş, hündür, işıqlı olmalıdır. Ayrıca da, istirahət üçün təbiət qoynuna yaxın yerləşməlidir. Bağında bir meyvə ağacı olmayan, dar, kiçik otaqları olan şəraitsiz evi bir gecəyə 60-70 manata vermək insafsızlıqdır”.

Həmsöhbətim deyir ki, dövr dəyişdikcə, kirayə mənzillərə olan tələblər də dəyişir: “İndi evi kirayə verirsənsə, gərək nəinki həmin evdə internet, eləcə də wi-fi də ola. Kirayə verən şəxs bununla yanaşı bələdçilik xidməti də təklif edə bilər. Ümumiyyətlə evini kirayə verən şəxs dincəlmək üçün hər şəraiti yaratmalı, sonra ona uyğun qiymət qoymalıdır”.

“MBA LTD” Qiymətləndirmə və Konsaltinq Şirkətinin rəhbəri Nüsrət İbrahimov da son vaxtlar turizm bölgələrində kirayə verilən kənd evlərinə tələbatın artdığını söyləyir. Onun sözlərinə görə, Azərbaycanın səfalı yerlərində, turizm bölgələrində tələbin təklifi üstələməsi kirayə verilən evlərin qiymətinə təsirsiz ötüşməyib. N.İbrahimov deyir ki, evinin şəraiti qonaq qəbul etməyə imkan verən şəxslər evlərini dincəlmək üçün gələnlərə kirayə təklif edirlər: “Təbii ki, tələbat çox olduğundan, qiymətlər də təbii olaraq artır”.

N.İbrahimov da hazırda paytaxta yaxın turizm bölgələrində kirayə evlərin qiymətinin baha olduğunu söyləyir. Onun sözlərinə görə, buna səbəb paytaxtda yaşayanların istirahət və bayram günlərində bir neçə günlük həmin bölgələrə gedib geri qayıtmaq üçün daha az vaxt sərf etməsidir. N.İbrahimov, ümumiyyətlə, əvvəlki illərlə müqayisədə turizmin inkişaf etdiyi bölgələrdə həm otellərdə, həm də kirayə verilən kənd evlərində qiymətlərin bahalaşdığını söyləyir: “Bu isə onu göstərir ki, insanlar istirahətə daha çox vaxt və pul ayırırlar”.

loading...