Axırda administratorlar üsyana qalxdılar, dedilər, böylə olmaz, bizi hər gün söyürlər. Ona görə də məcbur olmuşuq ki, saytın şərh-söyüş bölümü donduraq – məsələn, seçki bitənə qədər.
Aydın məsələdir, seçki ilidir, mandat bölgüsü var, siyasilər və tərəfdarları həyəcanlıdır, umacaqlılar çoxdur, qapışma kampaniyası başa çatana qədər əsəblər tarım olacaq, kobud çıxmasın, çarpışma, süpürləşmə baş verəcək, söyüşlər havada uçuşacaq, pis sözlər monitorlarda əks-səda verəcək, latayır displeydən göz deşəcək.
Böyük pəstəhanın əlamətləri indidən görünür. Saytımızda gedən materiallara şərh yazanlar bizi ABŞ, Rusiya, Türkiyə, İsrail, İran, İngiltərə və başqa ölkələrin kəşfiyyat orqanlarına işləməkdə suçlayırlar, bunda problem yoxdur, veririk, gedir. Amma bəzi yaramazlar bu ağır ittihamlara bir də söyüş qoşurlar. Şərhi verməyəndə, söyüşü redaktə edəndə isə yeni, etiraz dolu şərhlər yazırlar: “Alçaq administrator, şərhimi niyə vermirsən?”; “Demokratlığınız bura qədərdir, ay E.”; “Sizə kim ixtiyar verib ki, mənim şərhimi redaktə edəsiniz, eyE.” və s.
Beləcə, neçə vaxtdır bir sıra tərbiyəsiz, mədəniyyətsiz oxucularla qırğındayıq. Sayları elə də çox deyil, 15-20 nəfər olarlar. Amma hər mövzuda ekspertdirlər, hər yazıya şərh yazırlar – gündüz saat 10-dan tutmuş gecə saat 24-ə kimi. Mübarizə aparırlar. Savaşırlar.
Adam hərdən quşqulanır ki, bəzi şərh yazanlar sanki şərhyazan vəzifəsində işləyirlər və maaş alırlar. Çünki ola bilməz ki, adam maaş almadığı işə bu qədər məsuliyyətlə, diqqətlə, hətta sevgiylə yanaşsın. Sanki şərh yazmaq həm adamın işidir, həm də hobbisi.
Bir dəfə öz işini vicdanla (eyni zamanda böyük vicdansızlıqla) yerinə yetirən və administratorlarımızın zəhləsini tökən birinin şərhlərini verməyi dayandırdıq, özünə də elan etdik ki, qurtardı, səni işdən çıxarmışıq. Adam çox pis oldu, əsəbiləşdi, bir az da artıq söydü, sonda ürəyimiz yuxaldı, dedik, adamın çörəyinə bais olmayaq, nə qədər olmasa da, vətən oğludur, qoy dolansın. İnsafən, o da bir müddət özünü yaxşı apardı, amma sonradan yenə başı çöndü, görünür, yuxarılardan mövqeyini sərtləşdirməsini tələb etdilər, ya da nəsə bir şey.
Elə şərh yazanlar var ki, müsahibə verənə də söyürlər, müsahibə alana da, müsahibəni redaktə edən redaktora da, məsul katibə də, korrektora da.
Eləsi var, hamıya ağıl verir, savad öyrədir. Bir də görürsən, o cür savadlı şərh yazanın biri yazıda bir hərf səhvi tapıb və götürüb yazıb: “Ay beysavadlar, ”mərhum” sözü heylə yazılır? “Məhrum” yazmalıydınız. Hessad bilmirsiniz. Hamınız baytarlığı qurtarmısız”.
Hələ ana dilimizin keşiyində duranların şərhləri də var. Söz yox, bunlar faydalıdır, amma bir az əndazəni aşır, pedantlığa yuvarlanırlar. Məsələn, yazırlar: “Dilimizi zibilləyirsiniz. Bu nədir, elə hey yazırsınız ”öncə”, “öncələr”. Qabaqlar “əvvəlcə” deyirdik, yazırdıq, pis olurdu? Türkcələşdirirsiniz dilimizi”.
Bəzən cavab veririk ki, axı dilimiz türk dilidir, rus, alman, ingilis, fransız, ərəb, fars, latın dillərindən çoxlu söz alıb işlətdiyimiz kimi, türk dilindəki çoxdan işlətmədiyimiz sözləri də işlədiriksə, nə ziyan var. Bu dəfə qayıdıb pis-pis söyüşlər söyürlər – özü də ya rusca, ya da farsca. Bir dəfə biri hətta ingiliscə söyüş yazmışdı.
Mütəxəssisə gənəşmişik (normalda bu sözə görə də söyüş gəlməlidir), deyir, bəzi insanlar çox aqressivdir, həm də özlərini normal, emosiyasız ifadə etmək mədəniyyətləri yoxdur, ona görə söyürlər. Vaxt keçdikcə düzələcək, guya. Amma nə vaxt? Şərh bölümü açılandan gözləyirik ki, normal şərh yazanlar çoxalacaq, əksinə, azalır. O da niyə? Çünki söyüşlü, ağır sözlü, kəskin ifadəli şərh yazanlar normal şərh yazanları pisikdirir, sıradan çıxarır.
Bu üzdən məcbur olmuşuq ki, bu söyüş tribunasını müvəqqəti bağlayaq. Bunların əlindən qəzetə müsahibə verənlər, yazı yazanlar da azalıb, deyirlər, bir kəlmə söz deyirik, hərə bir tərəfdən tökülüşür üstümüzə.
Ən pis söyüşmənin, yuxarıda dediyimiz kimi, mandat bölüşdürülməsi zamanı baş verəcəyini gözləyirik. Ondan sonra görək nə olur.
P.S. Müəllif bu yazıya söyüşlü şərh yazana söyüş qoyub.