Çağdaş siyasi buqələmunlar haqda bir daha…
Qarğa-quzğun kimi üstümüzə gəlməkdə davam edirlər. Adama ən çox yer edən isə dünənədək hakimiyyətin qucağında olanların, onu mədh edənlərin, ölkədə siyasi satqınçılığın parlaq örnəklərini yaradanların haray-həşiridir. Belələrinin ən böyük qüsuru öz yaxın keçmişlərindəki ayıblara kor olmaq, susmaq əvəzinə bizə əxlaq dərsi keçmək istəyidir, şüşəli otaqdan “Yeni Müsavat”a daş atmalarıdır.
Birini dünən təbərrük üçün ifşa elədik. Hazırda MŞ-nin brendlərindən sayılan, cəmi 5-6 il öncəyədək isə ən bərkgedən iqtidar qırğılarından olmuş xanım şurəvinin çıxışı haqda kiçicik video virtual məkanda bomba kimi partladı… “Yeni Müsavat”ı hakimiyyətə işləməkdə suçlayan bu qadın həmin videoda iqtidar başçısına elə təriflər yağdırır, müxalifəti elə aşağılayır ki, sanarsan hakim qüvvə ilə əbədiyyən ət-dırnaq kimidir və dünyada heç bir güc onları ayıra bilməz.
Amma ayırdı. Di gəl, belə əttökən çıxışlarına görə zərrəcə tövbə etməyən, utanc hissi keçirməyən “siyasətçi” xanım da bizim üçün indi əxlaq etalonu olub, “ana müxalifət” libası geyib, ağıl öyrədir. Halbuki adam, sadəcə olaraq, hakimiyyətdən növbəti dəfə deputat mandatı ala bilmədiyi üçün dönüb olub radikal müxalifətçi və dərhal da “arayış üçün”, “krışa” qazanmaq üçün Əli Kərimlinin yanına qaçıb.
Doğrudan da su-çuxur məsələsi. Çünki AXCP sədrinin də, elə şurəvilərin hazırkı layiqli rəhbəri Cəmil Həsənlinin də yaxın keçmişi onunkunun bənzəridir. Sonuncunun deputat ikən keçmiş təhsil naziri Misir Mərdanovu, daha dəqiqi, korrupsiyanı necə müdafiə eləməsi haqda videonu da yəqin ki, ziyarətçilər izləyib. Biz hələ onun vəzifə, maddi maraq naminə iqtidara yarınmaq üçün yazdığı kitabları demirik. Durub indi o kitabları da dərcmi edək, yoxsa onlardan imtina olunub?!
Əlahəzrət fakt pis şeydi, nə edəsən… Fəqət, baxırsan və şoka düşürsən, mübarək Ramazan ayında tövbə eləməmək azmış kimi, yalanın, böhtanın, iftiranın dozasını daha da çoxaldıblar. Görəsən, bizi “hakimiyyətə gizli və açıq şəkildə işləyən media” adlandıranlar bu rəzalətə necə dözür, siyasi buqələmunlarla necə bir yerdə ola bilirlər? Ən əsası, onlar əmindirlərmi ki, dünən dediyini bu gün 180 dərəcə dəyişənlər sabah da bu gün söylədiyinin əksini izhar etməyəcək, yedikləri təzə qazana da tüpürməyəcəklər?!
Ən qorxulusu da öz əqidəsini paltar kimi mövsümə uyğun əvəzləyənlərdir. Amma öz aramızdır, siz İsa Qəmbərin, Pənah Hüseynin, Arif Hacılının, Rauf Arifoğlunun siyasi keçmişində belə əcaib buqələmunluq nümunələrini tapıb ortaya qoya bilməzsiniz. Çünki yoxdur. Çünki bu insanlar 20-25 il öncə hansı əqidənin daşıyıcısı idilərsə, hansı yolda idilərsə, indi də o yoldadırlar. Bir azca taktika dəyişə bilər, – zira yalnız ölülər mövqeyini dəyişmir – strateji hədəflər isə yerində qalır.
Bəs siz özünüz hansı yoldasınız və xalqa nə vəd edirsiniz? Hər halda, “Yeni Müsavat”ın, onun fədakar kollektivinin xalqa xidməti, illərdir verdiyi keyfiyyətli məhsul ortada. Bu gün ictimai rəyə ən güclü təsiri MŞ, AXCP deyil, məhz 30-40 nəfərlik bir qəzet göstərirsə, yüz minlərlə oxucu sanballı, etibarlı və ciddi sözü, həqiqəti ən əvvəl “Yeni Müsavat”da, onun elektron versiyalarında axtarırsa, günahı ayrı yerdə arayın.
Və arada güzgüdə də özünüzə bir baxın, evinə halal çörək aparanlara şər atıb da, mübarək ayda ikiqat günah yiyəsi olmayın…
***
Söz yox, bizə o ittihamlar da gəlir ki, zamanında bunları bilə-bilə nədən gerçəyi yazmamışıq. Haqlı iradlardır. Ancaq insanın xislətini nə biləsən. Biz rentgen aparatı deyilik axı. Nə biləsən ki, sənə dost-müttəfiq, qardaş deyən şəxs, “siyasətçi” əlində “Yeni Müsavat” qəzetinə bükülü lom gəzdirir və fürsət tapan kimi səni namərdcəsinə, arxadan vurmaq haqda düşünür.
Etiraf edim ki, sonuncu prezident seçkilərində Cəmil Həsənliyə mən də dəstək köşələri yazmışam – bəzi dostlar o vaxt bunu təqdir etməsə də. Məşhədi İbadın sözü olmasın, bizim tək günahımız varsa, o da əslində elə budur – sadəlövhlüyümüz, səmimiliyimiz, təmənnasız yaxşılıqlar eləmək xüsusiyyətimiz.
İstənilən halda, gərək bundan belə daha diqqətli olaq, aldanmayaq. Çünki qaranlıqda işıq kimi görünənlər canavar gözləri də ola bilər. Odur ki, müqəddəs ayda bir tövbə də bizə düşür, başa düşürük…
O ki qaldı MŞ-dəki “əxlaq” metrlərinə, onlara hələlik bunu deyirik: keçmişinizi unutmayın, yoxsa yadınıza salarıq!