Ramazan ayının bu gün başlamasına baxmayaraq, bazar və dükanlarda xurmanın qiyməti iki-üç manatadək bahalaşıb.
Ötən gün 1 kiloqramı 5 manata olan açıq şəkildə satılan xurmanın qiyməti hazırda mağazalarda 7- 8 manata təklif olunur.
Movqe.az-ın əməkdaşının paytaxtdakı satış obyektlərində apardığı müşahidələr zamanı bəlli olub ki, bu mübarək ayda orucunu xurma ilə açmaq istəyənlər əvvəl 2 manat 5 qəpiyə satılan xurmanın bir qutusunu, hazırda 2 manat 90 qəpiyə, 3 manat 50 qəpiyə almaq məcburiyyətində qalıblar. Satışda hətta 20 manata da xurma var.
Nəsimi bazarının yanındakı mağazada saytın əməkdaşı ilə həmsöhbət olan satıcı həmin xurmanın İsraildən gətirildiyini, ölçüsü böyük olduğundan 1 kiloqramının 20 manata təklif edildiyini söyləyib. Digər müsəlman ölkələrində mübarək Ramazan ayının başlanılması ilə əlaqədar ərzaq məhsullarınının, xüsusilə də xurmanın qiyməti ucuzlaşdığı halda, bizdə əsksinə vəziyyətin müşahidə olunur. Satıcılar isə xurmanın qiymətinin tələbatın çoxalması ilə əlaqədar bahalaşdığını bildirdilər: “Özünüz bilirsiniz ki, Ramazan ayıdır. Ona görə də xurma alan çoxdur. Elə qiymətlər də orucluğa görə bahalaşıb”.
Ramazan ayının başlanması digər çərəzlərin də qiymətinə təsir göstərib. 1 kiloqramı 5-6 manata satılan ərik qurusunun qiyməti 8 manata, qoz ləpəsinin qiyməti isə 12 manatdan 14 manta qaldırılıb.