Dahi alman fiziki Albert Eynşteynin məktubları ABŞ-ın Los-Anceles şəhərindəki “Profiles in History” hərrac evində satılacaq.
Bu barədə “Profiles in History” hərrac evinin qurucusu Cozef Maddalena açıqlama verib. O, Eynşteynin 27 məktubundan bəzilərinin əl yazısı olduğunu, bəzilərinin isə makinada yazıldığını və yazıların bir qisminin ingilis, digərlərinin isə alman dilində olduğunu söyləyib.
Məktubların hər birinin 5 min – 40 min dollar arası qiymətə satılacağını təxmin edən C.Maddalena ümumi gəlirin 500 mindən 1 milyon dollaradək olacağının gözlənildiyini deyib. Eynşteyn məktubunun birində uşaqlarına tövsiyələr edib, digərində oğluna həndəsəni diqqətlə və daha yaxşı oxumağın vacibliyindən yazıb. Daha bir məktubunda onun Tanrı ilə bağlı düşüncələri yer alıb. Bir başqa məktubda dahi fizik atasının sədaqətsizliyindən yeni xəbər tutmuş dostuna təsəlli verib.
Yəhudi əsilli A.Eynşteyn 1879-cu il martın 14-də Almaniyanın Ulm şəhərində anadan olub. İyirminci yüzillikdə fizika elminə nəzəriyyələri ilə əvəzsiz töhfələr verən dahi alim 1921-ci ildə Nobel mükafatına layiq görülüb.
buro247.az