Niyə Bakı şəhər İcra Hakimiyyəti qanunsuz elan etdiyi tikililəri zurna-balabanla sökür?
Niyə evsiz adamlara vermirlər o villaları?
Niyə kasıbın orda evi ola bilməz?
Niyə binalar yanan materialla üzlənir?
Yanmayan daşın üstünə niyə gec yanan, deyilən kimi, çətin yanan material çəkilir? Bir şeyə ki benzin vursan alışar, niyə onunla üzlənir binalar?
Niyə prezidentlə şəkil çəkdirən diplomat dost, xalqa acıdığını deyən diplomat düşmən adlanır?
Niyə xalqın dostu olmaq pisdi?
Və niyə xalqa acıyan diplomat iyirmi il bu ədalətsizliyə susur?
Niyə İntiqam Əliyev, Tofiq Yaqublu, Rauf Mirqədirov…lar həbsdədi?
Niyə onların azadlığı təhlükə sayılır?
Niyə parlament spikeri deputatlara “sən” deyə müraciət edir?
Niyə onlarla dərsini bilməyən şagird kimi davranır?
Dərsi bilmirlərsə niyə parlamentdədilər?
Bilirlərsə niyə elə davranılır?
Niyə deputatlar seçkidən seçkiyə görünür ərazidə, o da çoxunun özü yox nümayəndəsi gəlir?
Niyə bizim həm də spiker olan deputatımıza səsimiz çatmır?
Niyə bizdə onun koordinatları olmamalıdır?
Niyə həmin köməkçi nümayəndələr sonradan beş il müddətinə yoxa çıxır?
Niyə problemimiz olanda deputatın binamızın qarşısında əkdirdiyi ağaca dilək tutub parça bağlamaqdan başqa çarə qalmır?
Niyə bizim binanın üzlüyü dörd ildi sökülür tikilir, tikilir sökülür və niyə səhər saat yeddidə ustaların dambadurumbuna dəli kimi yerimizdən dik atılmalı oluruq?
Niyə bizə vətənimizdə rahatlıq yoxdu? Niyə evimizdə də rahat buraxmırlar?
Niyə ölkə başçısının xəbəri yoxdu qanunsuzluqdan? Xəbəri varsa niyə deyir yoxdu?
Niyə televiziya efirində sərbəst fikir bildirmək, ölkədəki ciddi problemləri səsləndirmək olmaz?
Niyə özünü yandırır Qarabağ qazisi və bunu heç bir TV işıqlandırmır?
Savaş yoxdusa niyə ölür əsgər? Niyə ört-basdır edilir hər dəfə?
Niyə gömrükdə incidirlər adamları? Niyə dövlət rüsumları ilə işləmir rəsmi qurumlar?
Niyə dərsə gəlməyən şagirdə attestat verilir?
Dərsə gəlməmək olarsa, niyə periodik olaraq təhsil idarələri davamiyyəti yoxlamaq üçün məktəblərə gedir?
…
…
…
…
Niyələr çoxdu. Çoxunun da cavabı var. Avropa oyunlarından sonra bir-bir həmin cavabları yazacağıq. Bütün hallarda ölkə adına olan bu oyunların uğurla başa çatması gərəkdi. Görək başımıza nə gəlir.