Əsas məsələ seçkilərin demokratik məcrada keçirilməsi, gerilərə addım atılmaması, ölkənin saxtakarlıq və zorakılıqla müşayiət olunan avtoritarizm girdabına sürüklənməməsi idi və Türkiyə bunu bacardı.
7 iyun seçkilərinə kölgə düşürülmədi, seçkilər dürüst keçirildi, səslər düzgün sayıldı. Hərçənd seçkiqabağı təbliğat kampaniyasında hakim partiyanın inzibati resurslardan istifadə etməsi ilə, eləcə də prezident Ərdoğanın öz bitərəfliyini qorumadan hakim partiyaya səs qazandırmaq təşəbbüsü göstərməsi ilə seçki rəqabətinin ədalətliliyi bir az pozulmuşdu.
Nəticə isə gerçəkdən yaxşı oldu: kim nə qədər səs almalıydısa, xalqın gözündə nə qədər sevimli idisə, o qədər də səs aldı. AKP isə demokratiya sınağından çıxa bildi.
Türkiyə ictimaiyyətindən fərqli olaraq, ona qardaş ölkənin – Azərbaycanın siyasi fəal kəsiminin seçkilərin nəticələri ilə bağlı göy bürünüb, qara örtməsinə ehtiyac yoxdur.
Bu ölkədə AKP-nin, CHP-nin, yaxud MHP-nin iqtidar olmasının ölkəmizlə münasibətlərə o qədər də istisi-soyuğu yoxdur.
Düzdür, AKP-nin 14 illik iqtidarı dövründə Türkiyə ilə Azərbaycan arasından zaman-zaman sərin mehlər əsib, ancaq bu, heç zaman tufan xarakterli ruzigara çevrilməyib və hər iki ölkənin hakim dairələri tərəfindən yaradılan problem ictimaiyyətin, müxalifətin təzyiqi ilə tez bir zamanda həll edilib.
CHP hakimiyyətə gəlsə də, Türkiyə-Azərbaycan münasibətləri bundan pis olmayacaqdı. MHP iqtidara gəlsə isə, bəlkə hər iki qardaş ölkənin münasibətləri daha yaxşı olacaqdı.
Başqa sözlə, Türkiyə və Azərbaycan arasındakı dostluq hakimiyyətlərin dostluğu deyil, xalqların qardaşlığı, dövlətlərin müttəfiqliyidir.
Ona görə də “bizim istədiyimiz siyasi qüvvə az səs aldı” kimi cümlələrə ehtiyac yoxdur. Hamısı bizimdir.
“Azərbaycanlılar parlamentə ermənilərdən az seçildi” fikri isə bir qədər başqadır.
Ayrımçılıq nəyə lazımdır? Başqa vaxt “türklər, türklər” demirikmi? TBMM-ə seçilən Anadolu türkü ilə kökəncə Azərbaycandan olan türkün nə fərqi var? Əsas odur ki, namuslu, vicdanlı adamlar olsunlar və seçicilərinin etimadını doğrultsunlar.
Etnik kimliyi etibarilə erməni olan namizədlərin Türkiyə parlamentinə seçilməsini faciə və əldə qılınc qarşılamaq olmaz. Bu şəxslər və onların ata-babaları yüz illərdir ki, Türkiyə vətəndaşlarıdırlar, bir etnik qrupu təmsil edirlər və seçib-seçilmək hüquqları var. Demokratiyadan danışa-danışa şovinizm sərgiləməklə Avropa dövləti olmaq mümkün deyil.
Eyni məsələ Türkiyədə yaşayan ən çoxsaylı etnik azlığa, kürdlərə də aiddir. Bu çoxmilyonluq xalq artıq özünüdərk mərhələsinin elə bir yerindədir ki, öz təmsilçilərini özü seçmək istəyir və seçir. Ona görə də nüvəsi kürdlərdən ibarət olan HDP-nin seçkilərdə 10 faizdən artıq səs toplaması təəccüb doğurmur. Çünki kürdlər Türkiyə əhalisinin 20 faizə yaxınını təşkil edir. Sadəcə, bütün kürdlərin də məhz kürd partiyasına səs verməsi etnik şovinizmin məhsuludur. Görünür, bir müddət belə olacaq. Daha sonra isə ilə bir inkişaf dövrü yetişəcək ki, hansı partiyada türklərin, hansında kürdlərin çoxluq təşkil etməsi ikinci dərəcəli məsələ olacaq.
Belə olmasa, kürdlər və türklər, eləcə də digər etnik azlıqlar bir dövlətin daxilində qaynayıb-qarışmasa, yoğrulub vahid millət halına (ABŞ-dakı kimi) gəlməsə, Türkiyə böyük problemlər qarşısında qalacaq.
Hər halda, hər şeyin normal məcraya düşəcəyinə böyük ümidlər var, çünki Türkiyə xalqı və siyasiləri dürüst seçki keçirə, xalqın iradəsinin siyasi idarəetməyə yansımasını təşkil edə bilirlər. Nə qədər ki, iqtidar komandaları seçkilərlə, konstitusiya müddəaları əsasında formalaşır, orada mütləq problemin həlli yolları tapılacaq. “Demokratiyada çarə tükənməz” deyənlər haqlıdırlar.
Bu baxımdan 7 iyun seçkilərinin mütləq məğlubu yoxdur. Bu gün prezident Ərdoğan 400 mandat qazanmadığına görə özünü məğlub və pərt hiss edə bilər, amma bu, elə də böyük məğlubiyyət deyil, millətə faydalı məğlubiyyətdir. Yoxsa Türkiyə yavaş-yavaş tək lider tərəfindən idarə olunan ərəb ölkələrinin gününə düşəcəkdi.
Bu cür seçkilərdən sonra Türkiyədə necə bir hökumət qurulacağı maraqlı olsa da, artıq həlledici məsələ deyil. Sonda bir şey qurulacaq. İlk cəhddə alınmasa, ikinci, üçüncü cəhddə alınacaq.