Dünən guya ki, istirahət günüydü və guya ki, prinsipcə, adətən, təbii olaraq, yollar boş olmalıydı. Əslində boş idi də. Amma yollarda tıxac vardı.
Boş yolda tıxac olması faktı yəqin ki, dünya nəqliyyat sistemində analoqu olmayan yenilikdir və bu yeniliyi dünyaya Azərbaycan bəxş edib. Ləngimədən qürur duyaq.
Doğrudan da eləydi, yolların sol tərəfi bomboş idi, amma sağ tərəfində təxminən 2-3 kilometr boyunca avtomobillər ard-arda düzülmüşüdülər, piyada yeriyən axsaq adam sürəti ilə hərəkət edirdilər.
Çünki ortada sarı xətt vardı. Başqa vaxt altı hündür cipləri ilə 30-40 sm-lik beton maneənin üstündən aşıb qarşı yola çıxan və heç nəyə (kameraya, radara), heç kimə (YPX əməkdaşlarına)p məhəl qoymadan yoluna davam edən “blatnoy” sürücülər də quzu kimi dalbadal gedirdilər. Heç kəs sarı xətti keçmirdi.
Düzdür, arada hirslənib sarı xətti keçən və boş yolla şütüyüb 5-6 yüz metr gedən bir cip oldu, amma onun ardınca təxminən 1975-ci il buraxılışı olan cırıq “Jiquli”dən başqa heç kəs getmədi. O gedənlər də müşahidə kamerasını görüncə tez sağa burulub, cərgəyə girdilər.
Sarı xəttin zəhmi böyükdür. Cəriməsi var. Zəng eləməyə də kimsə olmur.
Əvvəllər ağ xətt deyilən bir şey vardı, deyirdilər, onu tapdamaq olmaz. Hətta ağ qoşa xətti kəsib keçmək qətl törətmək kimi bir şey idi, cəzası ağır olurdu.
Ancaq bir neçə ildir ki, ölkədə hamı qırmızı xəttdən danışır. Bu, məcazi termindir. Bundan əsasən siyasətçilər, diplomatlar istifadə edir. Məsələn, bir də görürsən, bir siyasətçi bəyan edir ki, fəal üzvümüzün şərlənib tutulması bizim üçün qırmızı xəttdir, gərək hökumət bu xətti keçməsin.
Yaxud, olur ki, dövləti idarə edənlərdən biri deyir ki, əcnəbilərin işğal altında olan Qarabağa icazəsiz gəlmələri bizim üçün qırmızı xəttdir, bu xətti keçəni tutub “arzuolunmaz şəxslər” siyahısına salarıq. (Düzdür, sonra o adamı o siyahıdan çıxarırlar, amma bizdə qırmızı xətti keçəni siyahıya salmaq ənənəsi var).
Hətta arada sözləri çəpləşən tanınmış adamlar olur, bir-birinin qırmızı xətt elan etdikləri cizgini o tərəfə-bu tərəfə elə keçirlər ki, adam deyir, bitdi, indi o qırmızı xətt qan şırnağı ilə çəkiləcək. Amma harda? İki aydan sonra onları öpüşüb-barışıb selfie çəkdirən yerdə görürsən.
Ancaq bu məsələni qatlayıb qoyaq qırağa, təcili şəkildə keçək sarı xəttin sağ tərəfinə, sol tərəfi xətalıdır.
Hazırda qırmızı xətti keçməkdən qorxan yoxdur, əsas sarı xəttdir.
Açığı, heç kim təsəvvür etmirdi ki, belə bir şey olar, 21-ci əsrin 15-ci ilində insanlara sarı xətt işgəncəsi verərlər.
Avropa Oyunlarının 2015-ci ildə Bakıda keçirilməsinə dair ilk xəbər çoxlarını sevindirmişdi, amma heç kəs güman etmirdi ki, Avropa Oyunlarının sarı xətti onlar üçün elə bir qırmızı xəttə dönəcək ki, bundansa ağ qoşa xəttin üstündən dönüb geri qayıtmaq daha əfzəl olacaq.
Heç onu da bilən yoxdur ki, oyunlara 15 gün qalmış bu sarı xətt yasağını tətbiq etmək nədən vacib oldu.
Təsəvvür edin, gecə saat 12-dir, sarı xəttin o üzü boşdur, bu üzündə kilometrlərcə tıxac var, bir YPX işçisi çıxıb demir ki, ey hörmətli həmvətənlər, bu tərəflə gedə bilərsiniz. Hətta o dəmdə yol polisi zabiti desə ki, ey sürücülər, cəhənnəm olun, sarı xəttin hər iki tərəfi ilə sürün gedin, heç kim ona qaba danışığa görə irad tutmaz, əksinə, alqış edərlər. Amma onlar da həmin boş yolla özləri sürüb gedirlər – tıxacda işgəncə çəkən sürücülərə “sizə bu da azdır” ədası ilə baxa-baxa.
Avropalı idmançılar isə sarı xəttin sol tərəfi ilə hələ 10 gündən sonra gedəcəklər. Bu 10 gündə sarı xəttin bu üzündə nə qədər adamın gözünün kökü saralacaq, nə qədəri infarkt keçirəcək, neçəsi işə gecikəcək, müdirin qabağında sarala-sarala danlaq dinləyəcək və sair və ilaxır.
Ən pisi odur ki, bu sarı xəttə görə avropalıları üstümüzə güldürəcəyik. Onlar o boş yolda şütüyüb gedərkən, tıxacda qalan və sifətindən zəhrimar tökülən yerli sürücülərə rişxəndlə baxacaqlar.
Rəsmən benqallara dönəcəyik. Onlar batan bərələrdə qırılırlar, biz sarı xəttin tıxaclarında qırılacağıq.
P.S. 15 ildə ilk dəfədir ki, müəllifin özü imzasının ikinci hissəsindən zəhləsi gedir.