Bakıda öldürülən 5 yaşlı Aişə Qələndərovanın qatlində ittiham edilən 32 yaşlı Yakov Çernov törətdiyi əməlini etiraf edib.
Xəzər Rayon Prokurorluğunun müstəntiqi Pərviz Muradovun ANS PRESS-ə verdiyi məlumata görə, Yakov Çernov dindirilmə zamanı cinayəti törədərkən içkili olduğunu bildirib.
“Guya deyir ki, cinayəti törədərkən içkili olub. Lakin yalan deyir. Keçirilən tibbi ekspertiza müəyyən edib ki, Yakov Çernov hadisəni törədərkən sərxoş olmayıb. Uşağı ayıq başla və soyuqqanlılıqla öldürüb” – deyə P.Muradov bildirib.
Müstəntiq deyir ki, Yakov Çernov dindirilmə zamanı Aişə Qələndərovanı zorlamadığını deyib: “Hazırda uşağın meyiti tibbi ekspertizadan keçirilir. Onun həqiqətən də zorlanıb-zorlanmadığı isə ekspertizanın rəyindən sonra məlum olacaq. Hələlik bu barədə nəsə demək tezdir”.
Pərviz Muradov onu da bildirib ki, qonşular Yakov Çernovu sakit və dinc insan kimi tanıyırmışlar.
Virtualaz.org saytının müxbirləri dünən Pirallahıda olub və hadisə barədə geniş reportaj hazırlayıb. Həmin reportajda qeyd olunur ki, mayın 28-də Pirallahı rayonunda itkin düşmüş 5 yaşlı qızın meyiti tapılıb. Onun meyiti elə yaşadığı məhəllədən, qonşularının həyətində aşkarlanıb.
Qızın elə həmin həyətdə yaşayan qonşusu, 1984-cü il təvəllüdlü Çernov Yakov Viktoroviç tərəfindən qətlə yetirildiyi bildirilib. Ehtimal olunur ki, qətlə yetirilən uşaq zorlanıb.
Y.Çernovu polis yaxalayıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.