Загрузка...

icra_bash_lq

Hər il dövlət büdcəsindən yerli icra hakimiyyəti orqanlarına külli miqdarda vəsait ayrılır. Bölgələrdən gələn şikayətlər bunu deməyə əsas verir ki, ayrılan vəsaitlər heç də hər zaman təyinatı üzrə xərclənmir. Hər bir icra başçısı vəzifə səlahiyyətindən sui-istifadə edərək həmin ərazidə “at oynadır”. Mövzunun kifayət qədər aktual olduğunu nəzərə alaraq Modern.az saytı ayrı-ayrı şəhər və rayonların icra başçıları barədə məlumatları sizə təqdim edir. İri şəhər və rayonların icra başçılarını siz də tanıyın.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev 1960-cı ildə Yevlax şəhərində anadan olub.
1979-cu ildən 1986-cı ilə qədər Azərbaycan Texnologiya Universitetində təhsil alıb, mühəndis-texnoloq  ixtisasına yiyələnib. 2001-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Əmək fəaliyyətinə 1982-ci ildə Yevlax şəhər yol tikinti idarəsində başlayıb. 1983-cü ilə qədər bu müəssisədə təmirçi çalışıb.
1983-cü ildən əmək fəaliyyətini Gəncə Tikiş Fabrikində  davam etdirib və 1989-cu ilədək həmin fabrikdə mühəndis işləyib.

1989-cu ildən 1994-cü ilə qədər Azərbaycan Həmkarlar İttifaqı Mərkəzi Komitəsində təşkilatçı vəzifəsini icra edib. 1990-cu ildən 1995-ci ilə kimi Yevlax Şəhər Sovetinin deputatı olub. 1994-cü ildən 2001-ci ilə qədər Yevlax rayon Gömrükxanasının rəisi vəzifəsində, 2001-ci ildən 2004-cü ilə qədər  isə Dövlət Gömrük Komitəsinin rəis müavini vəzifəsində  işləyib.

2004-cü ildən 2011-ci ilə kimi Yevlax şəhər İcra Hakimiyyətinin başçısı olub.

2011-ci il fevralın 18-də Gəncə şəhər İcra Hakimiyyətinin başçı təyin edilib. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, üç övladı var.

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 1956-cı martın 26-da ildə Bakı şəhərində anadan olub. 1980-ci ildə Bakı Dövlət Universitetini bitirib, ixtisasca hüquqşünasdır. Əmək fəaliyyətinə 1973-cü ildə Bakı şəhərində mayeləşdirilmiş qazın istehsalı və satışı üzrə istehsalat birliyində fəhlə kimi başlayıb. 1980-1986-cı illərdə Vəkillər Kollegiyasının üzvü kimi 4 saylı hüquq məsləhətxanasında vəkil işləyib. 1986-1991-cı illərdə Bakı şəhəri 26 Bakı komissarı rayonunun İcraiyyə Komitəsində şöbə müdiri, 1992-ci ildə həmin rayonun İcra Hakimiyyətində başçının müavini, 1995-1997-ci illərdə Dövlət Gömrük Komitəsi (DGK) sədrinin yanında inspeksiyanın rəisi, 1997-2001-ci illərdə DGK-nın Gəncə gömrükxanasının rəisi, 2010-cu ildə həmin komitənin Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəis müavini, 2010-2012-ci illərdə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzinin rəisi, mart-aprel 2012-ci il tarixdə FHN-nin Sumqayıt Regional Mərkəzinin rəisi vəzifələrində çalışıb.
2012-ci il aprelin 14-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub. Yeni Azərbaycan Partiyasının üzvüdür. Qarabağ müharibəsi iştirakçısıdır. Ailəlidir. 2 övladı var.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov 1957-ci il iyun ayının 28-də Bakı şəhərində anadan olub. 1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. Həmin ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsində müxtəlif məsul vəzifələrdə çalışıb. 1984-cü ildən Bakı şəhəri 26 Bakı Komissarları rayonunun komsomol komitəsinin birinci katibi, 1987-ci ildən isə Bakı şəhər komitəsinin birinci katibi vəzifələrini icra edib. 1989-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin katibi vəzifəsinə seçilib. 1991-ci ildən Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi vəzifəsində işləyib. 1998-ci ildən Mərkəzi Seçki Komissiyasında beynəlxalq əlaqələr şöbəsinin müdiri, 1999-cu ildən Bakı şəhər İcra  Hakimiyyətində xarici əlaqələr və investisiya proqramları departamenti sədrinin birinci müavini, 2000-ci ilin mart ayından Bakı şəhər İcra  Hakimiyyəti başçısının müavini vəzifələrində çalışıb. 2000-ci ilin iyun ayından Bakı şəhər Nizami rayon İcra Hakimiyyətinin başçısı, 2003-cü ildən 2011-ci ilədək Gəncə şəhər İcra Hakimiyyətinin başçısı olub.
2011-ci ilin fevral ayından Sumqayıt şəhər İcra  Hakimiyyətinin başçısıdır.
1990-cı ildə Ali Sovetə deputat seçilib, 1980-ci ildə “Şərəf nişanı” ordeni ilə təltif edilib.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Difai” kitabının və 200-dən artıq məqalənin müəllifidir. Dəfələrlə Bakı Şəhər Deputatlar Sovetinin üzvü seçilib.
Ailəlidir, 2 övladı var.

Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov 1959-cu il may ayının 20-də Kürdəmir rayonunun Pirəköçə kəndində anadan olub. 1981-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, 1987-ci ildə Bakı Sosial İdarəetmə vэ Politologiya İnstitutunu bitirib. İxtisası inşaatçı-mühəndis və politoloqdur.

1981-1982-ci illərdə Kürdəmir rayonundakı 4 saylı “Şirvanmeliosutikinti” trestində mühəndis, 1982-1983-cü illərdə Kürdəmir rayon Partiya Komitəsində təlimatçı, 1983-1986-cı illərdə Kürdəmir rayon Komsomol Komitəsinin birinci katibi, 1986-1991-ci illərdə Azərbaycan KP Kürdəmir rayon Komitəsində şöbə müdiri, 1991-1996-cı illərdə Kürdəmir rayon İcra hakimiyyəti başçısının müavini, 1996-2002-ci illərdə Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı, 2002-2006-cı illərdə Cəlilabad rayon İcra hakimiyyətinin başçısı, 2006-2011-ci illərdə Neftçala rayon İcra Рakimiyyətinin başçısı, 2011-2012-ci illərdə Astara rayon İcra Рakimiyyətinin başçısı vəzifəsində çalışıb.
2012-ci il aprel ayının 14-də Lənkəran şəhər İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Ailəlidir, 3 övladı var.

Şəki rayon İcra hakimiyyətinin başçısı Elxan Usubov 1960-cı il may ayının 26-da Mingəçevir şəhərində doğulub, orta təhsilini də orada alıb. İxtisasca mühəndis-elektrik və iqtisadçıdır. Onlarla səmərələşdirici və elmi təklifin müəllifidir.
Əmək fəaliyyətinə Şəkidə başlayıb, sonralar biznes fəaliyyəti ilə məşğul olub. 2007-ci ilin dekabrından 2011-ci ilin may ayının 23-dək Ağstafa rayon İcra Hakimiyyətinin başçısı işləyib.
2011-ci il may ayının 23-də Şəki rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev  1953-cü il sentyabrın 1-də Ucar rayonunun Məlikumudlu kəndində anadan olub. Azərbaycan Texnologiya İnstitutunu bitirib. İxtisasca texnoloqdur.
1970-ci ildə Göyçay şəhər İstehlak Cəmiyyətində əmək fəaliyyətinə başlayıb. Sonralar müxtəlif illərdə Göyçay Konserv Яavodunda mühasib köməkçisi, Çərəkə kənd istehlakı cəmiyyətində, Qarabaqqal ictimai iaşə müəssisəsində mühasib vəzifələrində işləyib. 1979-1986-ci illərdə Qarabaqqal ictimai iaşə müəssisəsində direktor müavini, direktor, 1986-cı ildə Göyçay şəhər İctimai iaşə müəssisələri birliyində direktor, 1987-1989-cu illərdə Göyçay rayon İstehlak Cəmiyyəti idarə heyətinin sədri, 1989-1991-ci illərdə Baş qiymətlər idarəsinin Göyçay rayonlararası qiymət müfəttişliyində rəis, 1991-1995-ci illərdə Göyçay şəhər təsərrüfat hesablı ticarət idarəsində direktor, 1995-1997-ci illərdə Göyçay rayon 17 saylı çörək zavodunda direktor, 1997-ci ildən isə «Göyçay-çörək» SC idarə heyətinin sədri vəzifələrində çalışıb.

2006-2007-ci illərdə Göyçay rayon İcra Hakimiyyətinin başçısı, 2007-2012-ci illərdə isə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində işləyib.

2012-ci il martın 15-də tarixli Quba rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

2013-cü il avqustun 28-də dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib. 2015-ci il yanvarın 27-də yenidən Göyçay rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 4 övladı var.

 

Quba rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov 1956-cı il dekabrın 14-də Bakı şəhərində dünyaya gəlib. SSRİ Daxili İşlər Nazirliyinin Minsk Ali Məktəbini bitirib. İxtisasca hüquqşünasdır. 1974-cü ildə Azərbaycan SSR Avtomobil Nazirliyinin sənaye müəssisələri idarəsinin “Avtodetal” zavodunda əmək fəaliyyətinə başlayıb. 1975-1977-ci illərdə hərbi xidmətdə olub. 1977-2010-cu illərdə Azərbaycan SSR və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin daxili işlər orqanlarında milis nəfəri, müdavim, əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, cinayət axtarış bölməsinin rəisi, polis bölməsinin rəisi, polis şöbəsinin rəis müavini, polis şöbəsinin rəisi vəzifələrində çalışıb. 2010-cu ilin aprel ayından 2015-ci ilin yanvar ayına kimi Ucar rayon İcra Hakimiyyətinin başçısı işləyib.
2015-ci il yanvarın 27-də Quba rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 1 övladı var.

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov 1960-cı aprelin 1-də Kəlbəcər rayonu Ağdaban kəndində anadan olub. 1987-ci il də Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib.  2009-2012-ci illərdə Azərbaycan prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb. O, 1976-cı ilin sentyabr ayında Kəlbəcər rayonundakı “Ağdaban“ kolxozunda kolxozçu kimi əmək fəaliyyətinə başlayıb. Sonralar Bakı şəhərində və keçmiş Xanlar (hazırkı Göygöl) rayonunda Həmkarlar İttifaqı  Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyətinin sədri, Göygöl rayon idman idarəsinin rəisi, Göygöl rayonu “Məhsul” İdman Cəmiyyətində məşqçi müəllim, Göygöl şəhər 2 saylı tam orta məktəbində müəllim işləyib.
2006-cı ilin oktyabr ayından Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının aparatında çalışıb. Əvvəlcə aparatın İctimai təşkilatlar və siyasi partiyalar şöbəsində böyük referent vəzifəsində çalışıb, 2008-2013-cü ildə Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifəsində işləyib.
2013-cü il martın 4-dən Kəlbəcər rayon İcra Hakimiyyəti başçısı işləyir. Ailəlidir. 2 övladı var.

Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev 1968-ci ildə Lənkəranda doğulub. 2003-cü ildən Lənkəran şəhər İcra Hakimiyyəti başçısının müavini, 2006-cı il martın 13-dən Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifələrində işləyib. Dövlət qulluğunun baş müşaviridir. 2011-ci il iyulun 1-də Ağstafa rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 2 övladı var.

Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev
 1961-ci ildə Sabirabad rayonunun Ulacalı kəndində dünyaya göz açıb. 1988-ci ildə V.V.Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutunu inşaatçı-mühəndis ixtisası üzrə bitirib.

Əmək fəaliyyətinə 1979-cu ildə Sabirabad kolxozlararası tikinti idarəsində fəhlə kimi başlayıb. Sonralar “ŞelfLahiyəTikinti” İstehsalat Birliyinin 1 saylı Tikinti Quraşdırma İdarəsində usta, Azərbaycan Qaçqınlar Komitəsinin Sabirabad rayon 4 saylı SMD-də mühəndis, iş icraçısı, “ŞelfLahiyəTikinti” İstehsalat Birliyinin 1 saylı Tikinti Quraşdırma İdarəsində Plan, iqtisad və əmək haqqı şöbəsinin mühəndisi, “XəzərDənizNeftQazİnşaat” Tresti SMD-də iş icraçısı, sahə rəisi, “XəzərDənizNeftQazİnşaat” Tresti 2 saylı İTQ İdarəsində sahə rəisi, baş mühəndis, “Terminal” MMC-nin direktoru, ARDNŞ-nin “AzərNeftYağ” Neft emalı zavodunda direktorun əsaslı tikinti üzrə müavini, ARDNŞ-nin  “AzəriQaz” İstehsalat Birliyində baş direktorun əsaslı tikinti üzrə müavini, ARDNŞ-nin Xəzər Dəniz Neft Donammasında ümumi məsələlər üzrə rəis müavini, ARDNŞ-nin “Neft Kəmərləri” İdarəsində tikinti və təmir üzrə rəis müavini vəzifələrində işləyib.

2013-cü fevralın 15-də Şamaxı rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. YAP-nın üzvüdür.  Evlidir, 2 övladı var.

Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bu vəzifəyə təyin olunana qədər Salyan və Şəmkir rayon Vergi idarələrinin rəisi olub. Salyanda işləyərkən sahibkarlarla qanunsuz rəftarına görə barəsində prokurorluqda cinayət işi başlanıb. Buna görə də nazir onu Şəmkirə göndərib. Oradan isə Şəmkirin o vaxtkı icra başçısı, hazırda fəxri təqaüdçü olan Aslan Aslanovun təpkisi ilə uzaqlaşdırılıb. Ancaq sonradan Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinə rəis təyin edilib. Sonradan Səbail rayon Vergi İdarəsinə rəis təyin edilib. Bir müddət sonra 2 saylı Ərazi Vergilər İdarəsinə (Sumqayıt şəhəri, Abşeron, Siyəzən, Xızı rayonlarını əhatə edir) rəis göndərilib. Ondan sonra isə Bakı şəhər Vergilər Departamentinə rəis təyin edilib.

2014-cü ilin oktyabrında Şəmkir rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov 1959-cu il oktyabrın 13-də Yevlax şəhərində anadan olub.
1966-1976-ci illərdə M.Ə. Sabir adına 2 saylı şəhər orta məktəbində təhsil alıb.
1976- 1977-ci illərdə Yevlax şəhər 7 saylı Səyyar Mexanikləşmiş dəstədə və Azərittifaqın Yevlax tədarük bazasında fəhlə işləyib.
1977-ci ildə C. İldırım adına Azərbaycan Politexnik İnstitutunun Gəncə filialına daxil olub, 1982 –ci ildə Azərbaycan Texnologiya İnstitutunu bitirərək mühəndis –texnoloq ixtisasına yiyələnib.1982-ci ildə Şəki şəhəri İpək Kombinatında sahə ustası kimi əmək fəaliyyətinə başlayıb. 1982-1984-cü illərdə ordu sıralarında xidmət edib. 1985-1996-cı illərdə Azərittifaqın Yevlax tədarük bazasında tədarükçü, 1996 -2004-cü illərdə Yevlaxdakı “Qafqaz” Kooperativinin sədri işləyib. 2004 -2005-ci illərdə Yevlax şəhər 1 saylı Mənzil Təmir İstismar sahəsinin rəisi vəzifəsində çalışıb. 2005 -2006-cı illərdə Yevlax şəhər icra hakimiyyəti başçısının şəhər təsərrüfatı üzrə müavini, 2006 -2011-ci illərdə Yevlax şəhər icra hakimiyyəti başçısının I müavini vəzifəsində işləyib.
2011-ci il fevralın 18-də Yevlax şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub. 2004-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Evlidir. 2 övladı var.