Başqa ölkələri bilmirəm, bizim ölkədə qəribə bir adət var: bir qalmaqallı, ajiotaj doğuran hadisə baş verəndə hamı olaya görə konkret günahkar axtararkən mütləq kimsə bir oxumuş, gəzmiş, müdrik şəxs ortaya çıxır, məsuliyyəti 9 (bəzən isə 50) milyon həmvətənimizin arasında bölür.
Məsələn, olur ki, bir cinsi azlıq nümayəndəsi cəmiyyətdən dışlanmasına, sürəkli təhqirlərə məruz qalmasına, ailə xoşbəxtliyinə mane olunmasına etiraz olaraq özünü öldürür, üstündən gün keçməmiş bir ziyalı şəxs bəyan edir: “Onu biz öldürdük”.
Adam özündən quşqulanır, fikirləşirsən ki, ey dadi-bidad, bəlkə nə vaxtsa o binəsib gənclə bir audensiyada olmusan və ona kobudluq etmisən, ikrahla baxmısan, bəlkə alçaltmısan, bəlkə hüquqlarını tapdamısan və s. Fikirləşirsən, tapa bilmirsən. Bir az yüngülləşməkdəykən, başqa bir ağıllı və analitik təfəkkürə malik şəxs bu məsələyə dair birinci bəyanat yayanın sözünə qüvvət verir: “Bəli, onu biz öldürdük. Onun günahı hamımızın boynundadır. Biz onu öz laqeydliyimizlə, öz hetereseksual baxışlarımızla, cinsi çoxluq olmağın basqısıyla öldürdük”.
Belə olanda adam lap xəcalət çəkir, normal insan olmasından, cinsi çoxluğa məxsusluğundan utanır.
Yaxud olur ki, bir yazıçı spirtli içkini çox istemal etməsi səbəbindən qaraciyərini becərir və xəstəxanaya düşür. Yenə, türkün sözü, ünlü düşünürlər, bəyan edirlər: “Onu biz serroz elədik”. Bir az araşdırırsan, görürsən, əslində düz deyirlər, yazıçının canı sağ olanda məhz onlar hər gün məclis qurub onu içirdirmişlər.
Elə bilirsən, bu, bir səmimi etirafdır. Amma yox, az sonra məlum olur ki, dostlar özlərini nəzərdə tutmurlar, bütövlükdə cəmiyyəti nəzərdə tuturlar. Guya ki, ədibin çoxlu içməsinə səbəb cəmiyyəti sarmış problemlərmiş, nə bilim, xalqın istedadlı yazarı başa düşməməsiymiş, cürbəcür qlobal-qlobal dərdlərmiş. Yenə fikirləşirsən ki, sən onunla heç vaxt badə yoldaşı olmamısan, ona görə də onun səhhətində yaranan problemlərdə məsuliyyət payın yoxdur. O ki qaldı qlobal dərdlərə, onun da əziyyətini hamı çəkir, yazıçı bu dərd-səri ürəyinə, qara ciyərinə çox salmazdı, canı da salamat olardı.
Xüləs, ölkədə hər nə iş baş verirsə, mütləq onun məsuliyyətini hamıyla bölən adamlar tapılır. Bir zorlama məsələsi istisnadır. Bax, onda heç kim çıxıb zorlanana qahmar durmur, demir ki, “onu biz zorladıq”, əsasən, “onun gecə vaxtı orda nə işi vardı” deyirlər, məsələ bitir.
Budur, Bakıda dəhşətli yanğın baş verib, 15 nəfər həlak olub, dövlət büdcəsi zərərə düşüb, insanlara maddi ziyan dəyib, cəmiyyət psixoloji travma alıb. Hazırda hamı günahkar axtarır və konkret günahkarlar da ortadadır. Sadəcə, yaxalarından yapışıb ortalığa çəkmək lazımdır.
Ancaq yenə də o yanğına görə məsuliyyəti 9 milyon nəfərin üzərinə şələləmək təşəbbüsləri var. Məsələn, məşhur jurnalist Mirşahin yazır:
“Bu evin üzü qaradır. Onu biz yandırdıq. Bəzən laqeydlik, bəzən yola ver getsinlik, bəzən, diqqətsizlik, bəzən rüşvət hesabına nələrəsə göz yummaq, bəzən səhlənkarlıq, bəzən məsuliyyətsizlik və bütün bu səbəblərin hamısının cəmi ilə”.
Stop, qardaş, stop. O evi mən yandırmamışam. Bu xüsusda laqeydlik etməmişəm, nəinki bəzən, hətta heç vaxt “yola ver getsin” fəndinə əl atmamışam, rüşvət hesabına nələrəsə göz yummamışam, səhlənkarlıq etməmişəm, məsuliyyətsizliyə yol verməmişəm. Mən, eləcə də səkkiz milyon doqquz yüz doxsan doqquz min insanın o binanın yanmasında heç bir rolu yoxdur.
Diqqətsizliyi də 3-5 yüz adam edib, səhlənkarlığı da, laqeydliyi də. Rüşvəti isə 3-5 adam alıb, elə “yola ver getsin”i də onlar deyiblər. Onları tapıb ortalığa çıxarmaq çətin deyil. Hamısının adları, soyadları, iş yerləri, ev ünvanları bəllidir. Tutursan, deyirsən, cavab ver.
Yoxsa “ay hamımız günahkarıq”, vay, “o binanı biz yandırdıq”, oy, “o yanğına görə hamımız məsuliyyət daşıyırıq” , bunlar boş sözlərdir. Bu cür davam eləsə, bir də görəcəyik ki, dəhşətli yanğına görə tutulub 10 il məhbəsdə yatmalı olan adam durub onu ittiham edənlərə deyir, məni mühakimə etməyə haqqınız yoxdur, bu işdə hamınız günahkarsınız, budur, Mirşahin də şahiddir.