Və yaxud Ərdoğana “avtoritar” demək caizmi?..
Bir çoxları Türkiyədən söz düşən kimi “Bir millət – iki dövlət” ifadəsini ortaya atır. Guya ictimai-siyasi həyatı çoxdan ölgünləşmiş Azərbaycanla daxili həyatı daim qaynayan, dinamikada olan, vətəndaşı özünü vətəndaş kimi hiss edən Türkiyə arasında ciddi bir fərqimiz qalmayıb.
Ancaq ağıllı əksəriyyət çoxdan fərqindədir ki, hazırda Azərbaycanla Türkiyəni birləşdirən tək gerçəklik millət olaraq yalnız bioloji yaxınlığımız, dil, din ortaqlığımızdır. Qalan məsələlərdə oxşarlıq, ortaqlıq, eynilik, hələlik qardaş Türkmənistan və Özbəkistanla daha böyükdür, nəinki qardaş Türkiyə ilə.
Sözçülükdə qınanmayaq deyə, bu da sizə təptəzə fakt: bir neçə gün öncə prezident Rəcəb Tayyib Ərdoğanın mayın 29-a, Adananın baş meydana təyin olunmuş mitinqinə yerli rəhbərlik icazə verməyib. Şəhərin Seyhan rayonunun seçki komissiyası Adana valiliyinin prezidentin mitinqi ilə bağlı rəsmi müraciətini rədd edib.
Məlumatda deyilir ki, seçki komissiyası öz qərarını həmin gün Adanada Vətən Partiyasının seçkiqabağı mitinqinin keçiriləcəyi ilə izah edib. Adana bələdiyyəsinin sədri Hüseyn Sözlü isə bildirib ki, Konstitusiyaya əsasən prezident tərəfsiz olmalıdır. “Seçki ərəfəsində hörmətli prezidentin Adanaya gəlib mitinq keçirməsi onun tərəfsizliyinə kölgə salar. Seçkidən sonra gəlsə, onu çox isti qarşılayarıq” – bildirib o.
Necədi? “Prezidentin əlinin üstündə əl ola bilməz” deyiminin populyar olduğu Azərbaycanda bəziləri buna necə baxır görəsən? Sən demə, prezidentin də “əlinin üstündə də əl” olarmış. O əlin adı – hüquqdur, qanunun aliliyidir. Qanun qarşısında legitim prezidentdən tutmuş, sıravi vətəndaşa kimi hamının bərabərliyidir – hüquqi dövlətin əsas atributu da zatən, budur.
İndi cənab Ərdoğan da qanunun aliliyinə tabe və sayğılı olmasaydı, hansısa balaca bir şəhərin bələdiyyə sədri dövlət başçısı kimi onun mitinqini yasaqlaya bilərdimi? Azərbaycanda, Orta Asiya respublikalarında, Rusiyada, Ermənistanda, Şimali Koreyada belə şey mümkünmü? Qətiyyən. O zaman Ərdoğana avtoritar deyənlər insaf ölçüsünü aşmırmı?..
*****
Mən Ərdoğanın fanatı deyiləm. Bir siyasətçinin 8-10 ildən artıq dövlət hakimiyyətinin başında qalmasına da bütün normal insanlar kimi, yaxşı baxmıram. Çünki qədərindən çox hakimiyyət istər-istəməz şəxsiyyətə pərəstiş və müəyyən adamların toxunulmazlığı mühiti yaradır, ölkədə tənqid və iqtidardakıların özünütənqid atmosferi, şəffaflıq zəifləyir, ən betəri, bu fonda iqtidar partiyası haqda ölkənin və millətin təhlükəsizliyini təhdid edən “əvəzolunmazlıq” mifi peyda olur.
Yalnız bir halda eyni qüvvənin hakimiyyət ömrü qismən uzun sürə bilər fikrimizcə – əgər seçkilər demokratik keçirilirsə, səsverməyə, xalqın iradəsinə hiylə qatılmırsa. Məsələ də ondadır ki, demokratik seçkilər məhz ölkədə sağlam tənqidi mühit, plüralistik ab-hava qaldığı halda mümkündür. Yəni harada ki, beynəlxalq təşkilatların qəbul elədiyi azad və ədalətli seçkilər keçirilir, orada avtoritar idarəçilikdən danışmaq yersizdir – eyni qüvvə qədərindən çox ölkə sükanı arxasında olsa belə.
Türkiyədəki seçkilər isə demokratik şəraitdə keçirilir. Deməli, Ərdoğanı avtoritar adlandırmaq caiz deyil, ola bilməz. Türkiyə elektoratı hələ ki, onu və partiyasını iqtidarda görmək istəyir. Qarşıdakı 7 iyunda necə olacaq, 12 illik “tilsim” sınacaqmı? Yenə son sözü xalq deyəcək, Azərbaycandakı kimi, Mərkəzi Seçki Komissiyasının sədri yox.
“Bir millətin iki dövləti” arasında ən böyük fərq də budur!