Kabinetə girib kresloda yerimi rahatladım (ax, necə də möhtəşəm səslənir), dedim, usta, saçımı qaydasına sal, toya gedirəm. Usta dedi, yaxşı ki, yarım saat tez gəlmisən, yoxsa mən də toya gedirəm, özü də iki toya, biri Cəngidədir, biri Güzdəkdə. Standart cavab: “Təki həmişə toy olsun”.
Zöhrab usta ilk dəfə 15 il öncə qırxdığı saçımla indikinin gurluğu, seyrəkliyi arasındakı fərqi sözarası qeyd edərək məlumat verdi ki, dünən də toyda olub, hələ sabah da olacaq. Sonra o, soruşdu: “Nə məsələdir, müəllim, əvvəllər mayda toy olmazdı, indi mayda toy-toyun belindədir”.
Dedim ki, usta, bu haqq-hesab Avropa Oyunları ilə bağlıdır, iyunda baş qarışıq olacaq, ölkəmizə on minlərlə idmançı, on minlərlə turist gələcək, toy karvanları şəhərdə tıxac yaratsa, qonaqların yanında biabır olarıq, ona görə də iyuna təyin olunmuş toyları maya keçiriblər.
Usta prinsipcə bu islahatın texniki-iqtisadi əsaslandırması ilə razılaşdı. Mən də dübarə söylədim ki, bizim üçün nə fərqi var, onsuz da ilin 3-4 ayı toy-şənlik yasağı olur, mayda toy olmaz, Ramazanda olmaz, Məhərrəm ayında olmaz, Səfərdə olmaz, qoy bir il də iyunda toy olmasın.
Zöhrab bu tutarlı arqumentlə də razılaşdı, dedi, hə, iyundakı toyları maya salmaqla heç kəsə heç nə olmaz, əslinə baxsan, elə toy üçün ən yaxşı ay maydır, sərin aydır, kondisionerə də ehtiyac olmur. Mən də bu mülahizə ilə razılaşdım.
Saç kəsimi bu cür qarşılıqlı anlaşma və səmimi dostluq şəraitində davam edərkən usta əlini işdən ayırmadan soruşdu: “Müəllim, Bakını bildik, Avropa Oyunları burda olacaq, bəs rayonlarda da iyunda toy olmaz?”
Düzü, bu barədə səhih məlumata malik deyildim, amma məntiqlə çıxış edərək dedim, niyə olmur, bu yasaq Bakıya, paytaxta aiddir, yəqin ki, rayonda evlənənlərə bir söz deməzlər. Belə dedim və ürəyimdə fikirləşdim ki, gerçəkdən də, Avropa Oyunlarının Yardımlıdakı (yaxud Zərdabdakı) sevən gənclərin vüsala yetmək, həsrət fərağına son qoymaq təşəbbüslərinə nə kimi maneçiliyi ola bilər ki.
Usta bu yerdə əlini bir neçə saniyə saxlayıb ani düşüncəyə daldı və dedi ki, elədirsə, bəs bu Cəngidəki, Mərəzədəki qohumlar niyə belə basabas salıblar, heç vaxt mayda toy eləməzdilər, amma may girəndən hər gün toydur.
Dedim, ola bilər, Avropa Oyunlarında iştirak edən idmançılar, məsələn, velosipedçilər Mərəzədən, Cəngidən keçərək veloyürüş-zad edəcəklər, o üzdən mərəzəlilərə deyilib ki, iyunda xeyir işiniz varsa, maya keçirin.
Usta çiynini çəkdi, heç nə demədi, sonra əlavə etdi ki, Cəngidəki toya pul göndərəcək, Güzdəkdəkinə gedəcək. Niyəsini soruşdum: “Cəngidə toy yaxşı keçmirmi?”
Zöhrab usta dedi: “Yox, yaxşı keçir, əla yemək-içmək verirlər. Amma bir minusları var ki, toyun axırında mütləq dalaşırlar. Özü də oynamaq üstdə. Bu deyir, mən oynamalıyam, o biri deyir, yox, mənim havamdır. Dava düşür. Hər dəfə nə qədər adam döyülür, bıçaqlanır. Qonaq-qara da demirlər, tutub çırpırlar”.
“Sən Güzdəkdəki toya get, usta, nə olar, nə olmaz”, dedim və razılaşma əldə olundu.
Bu sətirləri yazmaqdaykən görürəm 10-14 saat əvvəl elektron ünvanıma dostlardan mesajlar gəlib və görmədiyim üçün cavab yazmamışam, onlara izahat verirəm ki, bəs toydaydım, ona görə cavabı gecikdirirəm. Xaricdə yaşayan dostlardan biri soruşur ki, iyundakı toyların kütləvi şəkildə may ayına keçirilməsi xəbəri doğrudurmu? Təsdiqləyirəm. “Yəni qadağandır də, iyunda toy olmayacaq”. “Olmayacaq”.
“Axı mənim əmioğlumun toyu iyunun 7-dədir”. “Yəqin toy yiyəsi qadağadan xəbərsizdir”. “Yox, ola bilməz, o dövlət məmurudur, bilməməsi mümkün deyil”. “Onda bu qadağa məmurlar üçün deyil, qara camaat üçündür”.
İndi fikirləşirəm ki, bu ölkədə başqa qanunlar, yasaqlar adi adamlar üçün olduğu kimi, yəqin “iyunda toy olmaz” qadağası da möhürlü adamlar üçün deyil, onlar iyunda oğul evləndirib, qız köçürə bilərlər.
Xüləs, təki toy olsun. Amma bu iyunda, iyulda yasaq olunmuş toyların bir yarısının səsi yenə oktyabrda gələcək. Özü də xorla.