“Ata! İndi gördün yer deşiyindən necə pul çıxar? İndi sən əyləş burada, nə qədər kefindir istirahət elə. Gələn mədaxildən ayda əlli manat sənin məvacibin. Qalan pulların hamısı mənə çatacaq. İndi görüm Hacı Rəsul oğlu kimi adamlar qabağımda necə duracaqlar” (Əbdürrəhim bəy Haqverdiyev, “Pir” hekayəsi)
Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanq yoldaş durub vətənimizə səfərə gəlibdir, buna görə ona dərin minnətdarıq. Çünki bu saat ölkəmizə xaricdən kim gəlsə bizim üçün mənfəətdir. Biz uşağı hamamda yatızdırıb evin ən yaxşı otağını qonağa ayıran millətik, qonaqpərvərlik bizim genimizdədir. Bizdə vaxtilə hətta Qonaqkənd adında rayon da olmuşdur, AXC-Müsavat cütlüyü tərəfindən ləğv edilməsə indiyəcən Qubanın yanında cağbacağ dururdu.
Ümumiyyətlə cəbhəçilər ağ eləmişdilər, götürüb hətta 9 mayı ləğv etmişdilər, xalqımız 8 maydan birbaşa 10 maya keçirdi. Səyavuş Novruzovu isə “Zəngi” litseyində güləş müəllimi qoymuşdular, az qalırdı xalqımızın gələcək deputatının, hüquq elmləri doktorunun qulaqları sınsın. Halbuki, bəzi yaşayış məntəqələrimizdə gənc oğlanların qulağını sındıran xüsusi sexlər fəaliyyət göstərir. Belə olanda gənclər güləşçiyə oxşayırmışlar.
Yeri gəlmişkən, son günlər kredit-maliyyə xəyanətlərinə görə xeyli bankir-minkir tutulub dərilərinə saman təpilibdir, hörmətli oxucularımızdan Şəmsəddin bəy isə sual edir ki, niyə Səyavuş Novruzovun səsi gəlmir. Doğrudan da belə tuthatut-zad olanda adətən Səyavuş müəllimin dərin analizləri ilə rastlaşırdıq, indi isə elə bil deputatın yaşadığı gölə daş atılmışdır. Belə olmaz. Dövlət siyasətinə dəstək vermək lazımdır. Yoxsa elə çıxır sən özün də kreditdən müəyyən qədər basıb yemisən.
Qayıdaq Qanq Donq müəllimin səfalı səfərinə. Hazırda uca millətimiz düşünür ki, görəsən Vyetnamla Azərbaycanı nə birləşdirir? Açığı, mən özüm nə qədər fikirləşdimsə 90-cı illərin əvvəlində AZİ-də oxuyan dostum Nquyen Van Pinq kimi tələbələrdən başqa yadıma bir zad düşmədi. Vyetnam mazı, üstəgəl donmuş panqasius balıqları – vəssalam, şüttəmam. Qabaqdan yay gəlir, ola bilsin gənclərimiz üçün “vyetnamka” şəpitləri idxalı vacib olacaqdır. Bizim iqtisadi əlaqələrimiz bundan ibarətdir. Bir də sovetin lap qədim dövrlərində bizdən məktəbdə qəpik yığıb marka satırdılar, deyirdilər bu pullar Vyetnama yardım üçündür. Yəni, hazırkı Vyetnam prezidenti Çanq Dunq müəllimin mənim 3-cü sinifdə boğazımdan kəsib verdiyim kökə pulumla böyüdüyünü tam şəkildə iddia eləmək haqqım vardır. Halal xoşu olsun, nə deyək. Hər halda qanacağı çatıb ki, unutmayıb, qonaq gəlib.
Amma bunlar görünən şeylərdir, geopolitik baxımdan daha dərin səbəblər var. Son dövrlər bizim Amerika Birləşik Dövlətləri əleyhinə apardığımız dövlət kampaniyasının sorağı Hanoya (ümummilli lider Ho Şi Min müəllimin adını qoymayıblarsa vaxtilə Vyetnamın paytaxtı bu cür adlanırdı) çatmışdır. Vyetnamlılar amerikalıların atdığı napalm bombalarını unutmayıblar, qan yaddaşı deyə bir şey var axı, o üzdən durub gəliblər Azərbaycana.
Hazırda dünyada anti-Amerika bloku formalaşmaq üzrədir, bunun liderləri isə Azərbaycan, Vyetnam və Burundi olacaqdır. İnşallah, Con Kerrini Arizona dağlarında gizləndiyi mağaradan çıxardıb gətirəcəyik, bu məqsədlə Zakir müəllimin göndərdiyi “dəniz məstanları” alayımız hazırda Florida çimərliklərində sahilə yan almağa çalışır. Sadəcə, boş yer tapa bilmirlər – hamısı bizim hakimiyyətdəkilərin villaları imiş.
Şair necə gözəl deyibdir: “Bir millət, iki napalm, Azərbaycan-Vyetnam!”. Yazını elə bu xoş avazla bitirirəm.
Zarafat edirəm, hələ yerimiz var. Burundi niyə bizim antiamerika koalisiyamıza qoşulub, onu da deyim. Adı bizə çox şirin, doğma olan Burundi Afrikada bir dövlətcikdir. Onun prezidenti Pyer Nkurunziza müəllim 2 dəfə prezident olmaqdan doymayıb 3-cü dəfə olmaq istəyəndə xalq narazıçılıq elədi, üsyan qalxdı, qırğın düşdü. Son məlumata görə hərbçilər dövlət çevrilişi edib prezidenti qonşu meşəliyə qovublar. Amerika isə bu qarışıqlıq düşəndə demişdi Burundiyə sanksiya qoyacağıq, nə üçün Kukuruz müəllim 3-cü dəfə prezident olmaq istəyir? Heç dəxli var? Sizə nə? Burundi suveren, müstəqil, öz yolu ilə gedən dövlətdir. Riçard Armitac ölüb bəyəm, belə sarsaq bəyanatlar verirsiniz?
Açığı, Armitaca görə narahat oldum.