Bu gün prezident Ayaz Mütəllibovun vəzifəsindən ikinci dəfə uzaqlaşdırıldığı gündür. AXC-nin həyata keçirdiyi bu üsyanın 23-cü ildönümüdür. 20 gündən sonra isə AXC iqtidarının özünə qarşı təşkil edilmiş qiyamın 22-ci ildönümü olacaq.
Üsyan, qiyam, çevriliş, devrilmə… Uzun illər öncə bu terminlər gündəlik leksikonumuza daxil idi. Bu gün də dilimizdədir. Hələ də üsyanlardan, qiyamlardan danışırıq.
Türkiyədə 35 il öncə həyata keçirilmiş ən böyük hərbi çevrilişin baş adamı Kənan Evrenin bu günlərdə ölməsiylə əlaqədar bu kimi istilahlardan istifadə intensivləşib.
Üstündən uzun illər keçəndən sonra qiyama, çevrilişə daha soyuqqanlı və obyektiv qiymət vermək olur. İsti-isti mümkün deyil. Siyasi ehtiraslar ədalətli olmağa imkan vermir.
Budur, Kənan Evren 98 yaşında, ömürlük həbsə məhkum edilmiş halda öldüyündə belə onun törətdiyi əmələ emosional reaksiyalar verildi, ona lənət oxundu, dəfni zamanı dini ayin icra edilərkən xoşagəlməz replikalar (“haram olsun, haqqımızı halal etmirik” və s.) səsləndi, köhnə sandıqlar açıldı, qanlı pambıqlar töküldü, küçələrdə qol götürüb oynayanlar, Evrenin ölümünü bayram edənlər oldu.
4 iyun qiyamını həyata keçirən Surət Hüseynov öləndə də elə olacaq.
Türkiyə xalqı Kənan Evreni ona görə bağışlaya bilmədi ki, o, milyonlarla insanın taleyini şil-şikəst etmişdi. 1980-ci ildən sonra yüz minlərlə adam işgəncə maşınından keçirilmiş, məhbəslərə salınmışdı, mindən artıq adam məhkəmə qərarı ilə və ya işi məhkəməyə yetişmədən öldürülmüşdü, yüz minlərlə şəxs işlərindən qovulmuşdu və sair və ilaxır.
4 iyun qiyamının nəticələri bundan ağır deyildi. Amma bu xalq da 4 iyun qiyamında Prezident Qvardiyasının igid əsgərlərinin namərdcəsinə qətlə yetirilməsini, qiyamdan dərhal sonra Qarabağ rayonlarının bir-biri itirilməsini, təcrübəsiz və saf hakimiyyətin yerində korrupsiyaya və mahalbazlığa dayanan rejimin bərqərar olunmasını Surət Hüseynova bağışlamayacaq.
Kənan Evrenin özünə bəraət qazandırmaq üçün müəyyən əsasları vardı, sonrakı illərdə deyirdi ki, ordu mülki hakimiyyəti qəsb etməsəydi, Türkiyə dağıla, yad ideologiyalarla işğala məruz qala bilərdi. Bu məsələdə o haqlıdır.
1980-ci ildə beynəlxalq vəziyyət olduqca gərgin idi. ABŞ və SSRİ-nin rəhbərlik etdikləri kapitalizm və sosializm düşərgəsinin arasında gərginlik son həddə dirənmişdi. Hər iki tərəf öz regionundakı ölkələrdə hərbi-siyasi çevrilişlər təşkil edirdi.
Əfqanıstan SSRİ tərəfindən işğal olunmuşdu. İranda islam inqilabı baş vermişdi və minlərlə sovet tankı Araz boyunca sərhəddə durub İrana müdaxilə etmək üçün işarə, çağırış gözləyirdi. Nikaraquada kommunistlər uğurlu partizan müharibəsi apararaq hakimiyyəti götürmüşdülər. Kambocada sosialist inqilabı həyata keçirilmişdi. Polşada “Solidarnost” təşkilatı kommunist rejiminə dirəniş göstərmişdi və Polşada iplər qopmuşdu. Misirdə prezident Ənvər Sadat sui-qəsd nəticəsində öldürülmüşdü, yerinə Hüsnü Mübarək keçmişdi.
Bir sözlə, dünyanın qarışıq vaxtıydı, SSRİ hərbi-siyasi çevrilişlərlə dünyanı sosialistləşdirmək əzmindəydi. Belə bir zamanda Türkiyədə kommunist hərəkatı heç vaxt olmadığı qədər vüsət almışdı. Hazırda türklər özləri də etiraf edirlər ki, ölkə sağ-sol ideolojisinə tapınan gənclərin savaş meydanına çevrilmişdi və hər gün siyasi zəmində baş verən qovğalarda onlarla adam öldürülürdü, ölkəni xaos bürümüşdü. Belə bir zamanda hansısa qüvvə vəziyyətə nəzarəti götürməliydi və tarixi missiya ordunun, Kənan Evrenin boynuna düşdü.
O, Türkiyəni siyasi xaosdan qurtardı, amma iqtisadi xaosa sürüklədi, regional təhlükəsizliyini təmin etdi, ancaq beynəlxalq nüfuzuna zərbə vurdu, xalqın bir-birini qırmasının qarşısını aldı, amma özü qırdı. Sadəcə, Kənan Evren nə qədər ədalətsizliyə, qəddarlığa, qansızlığa yol versə də, bir şeyi etmədi: xalqın sərvətini oğurlamadı, yaxınlarına, övladlarına milyardlar toplamadı, hakimiyyətdən beş əlli yapışmadı, zamanı gələndə yerini mülki hakimiyyətə ötürüb təqaüdə getdi.
Türkiyənin Pinoçetinin axırı lap pis gəldi, uzun yaşadı və urvatsız dəfn edildi.
Surət Hüseynov isə hakimiyyətə urvatsız gəldi, urvatsız işlədi, rüsvayçılıqla qovuldu, biabırçılıqla qonşu ölkədən alınıb ölkəyə gətirildi, mühakimə edildi, indi də bir tərəfdə şan-şöhrətsiz ömür sürür. Ancaq onun önündə hələ iki mühakiməsi var. O da Gəncədə öldürülən insanlar üçün nə vaxtsa cavab verəcək. Bir də son mənzilə “haram olsun” sədaları ilə gedəcək.